Məhkəmə qərarları › İş №1(073)-149/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-149/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-149/2024 12.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:00 X5 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1999-cu ildə Cəlilabad rayonu, Abdullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Abdullu kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri Səttərxan küçəsi ev 07-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 iyun 2024-cü il tarixdə saat 17:30-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində, Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofana bükülmüş xeyli miqdarda, yəni təmiz çəkisi 0,943 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, əvvəllər başqa növ narkotik vasitələrdən bir dəfə istifadə etmişdir. 06 iyun 2024-cü il tarixdə təxminən saat 10-11 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində “Bağ” adlanan ərazinin yaxınlığında piyada gəzməyə çıxmışdır. Həmin vaxt küçə ilə gedərkən yolun kənarında yerdə 1 ədəd şəffaf sellofana bükülmüş bükülü görmüş və ətrafda da heç kim olmamışdır. Həmin şəffaf sellofanda olan bükülü ona şübhəli gəldiyi üçün yerdən götürüb içərisinə baxmış və bu zaman bükülünün içərisində metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu görmüşdür. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra psixotrop maddəni əynində olan qara rəngli idman şalvarın sağ yan cibinə qoymuş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, lakin istifadə etməmişdir. 06 iyun 2024-cü il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektinə hava almaq məqsədilə piyada gəzməyə çıxmış və bu zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişdir. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməsini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis Şöbəsində təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib, bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Ona Cəlilabad rayon vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş yə razılığı ilə Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. O da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 1,00 qram olduğu müəyyən edilmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Onu polis əməkdaşları tutan zaman, üzərində şəxsi axtarış başlanmazdan əvvəl və həmçinin şəxsi axtarış aparılan zaman ona qarşı heç bir zorakılıq hərəkətləri, psixi təzyiq etməmişlər. Törətdiyi cinayət əməlindən peşmandır, ilk dəfədir cinayət törədir, himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir, bir də belə hərəkətlərə yol verməyəcək. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 06 iyun 2024-cü il tarixdə Cəlilabad rayonu, Abdullu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və güclü təsiredici maddələri əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Afıq Əzimovun şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi ondan və Cəlilabad RPŞ-nin KQ-nin F və DH üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrüpu yaradılmışdır. 06 iyun 2024-cü il tarixdə saat 17:30-da X6 şəhəri, H.Əliyev prospektində saxlayaraq, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Afıq Əzimovun üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra birlikdə təhqiqatçının xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Afıq Əzimov ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı, X2 üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra, təhqiqatçı, X3 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülümüş bükülünü çıxardaraq, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirib təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda həmin maddənin şüşə olduğunu, 06 iyun 2024-cü il tarixdə təxminən saat 10-11 radələrində Cəlilabad şəhərində “Bağ” adlanan ərazinin yaxınlığında yolun kənarında yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisinə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,00 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddəyə banzər kütlə zərfə qoyularaq üzəri möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin KQ-nin F və DH üzrə kiçik inspektoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində şüşə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli 19/477 nömrəli rəydən görünür ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,943 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,893 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2024-cü il tarixli, 533 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Stimulyatorlardan istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon İHB-nin Astanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli 5-41/2-2-159/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020-ci il təvəllüdlü X7, 2022-ci il təvəllüdlü X4 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan, Cəlilabad RİHB-nın Astanlı kənd İnzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 06 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə saat 17:55-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 08 iyun 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin MYSdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2024-cü il tarixdə saat 16:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,893 qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 06 iyun 2024-cü il tarixdən 08 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri Səttərxan küçəsi ev 07-də yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,893 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar