Məhkəmə qərarları › İş №1(073)-133/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-133/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-133/2023 10.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 53-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, bu iş üzrə 27 iyul 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,771 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 mart 2023-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid3 onun qohumudur. 26 mart 2023-cü il tarixdə, saat 16 radələrində Şahid3la Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” deyilən ərazidə görüşmüşlər. O, Cəmilin psixotrop maddədən istifadə etdiyini bilməmişdir. Söhbət zamanı o, ağrıları olduğu üçün hərdən psixotrop maddə istifadə etdiyini bildirmişdir. Həmçinin, Cəmil də ona psixotrop maddə istifadə etdiyini demişdir. Biraz gəzişdikdən sonra Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə təsadüfən özünü Samir kimi təqdim edən şəxslə rastlaşmışlar. Söhbət zamanı Samir adlı şəxs onda psixotrop maddə olan metamfetamin olduğunu və almaq istəsələr satdığını bildirmişdir. Onlar Samirdən qiymətini soruşduqda, üzərində ümumilikdə 2 bükümdə metamfetamin olduğunu, 1 bükümünü 10 manata satdığını qeyd etmişdir. Cəmil və o, Smirə metamfetamini almaq istədiklərini bildirmişlər. Sonra Cəmillə birlikdə hərəsi üçün 10 manat, ümumilikdə 20 manat pulu Samir adlı şəxsə vermişlər. Samir də öz növbəsində 1 büküm metamfetamin ona, 1 büküm metamfetamin isə Cəmilə vermişdir. Bundan sonra Cəmillə oradan uzaqlaşmışlar və o, öz yaşadığı evə getmişdir. O, real şərait olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. Həmin psixotrop maddəni heç kim görməsin deyə cibində gəzdirmişdir. 27 mart 2023-cü il tarixdə, saat 18 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynində olan boz rəngli idman şalvarının sağ yan cibində olan bükülüdəki psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin psixotrop maddə qablaşdırılıb möhürlənmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır, himayəsində bir azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 27 mart 2023-cü il tarixdə, təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükülü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli 19/355 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,771 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata 0,03 qram sərf olunmuş, 0,741 qram qalıq qalmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 470 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022ci il təvəllüdlü Ömür Şahverdi adlı bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 27 mart 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdə saat 18:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 29 mart 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 mart 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 15:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,741 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 mart 2023-cü il tarixdən 29 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 ( iki) gün və 27 iyul 2023-cü il tarixdən 10 avqust 2023-cü il tarixədək həbsdə olduğu 15 (on beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 34 (otuz dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 10 (on) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,741 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar