Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-127/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ saat 16:20 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, 27 mart 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,751 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri F.Əhmədov küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 onun qohumudur. 26 mart 2023-cü il tarixdə saat 16 radələrində Şahid4lə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Bağ” deyilən ərazidə görüşmüşlər. O, Muradın psixotrop maddədən istifadə etdiyini bilməmişdir. Söhbət zamanı o, ağrıları olduğu üçün hərdən psixotrop maddə istifadə etdiyini bildirmişdir. Həmçinin, Murad da ona psixotrop maddə istifadə etdiyini demişdir. Biraz gəzişdikdən sonra Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə təsadüfən özünü Samir kimi təqdim edən şəxslə tanış olmuşlar. Söhbət zamanı onda psixotrop maddə olan metamfetamin olduğunu və almaq istəsələr satdığını onlara bildirmişdir. Onlar da həmin şəxsdən qiymətini soruşduqda, üzərində ümumilikdə 2 bükümdə metamfetamin olduğunu, 1 bükümünü 10 manata satdığını qeyd etmişdir. Murad və o, Samir adlı şəxsə metamfetamini almaq istədiklərini bildirmişlər. Sonra Muradla birlikdə hərəsi üçün 10 manat, ümumilikdə 20 manat pulu Samir adlı şəxsə vermişlər. Samir də öz növbəsində 1 büküm metamfetamin ona, 1 büküm metamfetamin isə Murada vermişdir. Bundan sonra Muradla oradan uzaqlaşmışlar və o, öz yaşadığı evə getmişdir. O, həmin psixotrop maddədən 1 dəfə istifadə etmişdir. Həmçinin həmin psixotrop maddəni heç kim görməsin deyə cibində gəzdirmişdir. 27 mart 2023-cü il tarixdə saat 21 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri F.Əhmədov küçəsi ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olubolmamasını soruşmuşlar. O isə üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynində olan boz rəngli cins şalvarının sağ yan cibində olan bükülüdəki metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisinin iştirakı ilə həmin psixotrop maddə qablaşdırılıb möhürlənmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq o və Cəlilabad RPŞnin PPXB-nin polis nəfəri Şahid3la birlikdə Miralim Cəmil oğlu adlı şəxsin şəxsiyyəti onlar tərəfindən dəqiqləşdirilərək həmin şəxsin Cəlilabad şəhəri F.Əhmədov küçəsi ev 91-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. 27 mart 2023-cü il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri F.Əhmədov küçəsində müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri X2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 19/356 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,751 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata 0,03 qram sərf olunmuş, 0,721 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 30 mart 2023-cü il tarixli 349 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji xəstəxanasında qeydiyyatda durmur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 1(073)- 54/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 24 may 2023-cü il tarixli 26/2022-30-11 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ona qəti olaraq təyin olunmuş 1 (bir) il 11 (on bir) ay azadlığın məhdudlaşdırılması cəzasından 1 (bir) il 09 (doqquz) gününü çəkmiş, 10 (on) ay 21 (iyirmi bir) gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 27 mart 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 21:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 4(073)-42/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,721 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 21 (iyirmi bir) günü Azərbaycan Respublikası CM-nin 68.1.1- 1-ci maddəsinə əsasən 5 (beş) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,721 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-127/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-127/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver