Məhkəmə qərarları › İş №1(073)-114/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-114/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-114/2023 16.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1388/2022 saylı qərarı ilə 2 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 02 (iki) günü vaxtından əvvəl şərti azad edilmiş, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,814 qram narkotik vasitə heroin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin mart ayının 7-də saat 19:30-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, Mehdi Hüseyn küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,814 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində anası ilə birlikdə yaşamış, 2021-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ona 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası verilmiş, amnitsiya qərarına əsasən isə həmin cəza 6 ay azaldılmışdır. 27 dekabr 2022-ci il tarixdə cəzası başa çadtığı üçün cəzaçəkmə müəssisəsindən yaşadığı evə gəlmişdir. Cəzaçəkmə müəssisəsindən gələndən sonra da bəzi vaxtlarda narkotik vasitə olan heroini kağızın arasında yandırıb tüstüsünü qəbul etmişdir. 06 mart 2023-cü il tarixdə axşam üstü yaşadığı evin küçəsindən piyada keçib gedərkən yerdə sellofan büküm olduğunu görüb həmin bükümü yerdən götürmüş və açıb baxdıqdan bükümün arasında narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitə heroin qəbul etdiyi üçün həmin heroini sonra özü qəbul etmək üçün əynində olan idman şalvarının sol yan cibinə qoymuş, lakin həmin heroini qəbul etməmiş və cibində qalmışdır. 07 mart 2023-cü il tarixdə saat 19:30 radələrində yaşadığı evin küçəsində piyada getdiyi vaxt heroin də əynindəki idman şalvarının sol yan cibində olmuş, həmin vaxt 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını demişlər. Həmin polis əməkdaşdarı ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet olub-olmadığını soruşmuşlar, o da cibində narkotik vasitə heroin olduğunu, həmin heroini bir gün əvvəl küçədən tapdığını və özü qəbul etmək üçün üzərində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq müdafiəçisinin iştirakı ilə video çəkliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. O da əynində olan idman şalvarının sol yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini bir gün əvvəl yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək heroini çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi sellofan bükümü açıb baxmışlar, sonra elektron tərəzidə çəkib zərfə qablaşdırmışlar və zərfin ağzı möhürlənmiş, üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi bir büküm heroindən başqa onun üzərindən hər hansı bir narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bununla əlaqədar polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində yaşlı və xəstə anası var. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O daxil olmuş məlumatı 07 mart 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə edərək sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmiş və qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 19:30-da Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hüseyn küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində heroin olduğunu bildirmiş, onlar da Elşəni polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sol yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini 06 mart 2023-cü il tarixdə yaşadığı evin küçəsindən yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını bildirərək, bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qablaşdırılmış, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamış, zərfin ağzı möhürlənmiş, təhqiqatçı Samir Musayev tərəfindən qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 08 mart 2023-cü il tarixli, 19/272 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,814 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf olundu 0,05 qr., qalıq 0,764 qr). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 411 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan sosial müavinət və təqaüd barədə məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup əlildir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 07 mart 2023-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İşdə olan tələbnamədən və sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlət Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-1388/2022 saylı qərarı ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 02 (iki) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 411 saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu müəyyən edilsə də, Təqsirləndirilən şəxs İİİ qrup əlil ooduğundan narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3-cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuş əlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,764 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 2 (iki) günü qismən birləşdirməklə, ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 07 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,764 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar