Məhkəmə qərarları › İş №1(073)-134/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-134/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-134/2023 10.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxx 1964-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla “8 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilərək çəkilməmiş qalan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində xx.xx.2023-cü il tarixli qərarla “həbs” qətimkan tədbiri seçilmiş, 12 may 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0.874 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla üzərində saxlamış, 12 may 2023-cü il tarixdə, saat 12 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə aludəçisi deyildir. 12 may 2023-cü il tarixdə saat təxminən 12 radələrində şəxs işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman dörd-beş nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində üzərində axtarış aparılarkən qanunla qadağan olunan hər hansı predmet aşkar edilməmişdir. Lakin Polis şöbəsində ona tanımadığı polis əməkdaşı heroin verərək, həmin heroini öz üzərinə götürməsini, yolda gəzərkən yerdən tapdığını deməsini bildirmişlər. Polis əməkdaşları heroinin ona məxsus olmasını bildirmədiyi təqdirdə birlikdə yaşadığı 70 yaşlı bacısının evindən daha ağır kütlədə narkotik vasitə qoyacaqlarını və bu zaman məsuliyyətinin daha ağır olacağı ilə bağlı hədələmişlər. O, da polislərin bu hədəsindən və eləcə də onu döyəcəklərindən qorxduğu üçün verdikləri heroini öz üzərinə götürmüşdür. Vəkilin iştirakı ilə videoçəkiliş aparılarkən heroinin ona məxsus olduğunu, tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini demişdir. Lakin həqiqətdə həmin heroin ona məxsus olmamışdır. Fizulu Şükürov bütün dediklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. 12 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 12 may 2023-cü il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olduğu zaman ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hərhansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitə heroini Cəlilabad şəhərində “Silsilə” adlanan ərazidə yerdən tapdığını bildirmişdir. Sonra isə həmin bükülüyə baxış keçirilmiş, bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki təzyiq göstərilməmiş, ona hədə-qorxu gəlinməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, 12 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X4 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 19/540 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0.874 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: - heroinin təmiz çəkisi – 0.874 qram, cəmi tədqiqata sərf edildi – 0.05 qram, qalıq -0.824 qramdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının 15 may 2023-cü il tarixli, 537 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarındakı ifadələrində cinayət əməllərini törətməkdə təqsirini etiraf etmiş və bütün sənədlərə imza etmiş, hər hansı etiraz etməmiş, vəsatətlə müraciət etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroin və metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs yaşlı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Şükürov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarla “8 noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndi tətbiq edilərək çəkilməmiş qalan 5 (beş) ay 28 (iyirmi səkkiz) gün cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəl bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 14 may 2023-cü il tarixli 4(073)-59/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 12 may 2023-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,824 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,824 qram qalan narkotik vasitə heorin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar