Məhkəmə qərarları › İş №1(073)-148/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-148/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-148/2025 29.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxx 1994-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə məhkum olunmuş, fərdi əməklə məşğul olan, İmişli rayonu, Bəhramtəpə qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X5 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4- 1-ci maddəsi və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Azərbaycan Respublikası Hərbi Prokurorluğun İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə 27 aprel 2025-ci il tarixdə şahid qismində dindirilərkən vermiş olduğu ifadəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər vəzifəsində xidmət etdiyi müddətdə 2023-cü ilin mart-aprel aylarının istintaqla dəqiq müəyyən olunmayan günündə hərbi hissənin nəzarət buraxılış məntəqəsində patrul nəfəri kimi xidmət aparan zaman həmin hərbi hissəsinin hərbi qulluqçusu, baş gizir X10 ilə birlikdə özünə məxsus “Mercedes W 210” markalı avtomobilin içərisində narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmələrini bildirib, bu barədə tərtib edilmiş şahidin dindirmə protokolunu oxuyub təsdiq etmiş, ibtidai istintaq zamanı onun şahid qismində vermiş olduğu ifadəsi cinayət işində mövcud olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edilmiş və göstərilən hallar təsdiqini tapdığından həmin ifadə təqsirləndirilən şəxs Ramin Paşayevə qarşı irəli sürülmüş ittihamın əsaslandırılmasında sübut kimi qəbul edilərək, X10 və X1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi və X3 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş ittiham aktı 24 iyul 2024-cü il tarixdə təsdiq olunaraq iş baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərilmiş, Cəlilabad Hərbi Məhkəməsində 07 fevral 2025-ci il tarixdə həmin cinayət işi üzrə keçirilən məhkəmə baxışının iclasında şahid qismində dindirilməzdən əvvəl bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti barədə ona xəbərdarlıq edilməsinə, bu barədə yazılı iltizama imza etməsinə və şahid andı içməsinə baxmayaraq, həmin iclasda şahid qismində verdiyi ifadəsində iş üzrə mühüm əhəmiyyətə malik halları təhrif etməklə təqsirləndirilən şəxs Ramin Paşayevin narkotik maddələrdən istifadə etməsinin şahidi olmadığını, ibtidai istintaq zamanı müstəntiqə də bu məzmunda ifadə verdiyini ibtidai istintaqda verdiyi ifadəsini oxumadığını və həmin ifadəsini təsdiq etmədiyini bildirsə də, onun məhkəmə baxışında vermiş olduğu ifadəsi işin digər halları ilə müqayisə edilərək sübut kimi qəbul edilməmiş, Cəlilabad Hərbi Məhkəməsinin 1-1(096)- 2/2025 saylı, 07 mart 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmış və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025ci il tarixli, 1(106)- 16/2025 nömrəli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış, bununla belə o, Cəlilabad Hərbi Məhkəməsində vermiş olduğu yalan ifadəsi ilə ədalət mühakiməsininin ədalətlilik və qanunçuluq prinsiplərinin pozulmasına yönəlmiş hərəkətlər edərək, məhkəmədə qəsdən bilə-bilə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2023-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən müddətdən artıq hərbi xidmətə çağırılmış, həmin hərbi hissədə xidmət etməyə başlamış, X7 xidmət müddətində tanımış, belə ki, o,həmin hərbi hissəyə təyin olunanda Ramin Paşayev də həmin hərbi hissədə, onunla birlikdə eyni divizionda, baş çavuş vəzifəsində xidmət aparmış, xidmət müddətində Ramin Paşayevlə dostluq münasibətləri olmuşdur. Həmin hərbi hissədə xidmət edərkən o Ramin Paşayevin narkotik maddələrdən istifadə etməsinin şahidi olmuşdur. 2024-cü ilin aprel ayında Hərbi Prokurorluğun istintaq idarəsindən Bəxtiyar adlı müstəntiq ona zəng edərək, cinayət işi üzrə şahid qismində dindirilməli olduğunu bildirmiş, o, 27 aprel 2024-cü il tarixdə Bakı şəhərində Hərbi Prokurorluqda şahid kimi ifadə vermişdir. Həmin vaxt cinayət işi üzrə bildiyi bütün xüsusatları danışmış, daha sonra bir neçə dəfə Cəlilabad Hərbi Məhkəməsinə çağırılmış, 07 fevral 2025-ci il tarixdə həmin cinayət işinə məhkəmədə baxılan zaman şahid qismində dindirilmişdir. O, həmin gün məhkəmədə koridorda gözləmiş, həmin vaxt iclas zalından hazırda adını xatırlamadığı şəxs onu içəri iclas zalına çağırmış, o, içəri girib özünü təqdim etmişdir. Hakim ondan masaya yaxınlaşmağını, şəxsiyyət vəsiqəsini təqdim etməyini və andla tanış olub, imzalamağı tələb etmiş, o, masaya yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etmiş, andın mətninə imza atmışdır. Daha sonra məhkəmə iclas katibi andın mətnini oxumuş, o da sonra andı təkrarlayaraq and içmişdir. Daha sonra kürsünün qarşısına keçmiş, burada hakim ona ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edib-etmədiyini soruşmuş, o da ibtidai istintaq zamanı verdiyi ifadəni bütövlükdə təsdiq etmədiyini bildirmiş və ibtidai istintaq zamanı hərbi prokurorluqda hal-hazırda verdiyi ifadədən fərqli olan yalan ifadə verdiyini bildirmişdir. Hərbi prokurorluqda ibtidai istintaq zamanı ifadəsində o, hərbi hissədə xidmət edərkən, baş gizir Ramin Paşayevin narkotik maddələrdən istifadə etməsinin şahidi olduğunu, Ramin Paşayevin qeyri-adekvat hərəkətlər etdiyindən sanki narkotik maddələrin təsiri altında sərxoş olduğunu görmüş, həmin vaxt Ramin Paşayev ona gülə-gülə narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Həmin cinayət işi Cəlilabad Hərbi Məhkəməsində baxılan zaman o bir neçə dəfə məhkəməyə çağırılmışdır. İlk dəfə məhkəmədə iştirak edə bilməmiş, ikinci dəfə getdikdə məhkəmə iclası təxirə salınmışdır. Üçüncü dəfə yəni 07 fevral 2025-ci il tarixdə məhkəmə prosesi başlayan zaman o, Ramin Paşayevin əleyhinə ifadə vermək istəməmiş, şəxsi münasibətləri əsas götürmüş, Raminin qohumları, ailə üzvləri də məhkəmə iclas zalında olduğundan o, da onlardan utanaraq yalan ifadə vermiş, yalan ifadə verməyə onu heç kim məcbur etməmişdir. Bu səbəbdən də məhkəmə iclası zamanı X5 narkotik vasitələrdən istifadə etməsinə şahid olmadığını, ibtidai istintaq zamanı müstəntiqə Ramin Paşayevin narkotik vasitələrdən istifadə etməsi barədə məlumatının olmamasını bildirmişdir. Həmçinin həmin vaxt yalan ifadə verməyə görə məsuliyyətin olması barədə xəbərdarlıq edilmiş, iltizama imza atmışdır. Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Ramin Paşayevin qohumları və ailə üzvlərini məhkəmə iclasına gördükdən sonra utanmış, Ramin Paşayev barəsində ibtidai istintaqda verdiyi ifadəsini dəyişdirərək, yalan ifadə vermiş, ibtidai istintaqda verdiyi ifadə tərəfindən icra edilmiş, sonuncu səhifədə olan “ifadəmi oxudum, öz sözlərimlə doğru yazılıb, ifadəmin düzgünlüyünü imzamla təsdiq edirəm” sözləri tərəfindən yazılmışdır. O, məhkəmə baxışında yalan ifadə verərək, avtomobili olmadığını bildirməsinə baxmayaraq, hadisə baş verən gün patrul nəfəri naryadına çıxdığını, Ramin Paşayevlə birlikdə ona məxsus nəqliyyat vasitəsində narkotik vasitə olan “marixuana” dan istifadə etdiyini bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmayan övladı var. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidin və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 2011-ci il tarixdən Cəlilabad Hərbi məhkəməsində iclas katibi vəzifəsində çalışmış, X9, X1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə və X3 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilməsi barədə ********* nömrəli cinayət işinə Cəlilabad Hərbi Məhkəməsində baxılmışdır. Həmin cinayət işi üzrə X9, X4 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə və X6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, bu prosesdə məhkəmə istintaqının gedişində məhkəmə iclas katibi kimi iştirak etmiş, Təqsirləndirilən şəxs və digərləri də həmin prosesdə şahid qismində iştirak etmiş, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə Cəlilabad hərbi məhkəməsində baxılan ********* nömrəli cinayət işi üzrə bilə-bilə yalan ifadə verməyə görə iltizama qol çəkərək, şahid qismində dindirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində hərbi hissədə xidmət edərkən baş gizir Ramin Paşayevin narkotik maddələrdən istifadə etməsinin şahidi olduğunu, Ramin Paşayevin qeyri-adekvat hərəkətlər etdiyindən sanki narkotik maddələrin təsiri altında sərxoş olduğunu gördüyünü, həmin vaxt Ramin Paşayev ona gülə-gülə narkotik maddələrdən istifadə etdiyini bildirdiyi deməsinə baxmayaraq, onun da iştirak etdiyi 07 fevral 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadənin həqiqəti əks etdirmədiyini bildirmişdir. Həmçinin məhkəmədə ifadə verərkən X5 narkotik vasitələrdən istifadə etməsinə şahid olmadığını və ibtidai istintaq zamanı müstəntiqə Ramin Paşayevin narkotik vasitələrdən istifadə etməməsi barədə məlumatlı olmadığını, məhkəmədə ifadə verərkən Ramin Paşayevlə birlikdə narkotik vasitədən istifadə etdiyini inkar etmiş, Bakı şəhərində tanımadığı şəxsdən marixuana alaraq istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzaladığını, ifadənin sadəcə son səhifəsini oxuduğunu bildirmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri hakim tərəfindən izah edilmiş, sonuncu ifadə verməkdən imtinaya və bilə-bilə yalan ifadə verməyə görə məsuliyyəti barədə iltizama yazılı surətdə imza çəkmişdir. İş materiallarına əlavə olunmuş 05 may 2025-ci il tarixli 1-1(096)-2/2025 nömrəli Cəlilabad Hərbi Məhkəməsindən daxil olmuş məktubun məzmunundan görünür ki, 07 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən cinayət prosesi tərəflərinin iştirakı ilə aparılan audio yazılar qeydə alınaraq diskə köçürülmüş və rayon prokurorluğuna təqdim edilmişdir. İşdə olan, Cəlilabad Hərbi Məhkəməsindən daxil olmuş 07 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının diskə qeydə alınmış audio yazısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, disk 1 ədəd, ağ rənglidir. Səs faylına daxil olduqda 15 dəqiqədən ibarət danışıq vardır. Təqsirləndirilən şəxs ilkin danışan şəxsin hakim olduğunu bildirdi. Audio yazının 01 dəqiqə 06 saniyəsinədək, məhkəmə iclasının texniki məsələləri müzakirə edilir. 01 dəqiqə 07 saniyədə Təqsirləndirilən şəxs çağırılır. Onun şəxsiyyətini müəyyən edən məlumatlar dəqiqləşdirilir. 02 dəqiqə 07 saniyədə hakim tərəfindən Təqsirləndirilən şəxs Ramin Paşayevi tanıyıb-tanımamasını, ədavət və qohumluğunun olub-olmamasını dəqiqləşdir və şahid qismində çağırıldığını bildirərək, həqiqəti danışmağı, yalan ifadə verməməyi tələb edir və bununla bağlı iltizama imza etməyə çağırır. Baxış zamanı Təqsirləndirilən şəxs masayayaxınlaşaraq, şəxsiyyət vəsiqəsini verdiyini və ona təqdim edilən iltizama imza etdiyini bildirir. Səs yazısının 02 dəqiqə 40 saniyəsindən 03 dəqiqə 10 saniyəsinədək olan hissəsində Təqsirləndirilən şəxs və ona elan edilən andı təkrarlayaraq and içir. Səs yazısının 03 dəqiqə 12saniyəsindən sonra hakim tərəfindən Təqsirləndirilən şəxs şahid qismində dindirilir. Hakim Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dindirilibdindirilməməsini dəqiqləşdirir. Təqsirləndirilən şəxs əvvəllər dindirilmədiyini bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs “ibtidai istintaq”-ın nə demək olduğunu bilmədiyinə görə dindirilmədiyini bildirdiyini qeyd edir. Səs yazısının 03 dəqiqə 59 saniyəsində hakim Təqsirləndirilən şəxs narkotik barədə nə bildiyini soruşuraraq, sərbəst ifadə verməsini bildirir. Təqsirləndirilən şəxs ibtidai istintaqda ona narkotiklə bağlı sual verildikdə bununla bağlı heç bir məlumatı olmadığını bildirir. Hakim tərəfindən dəqiqləşdirildikdən sonra Təqsirləndirilən şəxs əminliklə bildirir ki, bununla bağlı xəbəri yoxdur. Hakim prokurora müraciət edərək sualın olub-olmamasını soruşur. Prokuror Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edib-etməməsini soruşur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni xatırlamadığını bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirir ki, o məhkəmədə Ramin Paşayevin ailə üzvləri orada olduğundan, onları görərək utanaraq, həqiqətləri danışmağa çəkinmiş, yalan ifadə verərək, Raminin narkotik vasitələrdən istifadə edib-etməməsi barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində imzaların tərəfindən yazıldığını, həmçinin ifadəsinin son səhifəsindəki sözlərin tərəfindən yazıldığını bildirir. Səs yazısının 07 dəqiqə 57 saniyəsindən başlayaraq 12 dəqiqə 43 saniyəyədək, hakim tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi səsləndirilir. Səs yazısının 12 dəqiqə 47saniyəsində Təqsirləndirilən şəxs bildirir ki,ifadəsində göstərilənləri təsdiq etmir, onun ümumiyyətlə avtomobili olmamış, xidmət etdiyi müddət ərzində hərbi hissədə patrul nəfəri naryadına çıxmadığını bildirir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirir ki, 12 dəqiqə 43 saniyədə qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, həmin vaxt iclas zalında Ramin Paşayevin ailə üzvləri olduğundan avtomobilinin olmaması və ümumiyyətlə patrul nəfəri naryadına çıxmadığını bildirərək, yalan ifadə vermiş və Raminin əleyhinə ifadə verməməyə çalışmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, həmin audio yazıda Təqsirləndirilən şəxs hakim şahid qismində çağırıldığını bildirərək, həqiqəti danışmağı, yalan ifadə verməməyi tələb edir və bununla bağlı iltizama qol çəkdirir. Bu zaman Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq iltizama qol çəkir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında yalnız həqiqəti danışacağına and içir. Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəni xatırlamadığını, həmçinin ifadəsindəki imzaların onun tərəfindən yazıldığını, lakin istintaqda verdiyi ifadələri təsdiq etmədiyini bildirir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadənin həqiqətə uyğun olmadığını, Ramin Paşayevin ailə üzvlərinin məhkəmə iclas zalında olduğu üçün utandığını və onun əleyhinə ifadə vermək istəmədiyini bildirmişdir İşdə olan, X10 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi, həmçinin X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində icraatında olan ********* nömrəli cinayət işi üzrə 27 aprel 2025-ci il tarixli şahid dindirməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində X5 2023-cü ilin mart–aprel aylarının istintaqla müəyyən edilməmiş tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991-ci hərbi hissəsinin 4-cü divizionunun nəzarətburaxılış məntəqəsində növbətçi olduğu zaman narkotik vasitə olan qurudulmuş marixuana istifadə etməsini gördüyünü, habelə onunla birlikdə özünəməxsus “Mercedes” markalı nəqliyyat vasitəsində marixuana istifadə etdiyini bildirmiş, bu barədə tərtib olunmuş dindirmə protokolunu oxuyaraq imzası ilə təsdiq etməsi barədə protokolda qeyd aparmışdır. İşdə olan, 07 fevral 2025-ci il tarixli, 1-1(096)-2/2025 saylı Cəlilabad Hərbi Məhkəməsində keçirilmiş məhkəmə baxışı iclasının protokolundan çıxarışdan görünür ki, X10 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi, X3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə 07 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297 və 298-ci maddələrində nəzərdə tutulmuş “bilə-bilə yalan ifadə vermə və ifadə verməkdən imtina etmə” hallarına görə cinayət məsuliyyəti elan edilmiş və o bu barədə iltizama imza atmış, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 991-ci hərbi hissəsinin 4-cü divizionunda xidmət edərkən Ramin Paşayevi tanıdığını, sonuncu ilə dostluq münasibətinin yarandığını, lakin onun hər hansı narkotik vasitədən istifadə etməsinin şahidi olmadığını bildirmiş, ibtidai istintaqda da eyni məzmunda ifadə verdiyini, hərçənd həmin ifadə onun tərəfindən imzalansa da, ifadəni oxumaqda çətinlik çəkdiyindən məzmunu ilə tam tanış olmadığını qeyd etmiş, həmçinin Ramin Paşayevlə xidmətdə olarkən onunla birlikdə narkotik vasitə istifadə etmədiyini, ibtidai istintaqda həqiqəti danışmadığını, hazırda məhkəmə iclasında isə həqiqəti söylədiyini bildirmişdir. İşdə olan, 07 fevral 2025-ci il tarixli “cinayət işi üzrə şahid və ya zərərçəkmiş şəxsin iltizamı”nın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297 və 298-ci maddələri ilə nəzərdə tutulmuş ifadə verməkdən imtina etmə və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmiş və bu barədə iltizama qol çəkmişdir. İşdə olan, 24 aprel 2025-ci il tarixdə rayon prokurorluğundan Cəlilabad Hərbi Məhkəməsinə ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş 05 may 2025-ci il tarixli 1- 1(096)-2/2025 saylı cavab məktubunun məzmunundan görünür ki, Cəlilabad Hərbi Məhkəməsinin 07 mart 2025-ci il tarixli hökmü ilə N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu, baş gizir X10, vətəndaş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə və vətəndaş X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Həmin iş üzrə Ramin Paşayev və Rəhman Novruzlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş baxılması üçün Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. 07 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs şahid qismində dindirlən zaman Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan şəxslər, Ramin Paşayev, Rəhman Novruzlu ilə birlikdə müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili X8 videokonfrans əlaqə sistemindən istifadə etməklə qoşulmuşdur. Həmçinin məhkəmə iclas katibi Şahid həmin məhkəmə baxışında iştirak etmiş, həmçinin Cəlilabad Hərbi Məhkəməsinin 07 mart 2025-ciil tarixli hökmünün surəti prokurorluğa göndərilmişdir. İşdə olan, 07 mart 2025-ci il tarixli, 1-1(096)-2/2025 saylı Cəlilabad Hərbi Məhkəməsinin hökmünün məzmunundan görünür ki, şahid Təqsirləndirilən şəxs məhkəmənin və proses iştirakçılarının suallarına cavab olaraq hərbi xidmətdən narkotik maddələrdən istifadə etməsi səbəbindən tərxis edildiyini bildirmişdir. O, həmçinin ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ona hər hansı təzyiq göstərilmədiyini, dindirmə protokolu ilə tanış olduğunu və protokoldakı imzaların ona məxsus olduğunu təsdiq etmişdir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri mötəbər hesab edərək, onun məhkəmə iclasında verdiyi ifadələri rədd etmiş və həmin hissədə müvafiq qərar qəbul edilməsini zəruri hesab etmişdir. Beləliklə, ibtidai istintaq zamanı şahid Təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə iş üzrə toplanmış digər sübutların məcmusu ilə müqayisəli şəkildə tədqiq edilmiş, lakin göstərilən xüsusatlar öz təsdiqini tapmadığından, həmin ifadə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsaslandırılması zamanı sübut kimi qəbul olunmuş, nəticədə, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə, X4 eyni maddə ilə təqsirli bilinərək 12 il müddətinə, X6 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan, Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış sorğu əsasında rayon prokurorluğuna daxil olmuş, 1-1(106)-16/2025-ci il saylı, 14 avqust 2025-ci il tarixli məhkəmə qərarının məzmunundan görünür ki, X9 və X1 Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə, X3 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Cəlilabad Hərbi Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 1-1(096)-2/2025 nömrəli hökmü, təqsirləndirilən şəxslər X10 və X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahid ifadəsi və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan, İmişli rayonu İHB-nin Bəhrəmtəpə qəsəbə İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 40 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır vəyaşadığı yer üzrə müsbət xarakterizə olunur. Eyni zamanda Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələbinə əsasən barəsində amnistiya tətbiq edilməsini və cinayət təqibinə xitam verilməklə cəzadan azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 24-cü hissəsinə əsasən müdafiə tərəfinin yazılı razılığı olduğundan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndəndə qeyd edilir ki, məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 24-cü hissəsində qeyd edilir ki, birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir. İş materialları ilə müəyyən edilmişdir ki, həmin amnistiya qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər hazırkı iş üzrə Təqsirləndirilən şəxs aid deyildir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Cəlilabad Hərbi Məhkəməsində 07 fevral 2025ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən cinayət prosesi tərəflərinin iştirakı ilə aparılan audio yazılar qeydə alınaraq 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.12, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Cəlilabad Hərbi Məhkəməsində 07 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs şahid qismində dindirilərkən cinayət prosesi tərəflərinin iştirakı ilə aparılan audio yazılar qeydə alınaraq 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qərar 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar