Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-118/2023 05.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 2001-ci ildə Cəlilabad rayonunun Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Təklə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə saat 14 radələrində Cəlilabad rayonu, Təklə kəndində yaşadıqları evdə qardaşının arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə münaqişəsi zəmnində yaranmış mübahisə zamanı əli ilə sonuncunun sifət və bədənin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sol göz yuvası ətrafında qançır, sol gözün ağlı qişasına yayılmış qansızma xəsarətləri ilə nəticələnən sağlamlığına yüngül zərər vurmaya aid və sol sargı, sol bud və sağ baldır nahiyəsinə qançır xəsarətləri ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafedici ifadəsindən əlavə, işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qardaşı Şahid arvadıdır. Qardaşı ailə qurduqdan sonra birlikdə Cəlilabad rayon Təklə kəndində olan ata evində yaşayırlar. 12 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmışdır. Bundan əsəbiləşərək əli ilə onun sol göz nahiyyəsinə və bədəninin müxtəlif nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə qısa müddət ərzində baş vermiş, hadisə zamanı orada başqa heç kim olmamışdır. Qardaşı Şahid evə gəldikdən sonra arvadı ilə onun arasında dava-dalaş olduğunu bildikdən sonra arvadı Zərərçəkmiş şəxs avtomobilinə əyləşdirib, onun valideynlərinin yaşadığı Cəlilabad rayon Soltankənd kəndinə aparmışdır. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şahid onun əri, Təqsirləndirilən şəxs isə qaynıdır. Şahidlə 2023-cü ilin mart ayının 19-da ailə qurmuşdur. Ailə quirduqdan sonra Şahid Cəlilabad rayonu Təklə kəndində olan ata evində yaşamağa başlamışlar. Onlarla birlikdə həmin evdə Şahid qardaşı Təqsirləndirilən şəxs də yaşayır. 12 may 2023-cü il tarixdə günorta saatlarında yaşadığı evdə olan zaman qaynı Təqsirləndirilən şəxs onunla mübahisə edərək, əli ilə onun sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Sonradan həyat yoldaşı Şahid yaşadığı evə gələrək onu həmişəki kimi günahlandırmış və avtomobilinə əyləşdirib valideynlərinin yaşadığı Cəlilabad rayonu Soltankənd kəndinə aparmışdır. 13 may 2023-cü il tarixdə Cəliabad rayon polis şöbəsinə gələrək bununla bağlı ərizə ilə müraciət etmişdir. Hadisə qısa müddət ərzində baş vermiş və hadisə zamanı orada başqa heç kim olmamışdır. Hal-hazırda qaynı Təqsirləndirilən şəxslə barışmamış, məhkəmədən ona qanuni cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2023-cü ilin mart ayının 19-da ailə qurmuşlar. Ailə qurduqdan sonra birlikdə Cəlilabad rayonu Təklə kəndində olan ata evində qardaşı Təqsirləndirilən şəxslə birlikdə yaşayırlar. 12 may 2023-cü il tarixdə axşamüstü yaşadığı evə gələndən sonra qardaşı Təqsirləndirilən şəxs əli ilə arvadı Zərərçəkmiş şəxs arasında mübahisə olduğunu, qardaşı Təqsirləndirilən şəxs əli ilə arvadı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə vurduğunu bilmişdir. Bundan sonra avtomobili ilə arvadı Zərərçəkmiş şəxs valideynlərinin yaşadığı Cəlilabad rayonu Soltankənd kəndinə aparıb, geri qayıtmışdır. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 16 may 2023-cü il tarixli 322 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol göz yuvası ətrafında qançır, sol gözün ağlı qişasına yayılmış qansızma, sol sağrı, sol bud və sağ baldır nahiyyəsində qançırlar müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 12 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sol göz yuvası, ətrafındakı qançır və sol gözün ağlı qişasına yayılmış qansızma vahid kompleks təşkil edir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-118/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-118/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver