Məhkəmə qərarları › İş №1(073)-120/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-120/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-120/2025 29.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxx 2003-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2zırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs dini fanatizm zəminində ölkə ərazisində dünyəvi dövlət quruluşunun zor tətbiq etməklə dini quruluşla əvəz edilməsi məqsədilə yaşadığı Cəlilabad rayonunda istifadəsində olan +994 55 835 07 90 mobil telefon nömrəsindən internet şəbəkəsinə qoşularaq “Telegram” sosial şəbəkə platformasında “Baku_10” (t.me/Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesabından həmin sosial şəbəkədə idarəçisi olduğu “Müqavimətin səsi” (t.me/ansar_ulmahdi313) adlı kanalında 05 aprel 2025-ci il tarixdə saat 09:56 və 13:23 radələrində vahid niyyətlə müvafiq olaraq “X9!” və “Boykot” başlıqları altında dini radikal mübarizəyə çağıran, insanlarda Azərbaycan dövlətinə qarşı nifrət yaradılmasını təşviq edən aşkar surətdə qeyri-məhdud şəxslər dairəsinə yönəlmiş dini məzmunlu müraciətlər paylaşıb bir qrup Azərbaycan Respublikası vətəndaşlarının toplaşıb güc tətbiq etmələri və digər qanunsuz kütləvi hərəkətlər törətmələri üçün ölkə ərazisində hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən dövlət əleyhinə açıq çağırışlar etməklə bu cür məzmunlu materialları sosial şəbəkədə yaymışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, xx xxxxxx 2003-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, orta təhsilini Cəlilabad şəhərində yerləşən 3 saylı orta məktəbdə almış, lakin orta təhsilini tam başa vurmadan 9-cu sinifdən çıxmışdır. 2021-2022-ci illərdə Goranboy rayonunda dislokasiya olunmuş Müdafiyə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçmiş və hərbi xidmətini başa vurduqdan sonra yaşadığı Cəlilabad şəhərinə qayıtmışdır. Bir müddət Cəlilabad şəhərində yaşamış, lakin iş tapa bilmədiyi üçün təxminən 3 ay sonra Bakı şəhərinə gələrək “Dalğa” mebel sexində qablaşdırıcı kimi çalışmağa başlamışdır. 2025-ci ilin mart ayının 8-də yenidən Cəlilabad şəhərinə geri qayıtmış və orada çiyələk sahələrində fəhlə kimi işləmişdir. 2023-cü ildə “İnstagram” sosial şəbəkəsində tanış olduğu, Bakı şəhər sakini Şahid1 ilə dini nikah bağlamış və Cəlilabad şəhərinə qayıtdıqdan sonra da Şahid1 özü ilə Cəlilabad şəhərinə gətirmişdir. O, istifadəsində olmuş “Redmi Note 11” markalı mobil telefona 2022-ci il tarixdə “Telegram” mobil tətbiqi yüklədiyini və həmin tətbiqdən istifadəsində olan +**********90 saylı mobil nömrədən “Baku_10” adlı şəxsi səhifə açaraq “kərim_tehrani” istifadəçi adı ilə qeydiyyatdan keçdiyini qeyd etmişdir. “Kərim_tehrani” adı ilə qeydiyyatdan keçməkdə məqsədi isə hakimiyyət əleyhinə radikal dini məzmunlu paylaşımlar etdiyi üçün gələcəkdə hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilməmək olmuşdur. O, “Telegram”-da “Müqavimətin səsi” adlı kanalın admini, yəni idarə edən şəxs olduğunu, kanalın Telegram tətbiqində hamı üçün açıq olduğunu və ora üzv olan hər kəsin paylaşımları görə bildiyini qeyd etmişdir. “Müqavimətin səsi” adlı kanalın digər admini hazırda DTX tərəfindən həbs olunan Əbülfəzl Səricanov ona 2025-ci ilin mart ayının əvvəllərində həmin kanalda idarəçilik, yəni adminlik vermişdir. Bundan başqa o, kanalın əvvəlki adının “ansar_ulmahdi313” olduğunu, lakin Əbülfəzl həbs olunduqdan sonra kanalın adını dəyişərək “Müqavimətin səsi” etdiyini qeyd etmişdir. Əbülfəzl onun digər kanallarda aktiv hakimiyyət əleyhinə radikal dini məzmunlu paylaşımlar etdiyini görüb həmin kanalda ona admin kimi fəaliyyət göstərməyi təklif etmiş, o da Əbülfəzlin təklifi ilə razılaşmışdır. O, Əbülfəzl ilə heç bir şəxsi tanışlığının olmadığını, sonuncu ilə münasibətinin sadəcə sosial şəbəkələr üzərindən olduğunu qeyd etmişdir. Əbülfəzl həbs olunduqdan sonra kanalda admin kimi o, paylaşımlar etmişdir. Əbülfəzlin onun paylaşımlarına heç bir aidiyyəti olmamışdır. O, admini olduğu “Müqavimətin səsi” adlı kanalda “Baku_10” adlı profili vasitəsilə 05 aprel 2025-ci il tarixdə saat 09:56-da “X9!” və eyni tarixdə saat 13:23-də “Boykot” başlıqları altında müraciətlər paylaşmışmışdır. “X9!” başlıq altında paylaşdığı müraciətində Şiə məzhəbindən olan dindarların hakimiyyət nümayəndələrinə qarşı “cihad”a qalxaraq mübarizə aparmalarına çağırışlar etmiş, “Boykot” adlı paylaşdığı müraciətində də şiə məzhəbindən olan dindarların hakimiyyətə qarşı mübarizə üçün iş yerlərini tərk etmələri, “Bravo”, “Bazar store” və “Sea Breze” və hökümətlə bağlı digər yerləri “Boykot” etmələri, həmçinin digər ölkədə yaşayan həmvətənlilərimizin Azərbaycan Respublikasının səfirliyi önündə etiraz aksiyaları təşkil etmələri ilə bağlı müraciətlər paylaşmışdır. “X9!” başlıq altında paylaşdığı müraciət 136 nəfər tərəfindən görülmüş və 4 nəfər isə həmin müraciətə “bəyəndim” işarəsi ilə münasibət bildirmişdir. “Boykot” adlı paylaşdığı müraciət isə 207 nəfər tərəfindən görülmüş və 8 nəfər tərəfindən bəyənilmişdir. Telegram” tətbiqində paylaşımları o, bir niyyət olaraq dövlət hakimiyyəti əleyhinə etmişdir. Həmçinin admini olduğu kanalı, yəni “Müqavimətin səsi” kanalını da o məqsədlə yaradaraq idarə etmişdir. O, bu paylaşımları maddi imkanının zəif olduğundan və ailəsini saxlamaq üçün normal iş tapa bilmədiyindən dövlət hakimiyyət nümayəndələrinə və hüquq-mühafizə orqanlarına narazılığını bildirmək məqsədilə etdiyini qeyd etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxslə tarixi tam dəqiq xatırlamasa da təxminən 2022-ci ilin mart ayında “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş, rəsmi nikahıları olmasa da aralarında dini nikah bağlanmışdır. O, “Telegram” ani mesajlaşma tədbiqində dini nikahda olduğu Təqsirləndirilən şəxs istifadə etdiyi “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçdiyi hesabı vasitəsilə admini olduğu “Müqavimətin səsi” adlı kanalda paylaşımları tək etdiyini qeyd etmişdir. Həmin istifadəçi hesabının parolu onda da olmuşdur. Belə ki, o, Təqsirləndirilən şəxs “Telegram”da kimlərlə yazışmasını nəzarətdə saxlamağı üçün kanalın parolunu sonuncudan almışdır. 03 iyun 2025-ci il tarixdə yoldaşı, yəni Təqsirləndirilən şəxs DTX əməkdaşları tərəfindən saxlanılmışdır. O da Muradın “Telegram” tətbiqində etdiyi paylaşımlara görə saxlandığını anlamış və bu səbəbdən də həyat yoldaşına problem olmaması üçün “Müqavimətin Səsi” adlı kanalda etdiyi paylaşımları silərək kanalın adını dəyişib “Əlqərib” qoymuşdur. Murad həbs olunandan sonra onun maddi imkanı olmadığı üçün məcbur olub mobil telefonunu tanımadığı şəxsə satmışdır. Bundan başqa o, Muradın “Telegram”-da etdiyi paylaşımlara heç bir aidiyyətinin olmadığını, sonuncunun paylaşımları tək etdiyini, hazırda həmin kanala girişinin olmadığını və kodunu unutduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ildən islam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olur. Telegram” ani mesajlaşma tədbiqində bir neçə il əvvəl “Xaliqov...” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. Telegram hesabını açmaqda məqsədi kanallarda olan dini məzmunlu paylaşımları izləmək olmuşdur. təxminən 5 ay bundan əvvəl “Telegram” mobil tətbiqində dini paylaşımlar olan hazırda xatırlamadığı kanalla üzv olduqdan sonra avtomatiq olaraq 20-30 qrupa qoşulub üzv olmuşdur. Həmin kanallardan biri də “Müqavimətin Səsi” adlı kanal olmuşdur. İlk vaxtlarda həmin kanalda o, hədisləri və digər dini məzmunlu paylaşımları izləmiş, lakin sonradan həmin kanalda, yəni “Müqavimətin səsi” adlı kanalda radikal dini məzmunlu paylaşımların və İran meyilli paylaşımların olduğunu görüb həmin kanaldan çıxmışdır. Kanalın admini “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi real həyatda görməmiş, nədə ki, həmin şəxslə sosial şəbəkələr üzərindən hər hansı bir yazışması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təxminən 2014-cü ildən islam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olur. Telegram” ani mesajlaşma tədbiqində təxminən 2018-ci ildə “Fexi Ziyadov” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. Təxminən 6-7 ay bundan əvvəl “Telegram” mobil tətbiqində dini paylaşımlar edən kanallardan biri “Müqavimətin səsi” adlı kanala üzv olmuşdur. İlk vaxtlarda həmin kanalda dini məzmunlu paylaşımlar olsa da, lakin sonradan həmin kanalda dövlət əleyhinə, eləcə də radikal və İran meyilli paylaşımlar olmuşdur. Bu səbəbdən o, həmin kanalda paylaşılan xəbərlərə baxmamış, ara-sıra kanalda paylaşılan “hədisləri” oxumuş, təxminən 1 ay bundan əvvəl də kanaldan çıxmışdır. Kanalın admini “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi real həyatda görməmiş, nədə ki, həmin şəxslə sosial şəbəkələr üzərindən hər hansı bir yazışması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Telegram” ani mesajlaşma tədbiqində təxminən 6-7 aydır ki, “Şahid3” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. Telegram hesabını açmaqda məqsədi “Telegram”da paylaşılan xəbərləri izləmək olmuşdur. Tarixi tam xatırlamasa da, bir neçə ay əvvəl “Telegram” mobil tətbiqində dini kanalları izləyərkən digər kanallara abunə olmaq üçün qarşısına link çıxmış və linkə daxil olduqda avtomatik olaraq 50-yə yaxın kanala avtomatik olaraq qoşulub üzv olmuşdur. Həmin kanallardan biri də “Müqavimətin Səsi” adlı kanal olmuşdur. “Telegram”dan tez-tez istifadə etmədiyi üçün ilk vaxtlarda kanallarda olan paylaşımlara əhəmiyyət verməmiş, lakin sonradan həmin kanalda, yəni “Müqavimətin səsi” adlı kanalda dövlət əleyhinə, o cümlədən radikal dini məzmunlu və İran meyilli paylaşımların olduğunu görüb təxminən təxminən 2-3 ay bundan əvvəl kanaldan çıxmışdır. “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi real həyatda görməmiş, nədə ki, həmin şəxslə sosial şəbəkələr üzərindən hər hansı bir yazışması olmamışdır. Telegram” mobil tətbiqindən ara-sıra istifadə etdiyi üçün, həmçinin həmin hadisələrdən bir qədər müddət keçdiyindən qeyd kanalda olan müraciətləri konkret olaraq xatırlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “Telegram” ani mesajlaşma tədbiqində təxminən 5 il bundan əvvəl “ROVŞƏN” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. Telegram hesabını açmaqda məqsədi “Telegram”da olan maraqlı xəbərlərə, o cümlədən dini mövzular barədə paylaşımları izləmək olmuşdur. “Telegram” mobil tətbiqində dini paylaşımlar olan kanallardan biri “Müqavimətin Səsi” adlı kanala necə üzv olduğunu xatırlamamış, belə ki, “Telegram”-dan tez-tez istifadə etmədiyi üçün ilk vaxtlarda kanallarda olan paylaşımlara əhəmiyyət verməmişdir. Lakin sonradan həmin kanalda, yəni “Müqavimətin səsi” adlı kanal radikal dini məzmunlu paylaşımların və İran meyilli paylaşımların olduğunu görüb təxminən təxminən 1 ay bundan əvvəl kanaldan çıxmışdır. “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi real həyatda görməmiş, nədə ki, həmin şəxslə sosial şəbəkələr üzərindən hər hansı bir yazışması olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2020-ci ilin sonlarından islam dininin şiə məzhəbi üzrə ibadətlə məşğul olur. Telegram” ani mesajlaşma tədbiqində təxminən 1 il bundan əvvəl “Джавидан” istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. Telegram hesabını açmaqda məqsədi kanallarda olan gündəlik paylaşılan xəbərləri izləmək olmuşdur. O, təxminən 7-8 ay bundan əvvəl “Telegram” mobil tətbiqində dini paylaşımlar olan hazırda xatırlamadığım kanalla üzv olmuş, həmin kanala üzv olduqdan sonra qarşısına “link” çıxmış, həmin “linkə” daxil olduqda isə dini paylaşımlar edən təxminən 20 kanala avtomatik olaraq üzv olub qoşulmuşdur. Qoşulduğu kanallardan biri də “Müqavimətin səsi” adlı kanal olmuşdur. “Telegram”-dan tez-tez istifadə etmədiyim üçün ilk vaxtlarda kanallarda olan paylaşımlara əhəmiyyət verməmiş, lakin sonradan həmin kanalda, yəni “Müqavimətin səsi” adlı kanalda radikal dini məzmunlu paylaşımların və İran meyilli paylaşımların olduğunu görüb təxminən 1 ay əvvəl həmin kanaldan çıxmışdır. Kanalın admini “Baku_10” (t/me Kerim_tehrani) istifadəçi adı ilə qeydiyyatdan keçmiş şəxsi real həyatda görməmiş, nədə ki, həmin şəxslə sosial şəbəkələr üzərindən hər hansı bir yazışması olmamışdır. İş materiallarına əlavə olunmuş Dövlət Təhlükəsizliyi Xidmətinin İİ baş idarəsindən ilkin materiallarla daxil olmuş 29 may 2025-ci il tarixli 9-1691 saylı arayışın məzmunundan görünür ki, “Telegram” sosial şəbəkə platformasında “Baku_10” istifadəçi hesabı ilə qeydiyyatdan keçmiş şəxsin - xx.xx.2003-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, AR vətəndaşı, natamam orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs admini olduğu “Müqavimətin səsi” (ansar_ulmahdi313) adlı kanalında xx.xx.2025-ci il tarixdə “X9!” başlığı altında müraciət paylaşaraq şiə məzhəbinə etiqad edən şəxsləri islam dininin müdafiəsinə qalxmağa çağırmış və həmin müraciətində “İmam Hüseynin bayrağını qaldırın”, “Qalxın cihada”, “X2”, “Tarumar Edeceksiz!”, “bu təcavüz və zorbalıqlara son deməyin vaxtıdır!” ifadələrindən istifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bu istiqamətdə fəaliyyətini davam etdirərək eyni tarixdə, yəni xx.xx.2025-ci il tarixdə “Boykot” başlığı altında müraciət paylaşaraq şiə məzhəbindən olan dindarların iş yerlərini tərk etmələri, eləcə də hakimiyyətlə bağlı olan yerləri “Boykot” etmələrinə çağırmış və həmin müraciətində “həmvətələrimiz “Bravo” və digər hökümətlə bağlı olan şeyləri Boykot etsin!, “Boykota qoşulun!”, “Azərbaycan səfirliyi önündə etiraz aksiyası təşkil edin!”, “X6!”, “Qalxın meydanlar sizi səsləyir” kimi ifadələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs fəaliyyətinin təhlilinə əsasən onun məqsədli şəkildə şiyəyönümlü kontingentin dini heysiyyətinə toxunaraq hakimiyyətə qarşı nifrət hissləri formalaşdırmağa çalışmış, dini kontingenti dövlət əleyhinə açıq zorakılıq çağırışları ilə müşayiət olunan mübarizəyə səsləmişdir. İş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11” markalı “2201117TG” modelli mobil telefona keçirilmiş 04 iyun 2025-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona məxsus “Baku_10” (t.me/Kerim_tehrani) “Telegram” istifadəçi hesabı vasitəsilə “Telegram” sosial şəbəkə platformasında “Müqavimətin səsi” adlı kanalda 05 aprel 2025-ci il tarixdə saat 09:56 dəqiqədə “Qalxın Həmvətənlərim!” başlığı altında: “X12 sədasını yüksəldin! Qalxın Cihada ey Həmvətələrim! Qalxın Mərcanə oğlunun ordusunu Tarumar edin! Qadınlara zor tətbiq olunur. Dinimiz Alçaldılır! Kişiliyimiz ayaqlar altına alınır. Qalxın ey Əlinin (ə.s) Balaları. Qardaşlarımıza Zülm olunur. X14 xalqım. Qalxın dövrümüzün Hüseyni Zindanlarda yatır. Qalxın ey Qeyrətini qanı ilə qoruyan şərəfli xalqım! Bir-bir gəlirlər kim boyun əysə vurulacaq boynu! X15 Meydanlar Sizi səsləyir! Qalxın ey Hüseynə (ə.s) ağlayan Şiələr! Həsənən (ə) nənə vay səslədiyi o küçə sizi səsləyir! Qalxın bu gün tam Zamanıdır dayanmayın ey qeyrətli Xalqım! Xanım Zəhra (ə.s) imamı yolunda qabırğası sındı, ona şillə dəydi! Qalxın İmamanızın yolunda şillələr dubinkalar dəysin! X15 Qalxın Kərbəla Azərbaycanda sizi gözləyir! Qaldırın Hüseynin bayrağın birdə izn verməyin kimsə salsın o bayrağı! Qalxın bu fürsətdir! X2! Qalxın Zəfər qazanın! Allah yolunda sizə olan işgəncələr elə qalmaz! Bu zəfər yoludur əgər əysəniz başınız vurulacaq! X14 xalqım! Qalxın qoy Anamız ölsün! Balamız ölsün! Bu din yaşayacaq islam bayrağı dalğalanacaq! İçinizdəki eşq cuşə gəlsin X15! Qalxın birdə Hüseynin (ə) bayrağını qoymayın salsınlar! Qalxın meydanlar sizi səsləyir ey Əlinin Şiələri. Qalxın Mərcanə oğlunu Ayağınız altına alacağsız. X15! Qalxın Hərmələ ordusun Tarumar Edəcəksiz! X14 xalqım qalxın Cihada! Qaıxın ya Hüseyn (ə) şüarınızı kimsə kəsə bilməyəcək! X14 xalqım Qalxın!” məzmunlu və 05 aprel 2025-ci il tarixdə saat 13:23 dəqiqədə “Boykot” başlığı altında: “Əziz Azərbaycanımızın Şiələri Müsəlmanları! İnanclara qarşı və İslam dininə qarşı edilən bu Təcavüz və zorbalığılara son deməyin Vaxtıdır ! Bu gün İnanclı X1 bu Yanaşmaya qarşı onlarla məhbus zindanda belə olsa etiraz edirlər! Bu gün bizdə olara dəstək olaq və İslam dininin müdafiəsinə qalxaq ! Ölkədə olan həmvətənlərimiz “Bravo” və digər hökümətlə bağlı olan Şeyləri Boykot etsin! İş yerini tərk etmək, Məhsullardan və həmən yerlərə getməkdən imtina edin !! Boykot Bravo! Boykot Bazar Store ! X16! İmam Hüseyn bayrağını qaldırın Əziz xalqım bu günlər sizin üçün Azadlığa gedən yoldur ! Boykota qoşulun! Digər ölkədə yaşayan həmvətənlərimiz Azərbaycan səfirliyi önündə etiraz aksiyası təşkil edin! Bu mübarizə günüdür! X6!” məzmunlu müraciətlər paylaşması müəyyən edilmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 avqust 2025-ci il tarixli 4/1119 saylı məhkəmə-linqvistik ekspertizasının rəyindən görünür ki, “Telegram” ani mesajlama mobil tətbiqində mövcud olan “Müqavimətin səsi” adlı kanalda 05 aprel 2025-ci il tarixdə saat 09:56 və 13:23 radələrində müvafiq olaraq “X10!” və “Boykot” başlıqları altında paylaşılan müraciətlərdə hakimiyyətin zorla ələ keçirilməsinə və saxlanılmasına, habelə Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar müəyyən olundu. Həmin çağırışlar bunlardır: “Qalxın cihada”, “X2”, “Tarumar Edeceksiz!”, “bu təcavüz və zorbalıqlara son deməyin vaxtıdır!”, “həmvətələrimiz “Bravo” və digər hökümətlə bağlı olan şeyləri Boykot etsin!, “Boykota qoşulun!”, “Azərbaycan səfirliyi önündə etiraz aksiyası təşkil edin!”, “X6!”, “Qalxın meydanlar sizi səsləyir” kimi ifadələr öz əksini tapmışdır. İşdə olan, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi Note 11” markalı “2201117TG” modelli mobil telefondakı məlumatlar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün mühüm əhəmiyyətə malik olduğundan, eləcə də təqsirləndirilən şəxsin cinayət əməlini birbaşa təsdiq etdiyindən 05 sentyabr 2025-ci il tarixdə maddi sübut kimi tanınmışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş, 18 iyun 2025-ci il tarixli arayış görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, N.Nərimanov küçəsi, ev 48 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-281/2025 saylı qərarından görünü ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş «Redmi Note 11» markalı mobil telefon isə qanunla nəzərdə tutulmuş qaydada X5 qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 281.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 03 iyun 2025-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş «İphone XS» markalı mobil telefon qanunla nəzərdə tutulmuş qaydada X5 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar