Məhkəmə qərarları › İş №1(073)-149/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-149/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-149/2023 23.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, 2 az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Nəmirli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, Kələntərli qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,764 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 may 2023-cü il tarixdə saat 17 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 1 ildən artıq müddətdir psixotrop maddə istifadə edir. O, kənd təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. 01 may 2023-cü il tarixdə günorta saat 13 radələrində dostları ilə görüşüb çay içmək üçün Bərdə şəhərinə getmişdir. Həmin vaxt Bərdə şəhərindən evə gələn zaman yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 02 may 2023-cü il tarixdə təxminən saat 13 radələrində Bərdə şəhərində olan zaman dostuna zəng edərək Masallıya gəzməyə gəlmək istədiyini bildirmişdir. Dostu ona etiraz etməmiş və o, evdən çıxaraq avtovağzala getmişdir. Orada Ceyhun adlı şəxsin avtomobillə müştəri axtardığını görüb ondan 100 manata Masallıya aparmasını istəmişdir. Həmin şəxsdə onunla razılaşmışdır. Daha sonra onun idarə etdiyi avtomobilə əyləşib yola düşmüşdür. Yolda olan zaman o, Ceyhuna 50 manat vermiş və geri qalanını da evə qayıtdıqda verəcəyini bildirmişdir. Təxminən saat 17 radələrində Cəlilabad rayonu ərazisində olan zaman Ceyhun su istədiyini bildirmiş və o, ondan avtomobili marketin qarşısında saxlamasını və su alacağını bildirmişdir. O, marketdən su almaq üçün marketə gedən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmiş və onlara etiraz etməyərək onlarla birlikdəşöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polisəməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində 2 az yaşlı uşağı vardır. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Bərdəşəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədəəməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar polis əməkdaşı Şahid1 tərəfindən şöbə rəhbərliyinə məlumat verilmiş və Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs həmin prospektdə X2 məxsus “Hyundai Aksent” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobildə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibində bir bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Təqsirləndirilən şəxs üzərində axtarış aparmamış və bu məqsədlə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdəşöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş vəüzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli dəri gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdəşəffaf sellofana bükülmüş halda metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin metamfetamini şəxsi istifadəsi üçün Bərdə şəhəri ərazisində yerdən tapmış, həmin metamfetamindən istifadə etməmiş və heç kimə verməmişdir. Həmin maddədən taksi sürücüsü olan X1 məlumatı olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qara rəngli dəri gödəkçəsinin sol yan cibindən “İphone 6” markalı mobil telefon, enerji doldurmaq üçün cihaz başlığı və usb tipli naqili, gödəkçənin sol döş cibindən plastik pul kartı, sağ yan cibindən göy rəngli qələm borusu, qəhvəyi rəngli şalvarının sol cibindən 2 ədəd “Keno” markalı siqaret qutusu və sağ cibindən 1 ədəd Keno markalə siqaret qutusu aşkar edilmişdir. Həmin əşyalardan mobil telefon işüçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Digər əşyalar işüçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Onun üzərində qanunla qadağan olunmuş hər hansıəşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidəçəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 0,83 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü “DİN Zərflər üçün 141” möhürü ilə möhürlənmiş vəüzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadələri elan və tədqiq edilmiş şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid1 və Şahid3 ifadələrindən görünür ki, onlarda Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə haqqında” protokoldan və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan RespublikasıƏN-nin MEM-nin X8 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 may 2023-cü il tarixli, 19/508 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 0,764 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (Ümumi təmiz çəkisi 0,764 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş və 0,714 qram qalıq qalmışdır). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X3 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 510 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İHB-nın Kələntərli kənd İƏDÜ nümayəndəliyindən verilmiş, 08 iyun 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Bərdə rayonu, Kələntərli kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi: atası 1970-ci il təvəllüdlü X10, 1970-ci il təvəllüdlü anası X5,2020-ci il təvəllüdlü qızı X7 və 2021-ci il təvəllüdlü oğlu X6 ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş Ağdam rayon Hərbi Komisarlğı tərəfindən verilmiş 060881 nömrəli vəsiqənin surətindən görünür ki, X10 müharibə veteranıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, himayəsində 2 az yaşlı uşağının olması, atasının müharibə veteranı olması və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən saat 11:30-da azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,714 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat təqsirləndirilən şəxs X4 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 02 may 2023-cü il tarixdən 04 may 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bərdə şəhəri, Kələntərli qəsəbəsində yerləşən fərdi yaşayış evini tərk etməmək, Bərdə rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bərdə Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,714 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar