Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-126/2023 27.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonunun Tahirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonunun Tahirli kəndində qeydiyyatda olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,449 qram olan narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlamış, 23 mart 2023-cü il tarixdə saat 11 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad Rayon Polis Şöbəsinə gətirilib, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 20 mart 2023-cü il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndi ərazisində çayın kənarında piyada olaraq hərəkətdə olan zaman yerdə olan şəffaf sellofan bükümü diqqətini çəkmiş, həmin bükümü götürmüş və baxdıqda bükümün içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. Həmin narkotik vasitəni ağrıları olan zaman istifadə etmək üçün üzərində saxlamışdır. 23 mart 2023-cü il tarixdə təxminən saat 09 radələrində tanışları ilə görüşüb “Bağ” adlanan yerdə çay içməyə getmişdir. Təxminən saat 11 radələrində yaşadığı evə qayıdan zaman mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt narkotik vasitə olan tiryək üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə el arasında “qara” adlanan tiryək olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər, o da etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsində onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokolu və zərfin üzərini imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində üç azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsi ilə əlaqədar olaraq Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 11 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkət edərkən görmüşlər və 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə olan bir ədəd bükümdə tiryək olduğunu bildirmişdir. Buna görə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda qara rəngli narkotik vasitə olan tiryəkə bənzər maddəni təqdim edərək, həmin maddəni 2-3 gün əvvəl Cəlilabad şəhəri ərazində yerləşən çayın yaxınlığından tapdığını bildirmişdir. Bundan sonra həmin maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 19/329 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 2,449 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,399 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 552 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Fidan, xx.xx.2012-ci il təvəllüdlü Aysun və xx.xx.2017-ci il təvəllüdlü Yusif adlı azyaşlı uşaqları vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 01 (bir) ay şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:00da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat 10:55-də Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 2,399 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 mart 2023-cü ildən 25 mart 2023-cü ilədək, 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 2,399 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-126/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-126/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver