Məhkəmə qərarları › İş №1(073)-154/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-154/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-154/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri Azərbaycan küçəsi ev 16-da qeydiyyatda olan və Cəlilabad şəhəri Xətai küçəsi ev 80-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1,218 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroini əldə edib daşımaqla üzərində saxlamış, 19 may 2023-cü il tarixdə saat 20:00-da Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri Xətai küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan bükümün içərisindən həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığını təmin edir. 19 may 2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Cəlilabad şəhəri Xətai küçəsi ilə piyada hərəkət etdiyi zaman iki nəfər mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər və o, polis əməkdaşlarının dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlməyə razılıq vermişdir. Rayon polis şöbəsində onun üzərində hüquqlarını müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı bir bükümdə olan heroini təqdim etmişdir. Təqdim etdiyi həmin heroinə baxış keçilirdikdən sonra onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş heroini 18 may 2023-cü il tarixdə Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazidə piyada hərəkət edən zaman yerdən tapmış, lakin həmin heroindən istifadə etməmişdir. Sonuncu dəfə tutulmamışdan 3- 4 ay əvvəl narkotik vasitə istifadə etmişdir. Cəlilabad rayon polis şöbəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zor tətbiq edilməmiş, özü könüllü olaraq polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyə razılıq vermişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində üç azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhər ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 19 may 2023-cü il tarixdə saat 20:00 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri Xətai küçəsi ərazisində əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən beş dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi üçün müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində ona təqdim edilmiş müdafiəçisinin və onların iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin kütləni bir gün əvvəl Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan ərazidə piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən bir ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin kütləni bir gün əvvəl Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan ərazidə piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 29 may 2023-ci il tarixli 19/564 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə....” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,218 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 1,168 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 05 iyun 2023-cü il tarixli 594 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitədən istifadə halları istisna olunmur. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı üç azyaşlı uşağı vardır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli 7(002)-79/2023 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. İş materiallarında olan, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 26 iyul 2023cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın 26 iyul 2023-cü il tarixə kimi çəkilməmiş qalan hissəsi 11 ay 07 gün təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bundan sonra Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəzanın çəkilməmiş müddəti ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 19 may 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2023-cü il tarixdə saat 20:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2023-cü il tarixdə saat 16:30-da MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Həmçinin məhkəmə hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) günü hazırki hökmlə ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,168 qram qalan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) günü Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 19 may 2023-cü il tarixdən 21 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,168 qram qalan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar