Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-133/2024 16.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1982-ci il tarixdə Salyan rayonu, Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məkumluğu ödənilməmiş, işləməyən, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayan Zərərçəkmiş şəxs özünün dövlət orqanında işləməsi ilə bağlı vəzifəli şəxslərlə əlaqəsi olmasını yalandan bildirib ona sosial ev alması üçün köməklik göstərəcəyinə dair yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin iyun-noyabr ayları ərzində ayrı-ayrı vaxtlarda sonuncuya məxsus ümumilikdə 14450 manat pulu ələ keçirərək verdiyi vədinə əməl etməməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 14450 manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayan Zərərçəkmiş şəxs özünün dövlət orqanında işləməsi ilə bağlı vəzifəli şəxslərlə əlaqəsi olmasını yalandan bildirib ona daimi əlillik təqaüdü təyin etdirəcəyinə dair yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin avqust ayının əvvəllərində sonuncuya məxsus ümumilikdə 1500 manat pulu ələ keçirərək verdiyi vədinə əməl etməməklə Zərərçəkmiş şəxs 1500 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Əvvəllər qeyri rəsmi münasibətdə olduğu Leyla adlı qadın onu Yusif adında bir şəxslə tanış etmişdir. Onu Yusiflə tanış etməkdə məqsədi Yusifə ünvanlı sosial yardım almasında köməklik göstərməsi olmuşdur. Yusiflə tanış olduqdan sonra ona ünvanlı sosial yardım alması üçün kömək göstərmiş və Yusif ünvanlı sosial yardım almışdır. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində Yusif ona zəng edib demişdir ki, başqa bir nəfər var və ona da sosial yardım almasında köməklik göstərmək lazımdır. Həmin şəxs Xanım adlı qadın olmuşdur. Xanım adlı qadını canlı olaraq görməsə də Xanım adlı qadın sənədlərini mobil telefon vasitəsilə ona göndərmişdir. O, Xanım adlı qadının adından ünvanlı sosial yardımla bağlı elektron müraciət etmiş, lakin bir nəticəsi olmamış və imtina cavabı gəlmişdir. Bundan sonra təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Xanım ona mobil telefonla zəng edib Sevinc adlı bacısına əlillik təqaüdü düzəltməyini istəmişdir. Xanım adlı qadınla razılaşmış və Xanım ona demişdir ki, onun nömrəsini bacısı Sevincə verəcək və Sevinc özü onunla əlaqə saxlayacaq. Təxminən 2 gün sonra ona tanımadığı nömrədən Whatsapp vasitəsilə zəng gəlmiş və zəng edən şəxs Xanımın bacısı Sevinc olduğunu bildirmişdir. Sevinc ona sosial ev almaq istədiyini demiş və ondan bu barədə ona nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Həmin zamanlar tiktok sosial şəbəkəsində “user1982” adlı profildən istifadə edirmiş, tiktok sosial şəbəkəsində müxtəlif şəxslərin canlı yayınları izləyib onlara hədiyyə göndərib onların diqqətini cəlb etməyə çalışırmış. Həmin vaxtlarda da pulu olmadığından tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə ala bilmirmiş. Buna görə də qərara gəlmişdir ki, Sevincə bu işin düzəlməsi üçün müəyyən miqdarda pul lazım olduğunu desin və ondan alacağı pulla tiktok sosial şəbəkəsində hesabına hədiyyə alsın. Sevincə dövlət işində vəzifədə işlədiyini, vəzifəli şəxslərlə əlaqəsi olduğunu və həmin şəxslərlə maraqlanıb ona xəbər edəcəyini demişdir. Bundan başqa ona bir neçə sənəd adı deyib həmin sənədləri toplayıb şəkillərini ona göndərməsini istəmişdir. Sevinc onun dediyi sənədləri toplayıb ona göndərmişdir. Bir neçə gün sonra Sevincə zəng edib ona sosial ev düşdüyünü və bunun üçün ümumilikdə təxminən 15000 manat pul lazım olacağını demişdir. Sevinc bu məbləğin çox olduğunu və həmin məbləğdə pulu olmadığını demişdir. Sevincə demişdir ki, pulun hamısını eyni vaxtda verməsinə ehtiyac yoxdur, çünki onun sosial ev alması təxminən 6 ay çəkəcək. Bundan başqa ona demişdir ki, mütəmadi olaraq həmin işin düzəlməsi üçün müəyyən adamlarla danışıb lazım olan məbləği öyrənib ona deyər və o, da həmin pulu imkan olduqca hissə-hissə göndərər. Bundan sonra Sevinc onunla razılaşmış və həmin 15000 manat pulu hissə-hissə verə biləcəyini demişdir. Həmin gün Sevincə zəng edib demişdir ki, sosial ev alması ilə bağlı işin düzəlməsi üçün ilkin olaraq 200 manat pul lazımdır. Sevinc demişdir ki, problem deyil verər və pulu ona necə verəcəyini soruşmuşdur. O, tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birini ona göndərmiş və həmin karta 200 manat pul köçürüb çekinin şəkilini ona göndərməsini istəmişdir. Sevinc pulu həmin karta köçürüb çekini ona göndərmişdir. O, da həmin pulun müqabilində tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Sevinclə sosial ev alması ilə bağlı danışdıqları zaman ona demişdir ki, ev işinin düzəlməsi üçün yenə də 600 manat pul lazımdır. Sevinc onunla razılaşmış, Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərmiş və Sevinc də həmin karta 600 manat pul göndərib çekinin şəkilini ona atmışdır. O, da həmin 600 manat pul ilə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Sevincə sosial ev alması üçün köməklik göstərməklə bağlı yalan vəd vermiş, ona sosial ev alması üçün hər hansı bir köməklik göstərməyəcəkmiş, bu barədə ona yalan vəd verməkdə məqsədi ondan pul almaq olmuşdur. Təxminən iki gün sonra Sevinc ona zəng edib sosial ev alması ilə bağlı işinin nə yerdə olmasını maraqlanmışdır. Sevincə demişdir ki, ola bilsin bu gün yenə də 400 manat pul lazım oldu. Sevinc də demişdir ki, problem deyil verəcək. Həmin gün ona mesaj yazıb 400 manat pul göndərməsini istəmiş və ona tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərib pulu həmin karta köçürməsini istəmişdir. Sevinc həmin karta 400 manat pul göndərib çekinin şəkilini ona atmış, o, da həmin 400 manat pul ilə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 5 gün sonra Sevinclə danışdığı zaman ona demişdir ki, sosial ev alması ilə bağlı işinin düzəlməsi üçün yenə də pul lazımdır. Sevinc ondan nə qədər pul lazım olduğunu soruşmuş və o, da Sevincə 1800 manat lazım olduğunu demişdir. Sevinc onunla razılaşmış, Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərib pulu həmin karta köçürməsini istəmişdir. Sevinc həmin karta 1800 manat pul göndərib çekinin şəkilini ona atmış və o, da həmin 1800 manat pul ilə tiktok hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində Sevinc ona zəng edib əlillik təqaüdün dayandırıldığını və onun üçün daimi əlillik təqaüdü düzəltməsini istəmişdir. Sevincə demişdir ki, tanışları ilə maraqlanıb xəbər edəcək. Bir neçə saat sonra ona zəng edib onun üçün daimi əlillik təqaüdü düzəltdirə biləcəyini, ev məsələsi həll olan vaxta daimi əlillik təqaüdü məsələsinin də həll olunacağını və bunun üçün 1500 manat pul lazım olduğunu demişdir. Sevinc onunla razılaşmış, Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərib pulu həmin karta köçürməsini istəmişdir. Sevinc həmin karta 1500 manat pul göndərib çekinin şəkilini ona atmış və o, da həmin 1500 manat pul ilə tiktok hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Sevinclə telefonla danışdıqları zaman ona sosial ev alması ilə bağlı işinin demək olar ki, yekunlaşdığını və hazırda həmin işə görə yenə də 5000 manat pul istədiklərini demişdir. Sevinc hazırda həmin məbləğdə pulu olmadığını, pulu tapdıqdan sonra ona xəbər edəcəyini demişdir. Növbəti gün Sevinc ona zəng edib 5000 manat pulu hazırladığını demişdir. O, isə həmin gün Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı 3 ədəd kartın nömrəsini göndərmiş və Sevincə də demişdir ki, 4000 manat bir karta göndərsin və qalan puluda 500 manat olmaqla digər 2 karta göndərsin. Sevinc həmin 5000 manat pulu onun dediyi kartlara göndərib çeklərini ona atmış və o, da həmin pullarla tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən bir həftə sonra Sevinclə danışdıqları zaman həmişəki qaydada ona demişdir ki, sosial ev alması ilə bağlı işinin düzəlməsi üçün yenə də 3000 manat pul istəyirlər. Sevinc onunla razılaşıb axşama pulu hazır edəcəyini demişdir. Həmin gün axşam saatlarında Sevinc ona zəng edib pulu hazırladığını demişdir. Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı 2 ədəd kartın nömrəsini göndərmiş və Sevincə demişdir ki, 2700 manat bir karta və 300 manat da digər karta göndərsin. Sevinc həmin 3000 manat pulu onun dediyi kartlara göndərib çeklərini ona atmış və o, da həmin pullarla tiktok hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının axırlarında Sevinc ona zəng edib sosial ev alması bağlı işin nə yerdə olduğunu soruşmuşdur. Sevincə demişdir ki, danışdığı adamlardan maraqlanıb xəbər edəcək. Bir az sonra ona zəng edib demişdir ki, sosial ev alması bağlı iş üçün yenə də 700 manat pul istəyirlər. Sevinc onunla razılaşmış, həmin gün ona tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərmiş və demişdir ki, pulu həmin karta göndərsin. Sevinc həmin gün 700 manat pulu onun dediyi karta göndərib çekin şəkilini ona atmışdır. Həmin 700 manat pul ilə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində pulu olmamışdır. Həmin zamanlar tiktokda canlı yayınlara baxmaq ondan asılılıq yaratmış və elə gün olmuşdur ki, gündə təxminən 10 saat tiktokda canlı yayına baxmışdır. Buna görə qərara gəlmişdir ki, Sevincə zəng edib sosial ev ilə bağlı işinin düzəlməsi üçün yenə də pul istədiklərini deyib ondan pul alsın. Sevincə zəng edib demişdir ki, sosial ev alması bağlı işi üçün 350 manat pul istəyirlər və pulu bu gün verməliyik. Sevinc onunla razılaşmış, həmin gün Sevincə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kartlardan birinin nömrəsini göndərmiş və demişdir ki, pulu həmin karta göndərsin. Həmin gün Sevinc həmin karta 350 manat pul göndərib çekini ona atmışdır. Həmin 350 manat pul ilə tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Təxminən 2023-cü ilin noyabr ayının ortalarında Sevinc mütəmadi olaraq ondan sosial ev məsələsinin nə yerdə olduğunu soruşmağa başlamışdır. O, da Sevincə demişdir ki, 2023-cü ilin dekabr ayının axırlarında onu çağırıb evin açarını verəcək və həmin zaman danışdığıqları 15000 manat pulun qalan hissəsini də verməlidir. Həmin vaxtdan sonra pulu olmadığı üçün 2023-cü ilin noyabr ayının ortalarından dekabr ayının ortalarına qədər olan müddət ərzində Sevincdən borc kimi hissə-hissə ümumilikdə 2400 manat manat borc almışdır. Hər dəfə ondan borc alanda tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə aldığı kart hesablarını ona göndərmiş və Sevinc də həmin pulları onun dediyi kartlara onun dediyi məbləğlərdə köçürüb çekini ona göndərmişdir. O, da həmin pullarla tiktok sosial şəbəkəsində hesabı üçün hədiyyə alıb canlı yayınlarda istifadə etmişdir. Həmin borc yığılıb 2400 manat olduqdan sonra Sevinclə belə razılaşmışdırlar ki, Sevincə ümumilikdə 2400 manat borcu var və Sevincin ev məsələsini həll etdikdən sonra ona verməli olduğu 15000 manat pulun qalan hissəsini həmin 2400 manat pul ilə hesablayacaqlar, Sevincdən borc kim aldığı 2400 manat pul geri verməyəcək və Sevinc də daha ona sosial ev alması ilə bağlı işinə görə pul verməyəcəkdir. Artıq 2023-cü ilin dekabr ayının sonlarında Sevinc hər gün onunla danışıb ev məsələsinin və daimi əlillik təqaüdü alması ilə bağlı işin nə yerdə olduğunu soruşmuşdur. O, da həmişə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Təxminən 2024cü ilin fevral ayının sonlarında Sevinclə danışdıqları zaman Sevinc ondan aldığı ümumilikdə 15950 manat pulu geri qaytarmağını istəmiş və əks halda isə ondan polisə şikayət edəcəyini demişdir. O, isə Sevincdən ona bir az vaxt verməsini istəmişdir ki, pulları qaytarsın. Həmin zaman Sevincdən aldığı pulları qaytara bilməyəcəyini bilmiş, lakin bir az vaxt qazanmaq istəmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs aldığı pullardan heç kimə vermədiyini, Zərərçəkmiş şəxs aldadaraq ondan pul almasında heç kimlə əlbir olmadığını, Zərərçəkmiş şəxs aldadaraq ona qarşı dələduzluq etməsindən heç kimin məlumatının olmadığını, Zərərçəkmiş şəxs aldığı pullardan geri qaytarmadığını, Zərərçəkmiş şəxs aldığı pullarla tiktok sosial şəbəkəsinə istifadə etdiyi user1982 adlı hesabıma hədiyyələr alıb müxtəlif şəxslərin tiktokda açdığı canlı yayınlarda istifadə etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Himayəsində yetkinlik yaşına çatmayan bir uşağı vardır. Qeyd edilənlərin nəzara alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri, özünün etirafı, zərərçəkmiş şəxslin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə DİN-nin 102 Xidməti Zəng Mərkəzinə, xx.xx.2024-cü il tarixdə isə Cəlilabad RPŞnin Göytəpə PB-nə ərizə ilə müraciət edib Emin adlı şəxsə pensiya düzəltməsi və ev almaqda köməklik göstərməsi üçün 18000 manat pul verdiyini, həmin şəxsin vədinə əməl etməyib onu aldatdığını və pulunu qaytarmadığını bildirib bu barədə tədbir görülməsini xahiş etmişdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində bacısı Xanım ilə danışdığı zaman bacısına sosial ev almaq istədiyini deyib bu işləri bacaran adam tanıyıbtanımamasını soruşmudur. Bacısı Xanım ona bir nömrə vermiş, adının Emin olduğunu və onunla əlaqə saxlayıb həmin şəxsdən bu barədə maraqlanmasını demişdir. Həmin şəxsin mobil nömrəsi ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin nömrə ilə istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrənin Whatsapp hesabı vasitəsilə əlaqə yaradıb danışmışdır. Eminə sosail ev almaq istədiyini demiş və ona bu barədə köməklik etməsini istəmişdir. Emin dövlət işində vəzifədə işlədiyini, vəzifəli şəxslərlə əlaqəsi olduğunu və həmin şəxslərlə maraqlanıb ona xəbər edəcəyini demişdir. Bundan başqa Emin ona bir neçə sənəd adı deyib həmin sənədləri toplayıb şəkillərini ona göndərməyini istəmişdir. Eminin dediyi sənədləri toplayıb ona göndərmişdir. Bir neçə gün sonra Emin ona zəng edib oan sosial ev düşdüyünü və bunun üçün ümumilikdə təxminən 15000 manat pul lazım olacağını demişdir. Eminə bu məbləğin çox olduğunu və həmin məbləğdə pulu olmadığını demişdir. Bundan sonra Emin ona demişdir ki, pulun hamısını indi verməyinə ehtiyac yoxdur, sosial ev almağı təxminən 6 ay çəkəcək. Bundan başqa demişdir ki, müəyyən şəxslərlə danışıb, həmin şəxslər ondan pul istəyəndə ona deyəcək və o, da həmin 15000 manat pulu hissə-hisəsə verər. Eminin dediklərinə inanıb onunla razılaşmışdır. Həmin gün Emin ona zəng edib sosial ev almağı ilə bağlı işin düzəlməsi üçün ilkin olaraq 200 manat pul lazım olduğunu demişdir. Ona 200 manat verə biləcəyini demiş və pulu ona necə verəcəyini soruşmuşdur. Emin ona kart nömrəsi yazıb 200 manat pulu həmin karta göndərib çekinin şəkilini ona atmağını istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi kart hesabına 200 manat pul göndərib çekinin şəkilini Eminə göndərmişdir. Bundan sonra demək olar ki, hər həftə Eminlə əlaqə saxlayıb sosial ev işinin nə yerdə olmasını maraqlanırmış. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Eminlə sosial ev almağı ilə bağlı danışdığı zaman Emin demişdir ki, ev işinin düzəlməsi üçün yenə də 600 manat pul lazımdır. Eminlə razılaşmış, Emin ona bir kart nömrəsi göndərib 600 manat pulu həmin karta köçürməyini və çekinin şəkili ona göndərməyini istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi kart hesabına 600 manat pul göndərib çekinin şəkilini Eminə göndərmişdir. Təxminən iki gün sonra Eminə zəng edib sosial ev almağı ilə bağlı işin nə yerdə olduğunu soruşmuşdur. Emin ona demişdir ki, ola bilsin bu gün yenə də 400 manat pul lazım olacaq. O, da Eminə demişdir ki, problem deyil verəcək. Həmin gün Emin ona mesaj yazıb 400 manat pul göndərməyini istəmişdir. Ona kart nömrəsi göndərib həmin 400 manat pulu həmin karta köçürməyini və çekinin şəkilini ona göndərməyini istəmişdir. O, da telefonunda olan birbank hesabından Eminin dediyi kart hesabına 400 manat pul köçürüb çekinin şəkilini Eminə göndərmişdir. Təxminən bir həftə sonra Eminlə danışdığı zaman Emin ona sosial ev almağı ilə bağlı işin düzəlməsi üçün yenə də pul lazım olduğunu demişdir. Emindən nə qədər pul lazım olduğunu soruşmuş və Emin də ona demişdir ki, 1800 manat pul lazımdır. Eminlə razılaşmış, Emin ona kart nömrəsi göndərib həmin 1800 manat pulu həmin karta köçürməyini və çekinin şəkilini ona göndərməyini istəmişdir. O, da telefonunda olan birbank hesabından Eminin dediyi kart hesabına 1800 manat pul köçürmüş və çekinin şəkilini Eminə göndərmişdir. Həmin zamanlar əlillik təqaüdü dayandırıldığı üçün qərar gəlmişdir ki, bu barədə Eminə desin və güman etmişdir ki, Emin bu məsələni də həll edəcək. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində Eminə zəng edib əlillik təqaüdümün dayandırıldığını demiş və ona daimi əlillik təqaüdü düzəltməsini istəmişdir. Emin ona demişdir ki, tanışları ilə danışıb xəbər edəcək. Həmin gün Emin ona zəng edib onun üçün daimi əlillik təqaüdü düzəldə biləcəyini, ev məsələsi həll olan vaxta kimi daimi əlillik təqaüdü məsələsinin də həll olunacağını demişdir. Emindən bunun üçün pul lazım olub-olmayacağını soruşmuş və Emin də ona 1500 manat pul lazım olacağını demişdir. Eminlə razılaşmış, Emin ona kart nömrəsi göndərib həmin 1500 manat pulu həmin karta köçürməyini və çekinin şəkilini ona göndərməyini istəmişdir. O, da telefonunda olan birbank hesabından Eminin dediyi kart hesabına 1500 manat pul köçürüb çekinin şəkilini Eminə göndərmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində Eminlə telefonla danışdığı zaman Emin ona demişdir ki, sosial ev almağı ilə bağlı iş demək olar ki, yekunlaşıb və hazırda həmin işə görə yenə də 5000 manat pul istəyirlər. Eminə demişdir ki, hazırda həmin məbləğdə pulum yoxdur və pulu tapdıqdan sonra ona xəbər edəcək. Növbəti gün Eminin istədiyi 5000 manat pulu tapıb Eminə zəng etmiş və 5000 manat pulu hazırladığını demişdir. Emin ona üç ədəd kart nömrəsi göndərib birinci karta 4000 manat, digər iki kartın hər birinə 500 manat köçürüb çekinin şəkillərini ona göndərməyini istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi birinci karta 4000 manat, digər iki kartın hər birinə də 500 manat köçürmüş və çeklərin şəkillərini də Eminə göndərmişdir. Təxminən bir həftə sonra Eminlə danışdığı zaman Emin sosial ev işi ilə bağlı yenə də 3000 manat pul lazım olduğunu demişdir. Eminə demişdir ki, hazırda pulu yoxdur, axşama pulu hazır edib ona xəbər edəcək. Həmin gün axşam saatlarında Eminə zəng edib istədiyi 3000 manat pulu hazırladığını demişdir. Emin ona iki ədəd kart nömrəsi göndərib birinci karta 2700 manat, ikinci karta isə 300 manat köçürüb çeklərin şəkillərini ona göndərməyini istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi birinci karta 2700 manat, ikinci karta isə 300 manat köçürüb çeklərinin şəkilini Eminə göndərmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının axırlarında Eminə zəng edib sosial ev almağı ilə bağlı işin nə yerdə olduğunu soruşmuşdur. Emin ona demişdir ki, bu işlə bağlı danışdığı adamlardan maraqlanıb ona xəbər edəcək. Bir neçə saat sonra Emin ona zəng edib demişdir ki, sosial ev almağı ilə bağlı iş üçün yenə də 700 manat pul lazımdır. Eminlə razılaşmış, Emin ona bir kart nömrəsi göndərib 700 manat pulu həmin karta köçürməyii və çekinin şəkilini ona göndərməyini istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi karta 700 manat pul köçürüb çekinin şəkilini Eminə göndərmişdir. Təxminən 2023cü ilin noyabr ayının əvvəllərindən Emin ondan məndən borc pul istəmiş və o, da Eminin dediyi kartlara telefonunda olan birbank hesabından birinci dəfə 400 manat, ikinci dəfə 300 manat, üçüncü dəfə 800 manat, dörcüncü dəfə də 900 manat pul köçürmüş və köçürdüyü pulların çeklərinin şəkilini Eminə göndərmişdir. Bundan başqa təxminən 2023-cü ilin noyabr ayının sonlarında Emin ona mənə zəng edib sosial ev ilə bağlı işin düzəlməsi üçün yenə də pul istədiklərini demişdir. Emindən nə qədər pul istədiklərini soruşmuş, Emin də 350 manat pul istədiklərini və pulu bu gün verməli olduqlarını demişdir. Eminlə razılaşmış, Emin ona bir kart nömrəsi göndərib pulu həmin karta köçürməyini və çekinin şəkilini ona göndərməyini istəmişdir. Telefonunda olan birbank hesabından Eminin dediyi karta 350 manat pul göndərib çekinin şəkilini Eminə göndərmişdir. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərindən hər gün Eminə zəng edib sosial ev məsələsinin nə yerdə olduğunu soruşurmuş. Emin isə ona deyirmiş ki, 2023-cü ilin dekabr ayının axırlarında onu çağırıb evin açarını ona verəcək və həmin zaman danışdıqları 15000 manat pulun qalan hissəsini də verməlidir. Həmin zaman Eminlə razılaşmışdırlar ki, Eminin ona olan ümumilikdə 2400 manat borcunu ondan almayacaq və sosial ev işi həll olunduqdan sonra da Eminə verməli olduğu 2000 manat pulu Eminə verməyəcək. Artıq 2023-cü ilin sonunda Emin onun sosial ev almağı və daimi əlillik təqaüdü almağı ilə bağlı işlərinin heç birini düzəltmədiyindən Eminin onu aldadıb ondan pul almasından şübhələnməyə başlamışdır. Bu barədə Eminlə danışdığı vaxtlar Emin ona deyirmiş ki, həmin işlər hamısı 2024-cü ilin yanvar ayının 7-nə dək düzələcək və əgər düzəlməsə aldığı pulların iki qatını geri verəcək. Eminin dediyi vaxta qədər gözləmiş lakin yenədə Emindən bir xəbər çıxmamışdır. Artıq ona aydın olmuşdur ki, Emin onu aldadıb həmin pulları ondan alıb. Bundan sonra Eminlə əlaqə yaradıb aldığı pulları ondan tələb etsə də Emin müxtəlif bəhanələr gətirərək ondan aldığı pulları geri verməmiş və həmin pulların müqabilində vəd verdiyi işlərin heç biri öz həllini tapmamışdır. Bundan sonra polisə bu barədə şikayət etmişdir. Əlavə suallara cavab olaraq Eminə sosial ev almasından köməklik göstərməsinin müqabilində ümumilikdə 14450 manat, daimi əlillik təqaüdü düzəltməsinin müqabilində də 1500 manat pul verdiyini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənilməmişdir, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onu sadəcə olaraq Emin adı ilə tanımış, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2023-cü ilin əvvəllərində tiktok sosial şəbəkəsindən tanıdığı Yusif adlı şəxsə təqaüd almaq istədiyini və bu işləri bacaran adam tanıyıb-tanımadığını demişdir. Yusif bu işləri bacaran Emin adlı bir şəxs tandığını deyib Eminin nömrəsini ona vermişdir. Eminlə telefonla danışmış Emin ona bir neçə sənəd adı deyib həmin sənədləri toplayıb ona göndərməyini istəmişdir. Eminin dediyi sənədləri tapıb ona göndərmişdir. Emin onun adından təqaüdlə bağlı müraciət etsə də bir nəticəsi olmamışdır. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində bacısı Zərərçəkmiş şəxs ilə telefonla danışdığı zaman bacısı təqaüdünün dayandırıldığını deyib bu işləri bacaran adam tanıyıb-tanımadığını soruşmuşdur. O, Eminə zəng edib bacısı Zərərçəkmiş şəxs təqaüd düzəltməsini istəmiş və Emin də onunla razılaşmışdır. Eminə demişdir ki, nömrəsini bacısı Sevincə verəcək və Sevinc özü onunla danışacaq. Daha sonra onun nömrəsini bacısı Sevincə verib onunla danışmasını bildirmişdir. Təxminən 2024-cü ilin mart ayında bacısı Sevinclə telefonla danışdığı zaman xəbəri olmuşdur ki, Emin bacısı Sevinci aldadıb onun 18000 manat pulunu alıb. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnaməsindən və Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan Salyan rayon İcra Hakimiyyəti Başçısının Həsənli kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2008-ci il təvəllüdlü Aysu adlı yetkinlik yaşına çatmayan bir uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İşdə olan Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 06 iyun 2024-cü il tarixli, 186199/04 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasın məhkum edilmişdir və xx.xx.2024-cü il tarixə 02 il 04 gün çəza çəkmiş, qalan 11 ay 24 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. İşdə olan 01.04.204-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin 01.04.204-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbslə alınmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah ediməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 3 (üç) il 7 (yeddi) müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 5 ay 17 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 30 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-133/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-133/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver