Məhkəmə qərarları › İş №1(073)-146/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-146/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-146/2024 17.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,170 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Sərhədabad kəndində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, 1 ildən artıq müddətdir narkotik maddə istifadə edir. O, ustalıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 27 may 2024-cü il tarixdə dostları ilə görüşüb çay içmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən kafeyə getmişdir. Həmin vaxt evə gələn zaman Binəqədi rayonu ərazisində yerləşən “Dağlılar” adlı kafenin yaxınlığında yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun “nəşə” olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 29 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində tanışım Şahid5 ilə birlikdə olan zaman həm gəzmək həm də atasına ot biçinində kömək etmək üçün Cəlilabad rayonuna getmək qərarına gəlmiş və bu məqsədlə “20 Yanvar” adlanan əraziyə gəlib oradan tanımadıqları taksi ilə rayona yola düşmüşlər. Onlar Cəlilabad şəhəri ərazisində olan zaman avtomobilin sürücüsü onları kəndə aparmayacağını və avtovağzalda düşməli olduqlarını demiş və onlar həmin yerdə düşüb başqa taksi ilə kəndə doğru yol almışlar. Kəndə çatmağa az qalmış onlar bir qədər evə piyada yerimək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan boz rəngli şalvarının sol yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 10,82 qram olması müəyyən edilmişdir. O da həmin bükülünü tapdığını və ondan istifadə etdiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Beyləqan rayon, Mil qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yaşayan Şahid5 tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Şahid5 narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Şahid5 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad rayonu, Sərhədabad kəndinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 18 radələrində Şahid5 həmin kənddə başqa bir nəfər şəxslə hərəkət edərkən görmüş və onları 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Şahid5 da əynində olan boz rəngli cins şalvarının sağ arxa cibində bir bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmçinin onun yanında olan digər şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Orada Şahid5 və Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Şahid5 üzərində axtarış aparmamış və bu məqsədlə onu şöbəyə dəvət etmişlər. Şahid5 onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Onun üzərində şəxsi axtarış aparılan zaman şalvarının sağ yan cibindən “Prima” markalı siqaret və bir ədəd siqaret qutusu aşkar olunmuşdur. Həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin maddəni 2 gün əvvəl Bakı şəhəri ərazisindən tapmış, həmin maddədən bir dəfə istifadə etmiş, heç kimə verməmiş və həmin maddənin onun üzərində olmasından Şahid5 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisinə baxıldıqda orada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 10,82 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün №141” möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahidlər Şahid1 və Şahid4 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 1 ildən artıq müddətdir narkotik maddə istifadə edir. O, ustalıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 28 may 2024-cü il tarixdə dostları ilə görüşüb çay içmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən kafeyə getmişdir. Həmin vaxt evə gələn zaman Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlı kafenin yaxınlığında yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun “şüşə” olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 29 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində tanışım Təqsirləndirilən şəxs ilə birlikdə olan zaman həm gəzmək həm də Fuadın kənddə yaşayan atasına ot biçinində kömək etmək üçün Cəlilabad rayonuna getmək qərarına gəlmiş və bu məqsədlə “20 Yanvar” adlanan əraziyə gəlib oradan tanımadıqları taksi ilə rayona yola düşmüşlər. Onlar Cəlilabad şəhəri ərazisində olan zaman avtomobilin sürücüsü onları kəndə aparmayacağını və avtovağzalda düşməli olduqlarını demiş və onlar həmin yerdə düşüb başqa taksi ilə kəndə doğru yol almışlar. Kəndə çatmağa az qalmış onlar bir qədər evə piyada yerimək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan boz rəngli şalvarının sağ arxa cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 1,05 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü tapdığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanadan məlumatı olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 30 may 2024-cü il tarixli, 19/459 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə olan marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 bükümdə təmiz çəkisi 7,170 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,05 qram, qalıq 7,120 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 492 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü Fəqan və xx.xx.2011-ci il təvəllüdlü Gülüm adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00da şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 16:30-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 7,120 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 29 may 2024-cü ildən 31 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Məmmədrzalı kəndində yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Cəlilabad Rayon Mərkəzi X3 Şəxsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 7,120 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar