Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-125/2024 02.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" Şirkətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyən, əvəllər məhkum olunmamış, Salyan rayonunun Kürsəngi kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda - 8,547 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 aprel 2024-cü il tarixdə saat 19:45-də Cəlilabad rayonu, H.Əliyev prospektində cinayət barədə xəbərsiz olan Salyan rayonu, Kürsəngi kəndində yaşayan Şahid4 idarə etdiyi “Kia Rio” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərnişin qismində əyləşib hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana 1 ədəd şəffaf sellofanın içərisində olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi Şahid4 ilə bir neçə günlük Masallı rayonunda istirahət etməyi planlaşdırmışlar. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində onlar yaşadıqları Salyan rayonu, Kürsəngi kəndində görüşmüşlər və Masallı rayonuna getmək üçün Şahid4 məxsus “Kia Rio” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Onlar Cəlilabad rayon ərazisinə çatan zaman Masallı rayonuna getməzdən əvvəl Cəlilabad şəhərini də gəzmək istəmişlər, bu səbəbdən Şahid4 idarə etdiyi avtomobillə birlikdə Cəlilabad şəhərinə gəlmişlər, bir qədər Cəlilabad şəhərinin mərkəzində avtomobillə gəzmişlər. Cəlilabad şəhəri, H.Əliyev prospektində yolun kənarında olan mağazadan siqaret almaq üçün Şahid4 avtomobili yolun kənarında saxlamış, avtomobili saxladıqdan bir neçə dəqiqə sonra 3 (üç) nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, o, onlara üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra polis polis əməkdaşları onu və tanışı Şahid4 idarə etdiyi “Kia Rio” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad RPŞ-yə gətirmişlər. Cəlilabad RPŞ-də vəkilin və polis əməkdaşlarının iştrakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və Şahid4 məxsus avtomobilə baxış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə narkotik vasitə olan marixuana aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin narkotik vasitə qurudulmuş marixuana ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır Lakin avtomobildən hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Həmin qurudulmuş marixuananı 4-5 gün bundan əvvəl Salyan şəhərinin mərkəzində yerləşən parkdan tapmış, istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Şahid4 üzərində narkotik vasitə olması barədə məlumatı olmamışdır. O, 1(bir) ilə yaxındır narkotik vasitə marixuana istifadə edir. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. O, istifadə etmək üçün həmin narkotik vasitəni gəzdirmiş, lakin həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş qurudulmuş marixuananı qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində üç azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 25 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 25 aprel 2024-cü il tarixdə, təxminən saat 19:45 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində yələşdiyi “Kia Rio” markalı **-TE-*** d.n.n avtomobil ilə H.Əliyev prospektində tərəfimizdən müşahidəyə götürülmüş, təxminən 10 (on) dəqiqə sonra həmin avtomobili saxlatdırdıqdan sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər, sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs və sürücü Şahid4 avtomobil ilə birlikdə hər iki şəxsin üzərində şəxsi axtarış aparılması, avtomobilə baxış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, Orxan Əzizli tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirdi ki, həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Həmin bükülü təhqiqatçı tərəfindən açılıb baxılmış, baxılan zaman içərisində qurudulmuş marixuanaya bənzər bitki kütləsi olması müəyyən olunmuşdur. Həmin kütlə bükülü ilə elektron tərəzidə çəkilmiş, sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Daha sonra polis şöbəsində Şahid4 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, Orxan Əzizli tərəfindən videoçəkiliş aparılmaqla Şahid4 üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Şahid4 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Şahid4 da üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya olmadığını bildirmişdir. Şahid4 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib olunmuş və o da digər iştirakçılar kimi protokola imza etmişdir. Daha sonra isə Şahid4 razılığı ilə onun idarə etdiyi “Kia Rio” markalı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl hər iki şəxsdən soruşulmuşdur ki, avtomobildə onlara aid narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırmı. Hər iki şəxs avtomobildə onlara məxsus narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişlər. Şahid4 idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildəndən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Baxış keçirilməsi haqqında protokol tərtib olunmuş və o da digər iştirakçılar kimi protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs ilə bir neçə günlük Masallı rayonunda istirahət etməyi planlaşdırmışlar. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində onlar yaşadıqları Salyan rayonu, Kürsəngi kəndində görüşmüşlər və Masallı rayonuna getmək üçün ona məxsus “Kia Rio” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yola düşmüşlər. Onlar Cəlilabad rayon ərazisinə çatan zaman Masallı rayonuna getməzdən əvvəl Cəlilabad şəhərini də gəzmək istəmişlər, bu səbəbdən idarə etdiyi avtomobillə birlikdə Cəlilabad şəhərinə gəlmişlər, bir qədər Cəlilabad şəhərinin mərkəzində avtomobillə gəzmişlər. Cəlilabad şəhəri, H.Əliyev prospektində yolun kənarında olan mağazadan siqaret almaq üçün o, avtomobili yolun kənarında saxlamış, avtomobili saxladıqdan bir neçə dəqiqə sonra 3 (üç) nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs da onlara üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra polis polis əməkdaşları Təqsirləndirilən şəxs və onu idarə etdiyi “Kia Rio” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad RPŞ-yə gətirmişlər. Cəlilabad RPŞ-də vəkilin və polis əməkdaşlarının iştrakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və ona məxsus avtomobilə baxış keçirilmiş, şəxsi axtarış və baxış nə üzərindən, nə də avtomobildən hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qurudulmuş marixuanadan məlumatı olmamışdır. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 26 aprel 2024-cü il tarixli, 19/360 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 bükümdə təmiz çəkisi 8,547 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,05 qram, qalıq 8,497 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 393 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRDƏN istifadə halları olub. Lakin Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Uğur, xx.xx.2016-cı il təvəllüdlü Ömər və xx.xx.2018-ci il təvəllüdlü Nəzakət adlı üç azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:55də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 13:40-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 8,497 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 aprel 2024-cü ildən 27 aprel 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Salyan Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan rayonunun Kürsəngi kəndində yerləşən evi tərk etməmək, Salyan rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Cəlilabad Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 8,497 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-125/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-125/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver