Məhkəmə qərarları › İş №1(073)-147/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-147/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-147/2024 30.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:20 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1981-ci il tarixdə Beyləqan rayonu, Mil qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Beyləqan rayonu, Mil qəsəbəsində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədən, Korpus 9 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 04 sentyabr 2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülüdə təmiz çəkisi 0,969 qram olan kustar üsulla hazırlanmış psixiotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 29 may 2024-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Sərhədabad kəndində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib, onun üzərində şəxsi axtarış aparılarkən, əynindəki boz rəngli şalvarının sağ arxa cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir ildən artıq müddətdir narkotik maddə istifadə edir. O, ustalıq fəaliyyəti məşğul olaraq ailəsini dolandırır. 28 may 2024-cü il tarixdə dostları ilə görüşüb çay içmək üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən kafeyə getmişdir. Həmin vaxt evə gələn zaman Yasamal rayonu ərazisində yerləşən “Kaktus” adlı kafenin yaxınlığında yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun “şüşə” olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 29 may 2024-cü il tarixdə təxminən saat 10 radələrində tanışı Şahid5 ilə birlikdə olan zaman həm gəzmək həm də Fuadın kənddə yaşayan atasına ot biçinində kömək etmək üçün Cəlilabad rayonuna getmək qərarına gəlmiş və bu məqsədlə “20 Yanvar” adlanan əraziyə gəlib oradan tanımadıqları taksi ilə rayona yola düşmüşlər. Onlar Cəlilabad şəhəri ərazisində olan zaman avtomobilin sürücüsü onları kəndə aparmayacağını və avtovağzalda düşməli olduqlarını demiş və onlar həmin yerdə düşüb başqa taksi ilə kəndə doğru yol almışlar. Kəndə çatmağa az qalmış onlar bir qədər evə piyada yerimək üçün avtomobildən düşmüşlər. Bu zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə polislərə üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan boz rəngli şalvarının sağ arxa cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilən zaman onun kütləsinin 1,05 qram olması müəyyən edilmişdir. O, həmin bükülünü tapdığını və ondan istifadə etmədiyini bildirmişdir. Həmin bükülü zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində azyaşlı uşaqları var. Odur ki, bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Atabala oğlu ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon, Mil qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 10 May küçəsində yaşayan Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. 29 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad rayonu, Sərhədabad kəndinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs həmin kənddə başqa bir nəfər şəxslə hərəkət edərkən görmüş və onları 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə onlardan üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ arxa cibində bir bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Həmçinin onun yanında olan digər şəxs isə özünü Şahid5 kimi təqdim edərək üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs və Şahid5 üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Təqsirləndirilən şəxs üzərində axtarış aparmamış və bu məqsədlə onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd şəffaf bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin maddəni 1 gün əvvəl Bakı şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş, heç kimə verməmiş və həmin maddənin onun üzərində olmasından Şahid5 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisinə baxıldıqda, orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 1,05 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 və Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd şəffaf bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 may 2024-cü il tarixli, 19/458 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir bükümdə kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,969 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,919 qram qalıq qalmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə narkoloji ekspertizasının 31 may 2024-cü il tarixli 493 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 iyun 2024-cü il tarixli, 5- 3715/2-33/2024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1, xx.xx.2015-ci il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmünün surətindən və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 15 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 29 may 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdə saat 18:35-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 31 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MYSdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 12:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 04 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 05 sentyabr 2024cü il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,919 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,919 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar