Məhkəmə qərarları › İş №1(073)-141/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-141/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-141/2024 27.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, bir ədəd üzəri yapışqan lentlə bağlanmış təmiz çəkisi 420,0 qram olan narkotik vasitə - qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2024-cü il tarixdə, saat 19 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Qurtuluş prospektində keçirilmiş əməliyyat tədbiri nəticəsində qanuni əsaslarla idarə etdiyi “Hyundai Accent” markalı, **-AB- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində əyləşən tanışı Şahid3 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd yapışqan lentlə bağlanmış halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 31 mart 2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar Gəncə şəhərində yaşadığı küçədə piyada gəzən zaman yerdə olan büküm diqqətini çəkmiş, onu yerdən götürüb içinə baxdıqda onun qurudulmuş marixuana olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. Sonra isə həmin narkotik vasitəni Gəncə şəhərində icarəyə götürdüyü “Hyundai” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətmişdir. Onun Masallı rayonunda dostları var. Onlar onu uzun müddət idi ki, qonaq çağırmışdırlar. xx.xx.2024-cü il tarixdə istirahət etmək məqsədi ilə öz idarə etdiyi avtomobil ilə Masallı rayonuna getməyi qərara almışdır. Həmin gün Gəncə şəhərində təsadüfən tanışı Seymurla qarşılaşmışdır. O, Seymura Masallı rayonuna birlikdə getməklərini təklif etmişdir. O da onun təklifini qəbul etmişdir. Yola çıxmamışdan əvvəl narkotik vasitəni avtomobildən götürərək gödəkçəsinin cibində gizlətmişdir. Seymurun bundan məlumatı olmamışdır. Onlar yola çıxmışlar. Onlar Cəlilabad şəhəri ərazisində olan zaman siqareti qurtardığı üçün adını bilmədiyi marketin qarşısında dayanmışdır. Avtomobildən düşəndə mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə onlardan üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Seymur üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və o, avtomobili idarə etməklə Cəlilabad RPŞ-nə gəlmişlər. Cəlilabad rayon Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki qara rəngli gödəkçəsinin sol iç cibində olan 1 ədəd bükümdə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 02 aprel 2024-cü il tarixdə, təxminən saat 19 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, idarə etdiyi “Hyundai” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra sonuncu avtomobili saxlamışdır. Avtomobildən düşərkən onlar ona yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə həmçinin sərnişin qismində özünü Şahid3 kimi təqdim edən şəxs də əyləşmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid3 isə istirahət etmək üçün Təqsirləndirilən şəxslə gəldiyini, sonuncuda narkotik vasitə olması barədə məlumatının olmadığını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Şahid3 və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor-kriminalisti X1 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 1 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülü onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Bundan sonra Şahid3 üzərində şəxsi axtarış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 1 ildir ki, tanışdırlar. 02 aprel 2024-cü il tarixdə onunla Gəncə şəhəri ərazisində təsadüfən qarşılaşmışlar. Rövşən ona Masallı rayonuna istirahət etmək üçün getməyi təklif etmişdir. O da onun təklifini qəbul etmişdir. Onlar həmin gün istirahət etmək məqsədi ilə Rövşənin icarəyə götürdüyü “Hyundai” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yola çıxmışlar. Təxminən saat 19 radələrində Cəlilabad şəhərinə çatmışlar. Rövşən siqaret almaq üçün adını bilmədiyi marketin yanında avtomobili saxlamışdır. O, avtomobildən yerə düşən zaman onlara mülki geyimli polis əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları onlara yaxınlaşıb, özlərini təqdim edərək üzərilərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. O, üzərində qanunla edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, Rövşən üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Onun həmin narkotik vasitədən məlumatı olmamışdır. Bundan sonra onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və Rövşən avtomobili idarə etməklə Cəlilabad RPŞ-nə gəlmişlər. Cəlilabad rayon Polis şöbəsində ona hüquqları izah olunmuş və müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra onların iştirakı ilə Rövşənin idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd yapışqan lentlə bağlanmış halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/312 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi 420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,1 qram, qalıq 419,9 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 460 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, xüsusilə də miqdarını, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 419,9 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 aprel 2024-cü ildən 04 aprel 2024-cü ilədək 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması üçün hazırki hökmün surəti Gəncə Şəhər Mərkəzi X2 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 419,9 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar