Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-136/2023 09.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1985-ci ildə İmişli rayonunun Göhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, İmişli rayonunun Göhərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi İ.Süleymanov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -8,207 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 05 aprel 2023-cü il tarixdə, saat 20:00-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisindən həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 05 aprel 2023-cü il tarixdə, təxminən saat 17 radələrində yaşadığı İmişli rayonu, Gövhərli kənd sakinləri və dostları X6 və X4 ilə görüşmüşdür. Onlar öz aralarında söhbət edən zaman o, Ramal Heydərova demişdir ki, Cəlilabad rayonunda yaşayan Rafiq adlı dostunu görmək üçün Cəlilabad rayonuna getmək istəyir və Ramaldan xahiş etmişdir ki, ona məxsus avtomobillə Cəlilabad şəhərinə getsinlər. Ramal Heydərov onu Cəlilabad şəhərinə aparacağını bildirmiş, lakin ondan 40 manat benzin pulu istəmişdir. O da Ramalla razılaşmışdır. Həmin vaxt onların yanında olan digər dostu Elçin Nağıyev onlara bildirmişdir ki, heç bir işi yoxdur və onlarla birlikdə Cəlilabad rayonuna getmək istəyir. O da Elçin Nağıyevə onlarla birlikdə Cəlilabad rayonuna gedə biləcəyini demişdir. Bundan sonra onlar Ramal Heydərova məxsus “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Cəlilabad rayonuna yola düşmüşlər. Təxminən saat 20 radələrində onlar Cəlilabad şəhərinə çatmışlar. Cəlilabad şəhəri ərazisində o, Ramal Heydərovdan siqaret almaq məqsədi ilə avtomobili mağazaların birinin qarşısında saxlamısını xahiş etmişdir. Ramal Heydərov da avtomobili Cəlilabad şəhəri ərazisində adını xatırlamadığı mağazanın yaxınlığında saxlamışdır. O avtomobildən endikdən sonra 3 nəfər mülki geyimdə tanımadığı şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində və avtomobildə qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə olub-olmamasını soruşmuşlar. O həmin şəxslərə üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə marixuana olduğu bildirmişdir. Bundan sonra həmin şəxslər onu, avtomobili idarə edən Ramal Heydərovu və avtomobildə sərnişin kimi əyləşmiş X7 rayon polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmiş və ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki qara rəngli gödəkçənin sol iç cibində şəxsi istifadəsi üçün gəzdirdiyi bir bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra, üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni İmişli şəhərində adını xatırlamadığı küçədə piyada hərəkət edən zaman yerdən tapdığını və özü narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğundan gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra dostları Ramal Heydərovun, Elçin Nağıyevin və onun iştirakı ilə Ramal Heydərovun idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə onlara təqdim edilmiş vəkillərin və polis əməkdaşlarının iştirakı ilə Ramal Heydərovun yazılı razılığı ilə baxış keçirilmiş və baxış zamanı avtomobildən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Onun üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir formada hədəqorxu və ya zor tətbiq edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində üç azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 05 aprel 2023-cü il tarixdə, saat 20 radələrində Şirinov X5 şəhəri, H.Əliyev prospektində “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə olması müəyyən edilərək, həmin avtomobil hərəkətdə olarkən onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5- 10 dəqiqə sonra həmin avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospektindən yerləşən “Bağ” adlanan ərazisinin yaxınlığında dayanmış və Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Onlar dərhal həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını onlara bildirmişlər və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu deyərək ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmin vaxt avtomobildə sürücü qismində İmişli rayon sakini sonradan adları onlara məlum olan X4, sərnişin qismində əyləşən İmişli rayon sakini X6 olmuşdur. Bundan sonra həmin şəxsləri Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onların dəvətinə etiraz etməyərək rayon polis şöbəsinə gəlməyə razılıq vermişlər. Sonra onlar rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində həmin şəxslər şübhəli şəxs qismində tutularaq onlara hüquqlarını müdafiə etmələri üçün Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri təqdim olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükülü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman bükülünün içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə marixuananı yaşadığı İmişli rayonu ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, Cəlilabad şəhərinə dostları X4 və X6 ilə birlikdə dostunu görmək üçün Ramal Heydərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə gəlmişdir və həmin narkotik maddənin onun üzərində olmasından heç kimin məlumatı olmamışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş X3 və X1 üzərində şəxsi axtarış aparılmış, lakin onların üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin daha sonra X1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda isə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini tam təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol iç cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükülü təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Həmin bükülüyə baxış keçirilən zaman bükülünün içərisində narkotik vasitə marixuanaya bənzər kütlə olması müəyyə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə marixuananı yaşadığı İmişli rayonu ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli 19/421 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 8,207 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,04 qram sərf olunmuş, 8,167 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 17 aprel 2023-cü il tarixli 448 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, İmişli rayon İHB-nin Qaradonlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü İlkanə Şirinli, xx.xx.2013-cü il təvəllüdlü Leyla Şirinova və xx.xx.2018-ci il təvəllüdlü Yusif Şirinli adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs orta ağırlıqlı ağciyər vərəmi xəstəsidir. İş materiallarında olan, Bakı şəhəri, Suraxanı RİHB-nın Zığ qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Zığ qəsəbəsi İ.Süleymanov küçəsində fərdi yaşayış evində yaşayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə az ağır cinayət törətməsi, vərəm xəstəliyindən əziyyət çəkməsi və ailəsinin yeganə qazanc gətirəni olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 aprel 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2023-cü il tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 06 aprel 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 aprel 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 21:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji xəstəxanada qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 8,167 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il, 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 05 aprel 2023-cü il tarixdən 06 aprel 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsi İ.Süleymanov küçəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 8,167 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-136/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-136/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver