Məhkəmə qərarları › İş №1(073)-151/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-151/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-151/2023 10.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:35 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Cəlilabad rayonunun Komanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəl məhkum olunmamış, Cəlilabad rayonu Komanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyul 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad rayonu Komanlı kəndində keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı evin mətbəxində aralarında şəxsi ədavət zəmnində yaranmış mübahisə zamanı sonuncunun sifət nahiyyəsinə sillə zərbəsi vuraraq, ona sağ yanağın və alt dodağın sağ yarısının selikli qişasında əzilmiş yara, alın, burun nahiyyəsində qançırla nəticələnən xəsarətlər yetirərək Zərərçəkmiş şəxs saçından tutub evin həyətinə aparıb yumruq və təpik zərbələri ilə onun bədənin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sol sağrı və sol bud nahiyyəsində qançırla nətilənən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan ədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 2010-cu ildə rəsmi nikahla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var. Zərərçəkmiş şəxs ilə rəsmi olaraq 2018-ci il fevral ayında boşanmışlar. Həmin vaxtdan o və ailə üzvülərinin Şəfəqlə münasibəti olmamışdır. 2021-ci ildən Şəfəq Əliyev və övladları onun tikdirdiyi evdə yaşamışlar. 02 iyul 2023-cü il il tarixdə saat 19 radələrində o, valideyinlərinin evindən çıxıb, Şəfəqin yaşadığı evə gedərək sonuncuya demişdir ki, “sənin bu evdə nə vaxta kimi yaşamaq fikirin var”. Zərərçəkmiş şəxs isə heç bir söz deməyib başını aşağı salaraq suallarına cavab verməmişdir. O da əsəbləşərək, sol əli ilə Şəfəqin sifət nahiyyəsinə 1-2 dəfə sillə zərbəsi vurmuş, sonra paltarından tutub sürüyərək evdən həyətə çıxartmışdır. Həyətdə isə 1-2 dəfə əliylə və təpiklə Zərərçəkmiş şəxs bədəninə və qıçlarına zərbələr vurmuşdur. Bu zaman atası və anası Şəfəqin qışqırıq səsini eşidib onlara yaxınlaşmış və atası onu həyətdən çıxarıb öz evinə aparmışdır. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuş, onların iki övladı vardır. 2018-ci ildə məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs boşanmış, həmin vaxtdan iki övladı ilə birlikdə ayrı yaşamışdır. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında işlədiyi üçün mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmişdir. 02 iyul 2023-cü il tarixdə saat təxminən 19 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş, “sən nə vaxta kimi bu evdə yaşayacaqsan, bu ev mənimdir” sözlərini demiş, sonra Təqsirləndirilən şəxs onun sifət nahiyyəsinə sillə zərbəsi, bədəninin müxtəlif nahiyyələrinə isə təpik və yumruqla vurmuş, saçından tutub sürüyərək evdən həyətə çıxarmışdır. Onun qışqırıq səsinə Rəfailin atası Əliyar, anası Gülpəri gəlmiş, onu Rəfailin əlindən almışlar. Hazırda təqsirləndirilən şəxs Rəfail Hüseyovla barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, barışmalarının nəzərə alınmasını xahiş edir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin PHŞ Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 03 iyul 2023cü tarixli 592 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ yanağın və alt dodağın sağ yarısının selikli qişasında əzilmiş yara, alın, burun, sol sağrı və sol bud nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 02 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və barışmalarının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbinin olmadığını göstərərək cinayət məsuliyyətindən azad olunub, barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmış, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar