Məhkəmə qərarları › İş №1(073)-128/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-128/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-128/2024 17.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonunun Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-80/2022 saylı, 21 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda - 0,898 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 13 mart 2024-cü il tarixdə saat 15:10-da Cəlilabad rayon polis X6 bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində saxlanılaraq Cəlilabad rayon polis X6 bölməsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofana bükülmüş xeyli miqdarda, yəni təmiz çəkisi 0,898 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki boz rəngli cins şalvarın sağ yan piston cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır və rəsmi heç bir yerdə işləmir. O, əvvəllər başqa növ narkotik vasitələrdən də istifadə etmişdir. Bir müddət sonra isə narkotik vasitələrdən asılılıq yarandığı üçün istifadə etmədikdə bədənində müxtəlif dərəcəli ağrılar olmuşdur. Bununla yanaşı təxminən 2 ilə yaxındır ki narkomanlar arasında “kakos” adlanan heroini qəbul etməklə məşğul olur. 12 mart 2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu, Təklə kənd sakini Cavid adlı şəxsə 20 manat pul verib özünə qəbul etmək üçün 1 “çet”, yəni 1 sellofan bükümdə “kakos” adlanan heroin almışdır. Həmin sellofana bükülmüş bükülünü əynində olan boz rəngli cins şalvarın sağ yan piston cibinə qoymuş və ürəyi istəyəndə istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Lakin istifadə etməmişdir. 13 mart 2024-cü il tarixdə saat 15 radələrində yaşadığı Cəlilabad rayonu, Maşlıq kəndində hava almaq məqsədilə piyada gəzməyə çıxmış və bu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Onlar onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. O, da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis X6 bölməsinə gəlməyini bildirmişdir. Polis bölməsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Cəlilabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı İlkin İsmayılov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis bölməsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və razılığı ilə Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini istəməsi barədə təklif etmişdir. O, əynində olan boz rəngli cins şalvarın sağ yan piston cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan narkotik maddə olan heroini təqdim etmişdir. X4 tərəfindən onun təqdim etdiyi narkotik maddə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,89 qram olduğu müəyyən edilmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin maddənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O, həmin maddənin kakos olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu Təklə kənd sakini Cavid adlı şəxsdən 20 manata aldığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını demişdir. X4 üzərinə şəxsi axtarış apararkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sadə mobil telefon, şalvarın arxa sağ cibindən 23 manat pul və əynində olan gödəkçənin cibindən təsbeh aşkar edilmişdir. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Telefonda istifadəsində ***- ***-**-** saylı nömrə olmuşdur. Narkomanlar arasında narkotik vasitə olan heroinə onlar kakos dediyinə görə o, üzərinə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinə kakos demişdir. Cavid adlı şəxs Masallı rayonu, Təklə kəndində yaşayır, atası vəfat edib və anası ilə yaşayır, onun barəsində başqa məlumatı yoxdur. Cavid adlı şəxs təxminən 30-35 yaşlarında olar və 6 aya yaxındır ki tanıyır, 6 ay bundan əvvəl ondan pul verib narkotik vasitə almışdır. Onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları heç bir zorakılıq hərəkətləri etməmişlər. Heç vaxt narkotik vasitə satmamışdır. Sadəcə olaraq istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Özü İ qrup əlildir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis X6 bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 mart 2024-cü il tarixdə Cəlilabad rayonu, Maşlıq kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan, RPŞ-nin Göytəpə PB-nin polis nəfəri, polis serjantı Şahid2 və RPŞ-nin Göytəpə PB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 13 mart 2024-cü il tarixdə saat 15:10-da Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Maşlıq kəndi ərazisində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad Rayon Polis X6 Bölməsinə dəvət etdikdən sonra birlikdə X4un xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan piston cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq, içərisində narkotik maddə heroin olduğunu bildirib təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd bükülüdə aşkar olunan narkotik vasitənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükülüdə kakos olduğunu, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu, Təklə kənd sakini Cavid adlı şəxsdən 20 manata aldığını və gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. X4 üzərinə şəxsi axtarış apararkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sadə mobil telefon, şalvarın arxa sağ cibindən 23 manat pul və əynində olan gödəkçənin cibindən təsbeh aşkar etmişdir. Həmin əşyalar iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükülüyə baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 0,89 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 14 mart 2024-cü il tarixli, 19/252 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün içərisində təmiz çəkisi 0,898 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,848 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 294 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1009 saylı rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar o, ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abbasov X2 Rayon Məhkəməsinin 1(073)-80/2022 saylı, 21 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 24 gün müddətdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmənin bu barədə olan hökmü 18 may 2022-ci il tarixdə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 24 may 2022-ci il tarixdə şöbədə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəza müddəti bitdiyindən, xx.xx.2023-cü il tarixdə məhkumların qeydiyyatı kitabından çıxarılmışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Aysu adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. İşdə olan xx.xx.2016-cı il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, İ qrup əlil olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:10da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 15:00-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,848 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 mart 2024-cü ildən 15 mart 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Cəlilabad Rayon Mərkəzi X5 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,848 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar