Məhkəmə qərarları › İş №1(073)-128/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-128/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-128/2023 16.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1999-cu ildə Rusiya Federasiyası, Kizilisk rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Tərtər hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CMnin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş, məhkumluğu ödənilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Cəlilabad rayonu, Komanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Şıxlar kəndi ərazisində yerləşən örüş sahəsində Zərərçəkmiş şəxs “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində həmkəndlisi Şahid3 vasitəsi ilə ona qarşı nalayiq ifadələr işlətməsinə görə yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs bu barədə irad bildirdikdən sonra sonuncunun onun üzünəşərəf və ləyaqətini alçaldan ifadələr deməsindən qəzəblənərək kəllə zərbəsi ilə baş nahiyəsinə zərbə vurub Zərərçəkmiş şəxs burun nahiyəsindəşişkinlik, qançır, deformasiya və burun sümüyünün yerini dəyişən sınığıəmələ gəlməklə vahid kompleks təşkil edib sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 18 fevral 2023-cü il tarixdə, axşam saatlarında yaşadığı evin qarşısında olmuşdur. Həmin vaxt həmkəndlisi Söhbətlə oğlu Mirfətdah onun yanından avtomobillə keçmişlər. O, Söhbətin ona baxıb güldüyünü müşahidə etmişdir. Bundan bir neçə dəqiqə sonra Söhbətin mobil telefonuna zəng vuraraq onun nə üçün ona baxıb güldüyünü soruşmuş, o da, ona “get işinlə məşğul ol” deyə bildirmiş və telefonu söndürmüşdür. O da ona bir söz deməmişdir. 20 fevral 2023-cü il tarixdə, günorta saatlarında tanışı Mirrəhman onun mobil telefonuna zəng vuraraq, “Mirfətdah mənə yazıb ki, Samuraya söyüş söydüm, heç bir cavab vermədi” deyə bildirmişdir. O da Mirrəhmana onun yazdıqlarının şəklini çəkib ona atmağını xahiş etmişdir. Mirrəhman da həmin şəkli ona atmışdır. O, bu məsələyə aydınlıq gətirməkdən ötrü həmin gün təxminən saat 18 radələrində Mirfətdaha zəng vuraraq, ona görüşmək istədiyini, onunla işi olduğunu bildirmişdir. Sonra ona kənd ərazisində yerləşən qəbristanlığın yanına gəlməyini təklif etmişdir. Həmin vaxt o, kənd ərazisində Mirrəhmanla olmuşdur. Onlar Mirrəhmanla birlikdə qəbristanlığın yanına getmişlər. Mirfətdah da oraya gəlmişdir. O, sakitçilik olduğu üçün örüş sahəsinə getməklərini fikirləşmiş və buna görə də Mirfətdaha “səninlə işim var, otur maşına biraz qabağa gedək” deyə bildirmişdir. O da ona etiraz etməyərək Mirrəhmanın idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar kəndin örüş sahəsinə getmişlər. Mirrəhman avtomobili saxlamış və onlar yerə düşmüşlər. O, Mirfətdaha “sən mənə nə vaxt söyüş söymüsən ki, mən də sənə heç nə deməmişəm” deyə bildirmişdir. Mirfətdah biraz fikirləşdikdən sonra belə bir şey olmadığını demişdir. Sonra ona Mirrəhmanla aralarında olan yazışmanı göstərmiş və özünə Mirrəhmana yazdığı mesajı oxutdurmuşdur. Mirfətdahın ona söyüş söyməsini ona sübut etdikdən sonra çıxılmaz vəziyyətdə qalmış və ona “yaxşı eliyib söymüşəm, həmin söyüşlər sənin haqqındır” deyə bildirmişdir. O da onun bu sözlərindən qəzəblənib, onu tutaraq baş nahiyəsinə kəllə zərbəsi endirmişdir. Mirfətdah zərbə nəticəsində yerə yıxılmış və onun burnundan qan açılmışdır. Həmin vaxt onun üzərində bıçaq olmamışdır. Bundan sonra Mirrəhman onu sakitləşdirərək avtomobilə əyləşdirmiş və sonuncu ilə birlikdə oradan uzaqlaşmışlar. Hazırda əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin onunla barışmamışdır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyi və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 fevral 2023-cü il tarixdə, axşam saatlarında atası ilə birlikdə yaşadıqları evə tərəf getmişlər. Həmin vaxt Samray evlərinin qarşısında olmuşdur. Onlar yaşadıqları evə çatmışlar. Bir neçə dəqiqə sonra atasının mobil telefonuna zəng gəlmişdir. Onun qardaşı hərbi xidmətdə olduğundan, onlar qardaşından zəng gəlməsini ehtimal etmişlər. Atası telefonu açmış və onlar kənardan söyüş səsləri eşitmişlər. Onlara məlum olmuşdur ki, atasına zəng edən Samraydır. Atası ona söyüş söyməməsini xəbərdarlıq etsə də, Samray atasını təhqir etməyə davam etmişdir. Atası telefonu söndürmüşdür. Onlar atasından Samrayın niyə söyüş söyməsini soruşduqda “güya bayaq yanından keçəndə biz ona baxıb gülmüşük” deyə bildirmişdir. Həmin günün səhəri o, sinif yoldaşı Mirrəhmana “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə sms yazaraq söhbətə aydınlıq gətirməkdən ötrü Samrayın nömrəsini istəmişdir. Çünki, Samray kənd ərazisində daha çox Mirrəhmanla birlikdə gəzmişdir. Mirrəhman isə ona Samrayın nömrəsini niyəistədiyini soruşmuşdur. O, ona güya Samraya güldüklərinə görə atasına qarşı nalayiq ifadələr işlətdiyini, o isə Samraya bilməyib danışanın söyəcəyini yazmışdır. Bundan sonra Mirrəhman ona Samrayın nömrəsini verməmişdir. 20 fevral 2023-cü il tarixdə, saat 18 radələrində yaşadığı evdə olmuşdur. Tanımadığı nömrədən onun mobil telefonuna zəng gəlmişdir. Açdıqda Samray olduğunu görmüş və o, onunla işi olduğunu, Şıxlar kənd qəbristanlığına gəlib-gələ bilməyəcəyini soruşmuşdur. O da ona indi gəlirəm deyə bildirmişdir. Evdən çıxanda anası bir neçə dəfə ondan hara getdiyini soruşsa da, o, ona heçnə deməmişdir. Kənd qəbristanlığına tərəf getdikdən sonra orada sinif yoldaşı Mirrəhmanın idarə etdiyi maşının yolun kənarında olduğunu, Samray və Mirrəhmanın isə orada dayandığını görmüşdür. O, onlara yaxınlaşdıqda Samray “səninlə işim var, otur maşına biraz qabağa gedək” deyə bildirmişdir. O da Mirrəhmanın idarə etdiyi avtomobiləəyləşmişdir. Onlar kəndin örüş sahəsinə getmişlər. Mirrəhman avtomobili saxlamış və onlar yerə düşmüşlər. Yerə düşər-düşməz Samray ona yaxınlaşaraq kəllə zərbəsi ilə onun burun nahiyəsinə zərbə vurmuşdur. O, zərbə nəticəsində yerə yıxılmışdır. O, yerə yıxılan kimi Samray baş nahiyəsinə təpik zərbələri, bədəninin hər iki yan nahiyələrinə isə yumruqla zərbələr vurmuşdur. Həmçinin Samray kürək nahiyəsindən qara rəngli açılıb-bağlanan bıçaq çıxararaq boğaz nahiyəsinə tutmuş və onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt Mirrəhman Samrayı kənara itələmiş və o, yerdən duraraq yaşadıqları ev istiqamətində qaçmağa başlamışdır. Küçələrinin girişinəçatdıqda anasının orada olduğunu və onu axtardığını görmüşdür. Anası ondan nə baş verdiyini soruşduqda, ona onu Samrayın vurduğunu bildirmişdir. Həmin vaxt Mirrəhmanla Samray da ora gəlmişlər. Anası Samraydan niyə onu vurduğunu soruşduqda, Samray “Mirfətdah bilir nə üstündə onu vurmuşam” deyə bildirmişdir. Bundan sonra anası ilə o, yaşadıqları evə gəlmiş və xəstəxanaya gedərək bu barədə Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinə məlumat vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 19 fevral 2023cü il tarixdə Mirfətdahla “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsilə mesajlaraq söhbət etmişlər. Söhbət əsnasında Mirfətdah Samrayla sözlü mübahisə etdiyini, ona söyüş söydüyünü və Samrayın ona heç bir söz demədiyini bildirmişdir. 20 fevral 2023-cü il tarixdə, günorta saatlarında Samrayla mobil telefon vasitəsi ilə danışmışlar. O, Samraya “Mirfətdah mənə yazıb ki, Samuraya söyüş söydüm, heç bir cavab vermədi” deyə bildirmişdir. Samray da ona Mirfətdahın yazdıqlarının şəklini çəkib ona atmağını xahiş etmişdir. O da telefonun ekranının şəklini çəkərək, Mirfətdahın Samray barəsində dediklərinin bir qismini sonuncuya atmışdır. Samray bu məsələyə aydınlıq gətirməkdən ötrü həmin gün təxminən saat 18 radələrində Mirfətdaha zəng vuraraq, ona görüşmək istədiyini, onunla işi olduğunu bildirmişdir. Sonra ona kənd ərazisində yerləşən qəbristanlığın yanına gəlməyini təklif etmişdir. Həmin vaxt o, kənd ərazisində idarə etdiyi avtomobil ilə birlikdə Samrayla olmuşdur. Onlar Samrayla birlikdə qəbiristanlığın yanına getmişlər. Mirfətdah da oraya gəlmişdir. Samray sakitçilik olduğu üçün örüş sahəsinə getməklərini qərara almış və buna görə də Mirfətdaha “səninlə işim var, otur maşına biraz qabağa gedək” deyə bildirmişdir. O da Samraya etiraz etməyərək onun idarə etdiyi avtomobilə əyləşmişdir. Onlar kəndin örüş sahəsinə getmişlər. O, avtomobili saxlamış və onlar yerə düşmüşlər. Samray Mirfətdaha “sən mənə nə vaxt söyüş söymüsən ki, mən də sənə heç nə deməmişəm” deyə bildirmişdir. Mirfətdah biraz fikirləşdikdən sonra belə bir şey olmadığını demişdir. X1 yazdığı yazışmanı göstərmiş və mesajıözünə oxutdurmuşdur. Samray Mirfətdahın onun arxasınca söyüş söyməsini ona sübut etdikdən sonra Mirfətdah çıxılmaz vəziyyətdə qalmış və Samraya “yaxşı eliyib söymüşəm, həmin söyüşlər sənin haqqındır” deyə bildirmişdir. Samray da onun bu sözlərindən qəzəblənib, onu tutaraq baş nahiyəsinə kəllə zərbəsi endirmişdir. Mirfətdah zərbə nəticəsində yerə yıxılmış və onun burnundan qan açılmışdır. O, Samrayı sakitləşdirərək avtomobilə əyləşdirmiş və sonuncu ilə birlikdə oradan uzaqlaşmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 fevral 2023cü il tarixdə, axşam saatlarında ailə üzvləri ilə birlikdə yaşadıqları evdə olmuşlar. Həyat yoldaşı Söhbətin mobil telefonuna zəng gəlmişdir. Onun oğlu Mirkamran hərbi xidmətdə olduğundan, onlar ondan zəng gəlməsini ehtimal etmişlər. Söhbət telefonu açmış və onlar kənardan söyüş səsləri eşitmişlər. Onlara məlum olmuşdur ki, Söhbətə zəng edən Samraydır. Söhbət ona söyüş söyməməsini xəbərdarlıq etsə də, Samray onu təhqir etməyə davam etmişdir. Söhbət telefonu söndürmüşdür. X3 niyə söyüş söyməsini soruşduqda “güya bayaq yanından keçəndə biz ona baxıb gülmüşük” deyə bildirmişdir. 20 fevral 2023-cü il tarixdə, saat 18 radələrində yaşadıqları evdə olmuşdur. Mirfətdahın mobil telefonuna zəng gəlmişdir. Bu zəngdən sonra Mirfətdah kiməsə indi gəlirəm deyə bildirmişdir. Evdən çıxanda o, bir neçə dəfə ondan hara getdiyini soruşsa da, Mirfətdah ona heçnə deməmişdir. O, evdən çıxanda o da onun arxasınca çıxmışdır. Kənd qəbristanlığının yanında Mirfətdahın tanımadığı avtomobilə əyləşdiyini uzaqdan görmüşdür. Həmin avtomobilin kimə məxsus olmasını, avtomobildə kimin olmasını bilməmişdir. Evdən Mirfətdahın arxasınca həyəcanlı çıxdığı üçün mobil telefonu evdə qalmışdır. Buna görə də Mirfətdaha zəng edə bilməmiş və ondan narahat olduğu üçün kənd ərazisində onu axtarmağa başlamışdır. Onu tapa bilmədikdən sonra yaşadıqları küçəyə qayıtmış və küçənin girişində Mirfətdahla rastlaşmışdır. Onun burun nahiyəsində qan görmüş və ondan nə baş verdiyini soruşmuşdur. Mirfətdah onu Samrayın vurduğunu bildirmişdir. Həmin vaxt Mirrəhmanla Samray da ora gəlmişlər. O, Samuraydan niyə Mirfətdahı vurduğunu soruşduqda, Samray “Mirfətdah bilir nə üstündə onu vurmuşam” deyə bildirmişdir. Bundan sonra Mirfətdahla o, yaşadıqları evə gəlmiş və sonra xəstəxanaya getmişlər. Həmçinin bu barədə Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinə də məlumat vermişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 anoloji ifadə verərək Şahid1 qeyd etdiklərini təsdiq etmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş, məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Komanlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar