Məhkəmə qərarları › İş №1(073)-135/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-135/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-135/2023 26.07.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2lisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5.933 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 23 may 2023-cü il tarixdə, saat 16 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 23 may 2023-cü il tarixdə səhər saatlarında şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazidə piyada gəzdiyi zaman yerdə bir ədəd sellofan kibrit qutusu görmüş, həmin kibrit qutusu onun diqqətini cəlb etmiş, kibrit qutusunu yerdən götürmüş, açıb içərisinə baxdıqda içərisində olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüş və daha sonra istifadə etmək üçün cibinə qoyub üzərində saxlamışdır. 23 may 2023-cü il tarixdə saat təxminən 16 radələrində şəxs işi ilə əlaqədar Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək ondan üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Polis əməkdaşlarına üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişdir. Polis əməkdaşlarının dəvətini qəbul edib polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra isə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş o, da həmin protokolu imzalamışdır. Üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirmiş, həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etməmiş və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatı olmamışdır. İlk dəfədir ki, cinayət hadisəsi törədir və əməlindən səmimi peşmandır. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyi olmamışdır. 23 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və həmin tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 23 may 2023-cü il tarixdə təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə piyada hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə Daqşın Abdullayevi müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin ərazidə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisi və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Sonra isə həmin kibrit qutusuna baxış keçirilmiş, kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı 23 may 2023-cü il tarixdə səhər saatlarında Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazidə yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə həmin kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X2 tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 19/573 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,933 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,05 qram, qalıq 5,883 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 593 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Aynur adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat 12:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 5,883 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İşüzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 23 may 2023-cü ildən 25 may 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad şəhəri 28 may küçəsi ev 6 ünvanında yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5,883 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar