Məhkəmə qərarları › İş №1(073)-138/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-138/2024

28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-138/2024 28.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun, onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi, ev 89-da qeydiyyatda olmaqla Cəlilabad şəhəri, M.Hüseyn küçəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, 28 aprel 2024-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Kəmaləddin oğlu satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, daşıma və saxlama cinayətini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd ağ rəngli sellofana bükülmüş təmiz çəkisi 1,414 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 26 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd ağ rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Kəmaləddin oğlu məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. O, hər dəfə narkotik vasitə və psixotrop maddələri Cəlilabad şəhərində tanımadığı ayrı-ayrı şəxslərdən əldə etmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 16 radələrində şəxsi işi ilə əlaqədar Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən “İran bazarı”nda piyada hərəkət etmişdir. Bu zaman yerdə 1 bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O özü psixotrop maddə aludəçisi olduğu üçün həmin psixotrop maddəni götürmək qərarına gəlmiş və psixotrop maddəni əynindəki şalvarının cibinə qoyaraq hərəkət etməyə başlamışdır. Real şərait olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 17 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ilə piyada evə getmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. O isə üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, psixotrop maddə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki boz rəngli cins şalvarın sağ cibində olan 1 ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və qablaşdırılıb möhürlənmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 26 aprel 2024-cü il tarixdə, təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri, M.Hüseyn küçəsində tərəfimizdən müşahidəyə götürülmüş, bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş, bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X2 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirdi ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olundu. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırıldı və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki,Cəlilabad rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti vəzifəsində xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 26 aprel 2024-cü il tarixdə, saat 17 radələrində şöbə rəhbərliyi tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirildiyi və sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilməklə onun da həmin şəxsi axtarış zamanı xidməti vəzifəsini icra edərək videoçəkiliş aparmağı tapşırılmışdır. Bundan sonra onun tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra bükülünün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Kəmaləddin oğluna üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X3 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli, 19/366 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Cəlilabad şəhər M.Hüseyn küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1,414 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 1,414 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 1,364 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 404 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 16 avqust 2024cü il tarixli 57/2022-30-11 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(073)-129/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 1 il 11 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixə 1 il 8 ay 29 gün cəza çəkmiş, qalan 2 ay 11 gün cəzası qalmışdır. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏDÜ nümayəndəliyindən verilmiş, xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, o, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi yeni massivdə yaşayır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 26 aprel 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu 26 aprel 2024-cü il tarixdə saat 17:10-da Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad rayon Məhkəməsinin 28 aprel 2024-cü il tarixli 4 (073)-49/2024 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 26 aprel 2024-cü il tarixdən hüsablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,364 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs Kəmaləddin oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Kəmaləddin oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 26 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Kəmaləddin oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,364 qram qalan narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs Kəmaləddin oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar