Məhkəmə qərarları › İş №1(073)-155/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-155/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-155/2024 04.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:50 X7 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxx 1998-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 7 ay 17 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 09 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, Cəlilabad rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 30 aprel 2024cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 mart 2024-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra sonuncunun evinin həyətinə məftil hasarın üzərindən keçərək qanunsuz daxil olub həyətdə quraşdırılmış dəyirmanın 750 manat dəyərində 12 kilovatlıq, 3 faza, fırlanma anı 2910 olan elektrik mühərrikini yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 mart 2024-cü il tarixdə saat 23 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra, məftil hasarın üzərindən keçərək sonuncunun evinin həyətinə qanunsuz daxil olub orada gözləmiş, 07 mart 2024-cü il tarrixdə saat 05 radələrində evin zirzəmisinin bağlı vəziyyətdə olan dəmir qapısını açmış və zirzəmiyə qanunsuz daxil olaraq oradan 1 metrinin qiyməti 5 manat olan 1x25 ölçüdə 16 metr uzunluqa 80 manat dəyərində mis materialdan olan elektrik naqilini, 1 metrinin qiyməti 3 manat olan 1x16 ölçüdə 12 metr uzunluqda 36 manat dəyərində mis materialdan olan elektrik naqilini, 1 metrinin qiyməti 6 manat olan 4x6 ölçüdə 10 metr uzunluqda 60 manat dəyərində elektrik naqilini, 1 metrinin qiyməti 2 manat olan 2x2.5 ölçüdə 22 metr uzunluqda 44 manat dəyərində mis materialdan olan elektrik naqilini, 1 ədədi 90 manat dəyərində olan 3 ədəd “Aqadel” markalı su mühərriki, “Vaz-21011” markalı avtomobilə aid 1 ədəd 70 manat dəyərində karbiratoru, 1 ədəd 20 manat dəyərində yanacaq nasosunu, 1 ədəd 40 manat dəyərində mis materildan olan radiator və 1 ədəd 65 manat dəyərində startedi, yəni zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus ümumi dəyəri 655 manat olan əmlakı saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 aprel 2024-cü il tarixdə saat 02 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək sonuncunun evinin həyətinə qanunsuz daxil olmuş, evin həyətində yerləşən tövlənin bağlı vəziyyətdə olan qapısını açıb tövləyə qanunsuz daxil olaraq oradan 300 manat dəyərində 1 ədəd qoyunu saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 aprel 2024-cü il tarixdə saat 03 radələrində Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək sonuncunun evinin həyətinə qanunsuz daxil olmuş, evin həyətində yerləşən tövlənin bağlı vəziyyətdə olan qapısını açıb tövləyə qanunsuz daxil olaraq oradan 350 manat dəyərində 1 ədəd qoyunu saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 10,257 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 30 aprel 2024-cü il tarixdə, saat 22:00-da Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən əynindəki boz rəngli parça şalvarın sol yan cibindən 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, 05 mart 2024-cü il tarixdə yaşadığı evdə atası ilə mübahisə etmiş və evi tərk edib küçəyə çıxmışdır. Maddi imkanı zəif olduğundan özünə siqaret və ərzaq almağa pulu olmamışdır. Bacısı Cəlilabad rayonu, Ocaqlı kəndində kirayədə yaşayır və o, tez-tez bacısına dəyməyə getmişdir. 06 mart 2024cü il tarixdə günorta saatlarında bacısının yaşadığı Cəlilabad rayonu, Ocaqlı kəndinə getmişdir. Yoldan keçəndə tanımadığı şəxsə məxsus fərdi yaşayış evinin arxasında yola tərəf köhnə işləməyən balaca un dəyirmanı görmüş və həmin dəyirmandan oğurluq etmək qərarına gəlmişdir. Buna görə həmin ərazidə vaxt keçirib havanın qaralmağını gözləmişdir. 06 mart 2024-cü il tarixdə saat təxminən 22 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən tanımadığı şəxsə məxsus fərdi yaşayış evinin arxasında olan işləməyən balaca un dəyirmarin yerləşdiyi küçəyə gəlmişdir. Ətrafa baxmış və ərtafda heç kimin olmadığını müəyyən etmişdir. Bundan sonra, məftil hasarın üzərindən keçib həyətə daxil olaraq dəyirmana yaxınlaşmış və dəyirmana yaxınlaşanda aparatın üstündə balaca dəmir qapağı əyilmiş mühərrik olduğunu görmüşdür. Həmin mühərrik dəmirin üstünə qoyulmuş, dörd tərəfində bolt yeri olmuş, lakin boltla bağlanmamış, cərəyandan ayrılmış və üstü də paslı vəziyyətdə olmuşdur. Həmin mühərriki yerindən götürüb məftil hasarın üzərindən keçərə küçəyə çıxmış və yolun kənarı ilə gəldiyi yerdən qayıtmışdır. Həmin dəyirmanın yerləşdiyi küçənin qurtaracağında məişət tullantısı atılan ərazidə mühərriki dərin qazılmış yerdə gizlətmişdir. Bundan sonra kənddən çıxıb yaşadığı evə, yəni Cəlilabad rayonu, Qarazəncir kəndinə qayıtmışdır. Həmin gün anası evdə olmuş, anasını çağırıb gödəkçəsini istəmiş və anasına atası ilə mübahisə etdiyi üçün evə gəlməyəcəyini demişdir. Evdən çıxıb yaşadığı küçənin baş tərəfinə getmiş və küçədə 5-10 dəqiqə gözləmişdir. Həmin zaman özünə gecə qalmaq üçün yer axtarmışdır. Həmin gün təxminən saat 23 radələrində gecə qalmaq üçün yaşadığı evdən 8 ev aralıda yerləşən Vüqar adlı şəxsə məxsus yaşayış olmayan fərdi yaşayış evinin həyətinə daxil olmaq qərarına gəlmişdir. Həmin ev küçədən şifer çəpər və dəmir setka ilə hasarlanmışdır. Evin ayaqyolu tərəfində yerləşən dəmir setka küçədən əyilmiş vəziyyətdə olmuş və o, da həmin setkanın üzərindən keçərək həyətə daxil olmuşdur. Evin qarşısına gəlib evin girişində olan pilləkənin altında boş yer olduğunu görmüş və orada oturmuşdur. Bundan sonra onu yuxu tutmuş və orada yatmışdır. 07 mart 2024-cü il tarixdə saat 05 radələrində yuxudan oyanmış və ətrafa baxanda evin altında balaca dəmir qapı olduğunu görmüşdür. Həmin qapının evin zirzəmisinin qapısı olduğunu müəyyən etmiş və oraya daxil olub oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığını müəyyən etdikdən sonra dəmir qapıya yaxınlaşıb qapını açmış və zirzəmiyə daxil olmuşdur. Zirzəmidə 1 ədəd karbirator, 1 ədəd radiator, 1 ədəd benzin nasos, 1 ədəd starter, 3 ədəd “Aqadel” markalı su mühərriki və müxtəlif ölçülü kəsilmiş elektrik naqilləri olduğunu görmüşdür. Həmin əşyaları oğurlamaq qərarın gəlmiş və evin zirzəmisində olan 2 ədəd boş un kisəsini götürüb 1 ədəd karbirator, 1 ədəd radiator, 1 ədəd benzin nasos, 1 ədəd starter, 3 ədəd “Aqadel” markalı su mühərriki və müxtəlif ölçülü kəsilmiş elektrik naqillərini həmin kisələrə yığmış və zirzəmidən çıxıb həyətdə oturmuşdur. Təxminən saat 09 radələrində həmin evi daxil olduğu yerdən, yəni dəmir setkanın üzərindən keçərək oranı tərk etmiş və oğurladığı əşyalarla birlikdə piyada Cəlilabad rayonu, Ocaqlı kəndinə məişət tullantılarının yerləşdiyi yerə, yəni un dəyirmanından oğurladığı mühərriki gizlətdiyi yerə gəlmişdir. Mühərriki oradan götürüb ətrafda olan qara rəngli sellofanının içərisinə qoymuşdur. Həmin kisələri və sellofanı əlində götürüb yolun kənarına gəlmişdir. Yolda tanımadığı taksilərdən birinə əl eldib saxlatdırmış və rayona getmək istədiyini demişdir. Taksi ilə Cəlilabad rayonunda bazarın yanına gəlib orada taksidən düşmüşdür. Bazarın yanında tanımadığı taksilərdən yaxınlıqda metal qəbulu məntəqəsinin olub-olmadığını soruşmuşdur. Onlar da ona rayonda “Sil-silə” adalanan əraziyə yaxın yerdə metal qəbulu məntəqəsinin olduğunu demişdir. Həmin gün günorta saatlarında yoldan keçən tanımadığı taksilərdən birinə minib Cəlilabad rayonunda “Sil-silə” adlanan ərazidə yerləşən metal qəbulu məntəqəsinə gəlmişdir. Vüqar adlı şəxsə məxsus daimi yaşayış olmayan fərdi yaşayış evinin altında anbardan götürdüyü 1 ədəd karbirator, 1 ədəd radiator, 1 ədəd benzin nasosu, 1 ədəd started, 3 ədəd “Aqadel” markalı su mühərriki, müxtəlif ölçülü kəsilmiş cərəyan kabellərini metal qəbulu məntəqəsində tanımadığı şəxsə vermiş və onları nə qədər pul müqabilində alacağını soruşmuşdur. Həmin tanımadığı şəxs həmin əşyaları tərəzidə çəkmiş və onların müqabilində ona 23 manat 30 qəpik pul verəcəyini bildirmişdir. Daha sonra un dəyirmanından götürdüyü su mühərrikini də ona vermiş və nə qədər pul müqabilində alacağını soruşmuşdur. Həmin şəxs mühərrikə baxmış və 35 manat pul müqabilində həmin mühərriki ondan götürə biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb mühərriki də ona vermiş və həmin şəxs də həmin əşyaların müqabilində ona cəmi 58 manat 30 qəpik pul vermişdir. Həmin zaman onu gətirən tanımadığı taksi küçədə gözləmişdir. Küçəyə çıxıb aldığı puldan 3 manat taksiyə vermiş və taksi çıxıb getmişdir. Bundan sonra rayon ərazisində marketlərdən birinə girib özünə 1 paçka siqaret, 1 ədəd şirin su, 1 ədəd çörək və 2 manatlıq kolbasa almışdır. Yolda kolbasını yedikdən sonra parkın yanında tanımadığı taksilərdən birinə minib yaşadığı kəndin baş tərəfinə gəlib orada düşmüş və oradan da piyada evə getmişdir. Zərərçəkmiş şəxs3 əvvəllər tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs3 yaşadığı evin həyətindən qoyunları o, oğurlamamışdır. Polis əməkdaşları onu döydükləri üçün həmin oğurluq hadisəsini də boynuna götürmüşdür. Əslində isə həmin oğurluq hadisələrindən onun xəbəri yoxdur. Həmçinin 30 aprel 20024cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb Polis Şöbəsinə gətirmişlər. Polis Bölməsində polis əməkdaşları ona təzyiq edərək baxış zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı üzərinə götürməsini tələb etmişlər. O da qorxduğu üçün videoçəkiliş zamanı və vəkilin şifahi sorğusu zamanı həmin narkotik vasitənin ona məxsus olmasını, 29 aprel 2024-cü il tarixdə, saat 15 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən aptekin qarşısından tapdığını, özü qəbul etmək üçün əynindəki şalvarın sol yan cibinə qoyub saxladığını bildirmişdir. Əslində isə onun üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuana ona məxsus deyil, polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Törətdiyi oğurluq cinayət əməllərindən peşmandır. Zərərçəkmişlərdən Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam ödəmişdir. Bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus tövlədən qoyunları oğurlamasını, həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan törətmiş olduğu cinayət əməlini etiraf etməsə də, onun ittiham olunduğu həmin cinayətləri törətməsi işin ibtidai istintaqda verdiyi özününü cinayəti etiraf ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla aşağıdakı qaydada tam sübuta yetirilir və məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus qoyunları oğurlamasını və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi isə onun özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, 2014-cü il tarixdə özünə məxsus təsərrüfatda işlətmək məqsədi ilə mini un dəyirmanı almaq istəmiş və rayonda tanıdığı adamlardan bu barədə maraqlanmışdır. Cəlilabad rayonunda bazarda mini un dəyirman aparatı satan tanımadığı şəxslə rastlaşmış və həmin şəxs ona 1750 manata dəyirman aparatını satdığını bildirmişdir. Onunla razılaşmış və həmin mini un dəyirmanı aparatını yaşadığı ünvana gətirməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs dəyirman aparatını kənddə yaşadığı ünvana gətirmiş və yerində işlədiyini yoxlamışdır. Bundan sonra dəyirman aparatı xoşuna gəlmiş və satan şəxsə 1750 manat pul ödəyib həmin dəyirman aparatını almışdır. Həmin mini un dəyirmanı aparatını Cəlilabad rayonu, Qarazəncir kəndində yaşadığı evin arxa hissəsində həyətdə maşın yoluna yaxın yerdə quraşdırmışdır. Dəyirman aparatının yerləşdiyi yer qanuni sənədlərlə onun torpağıdır. Hətta kənd camaatına köməklik məqsədi ilə onların arpa və buğdalarını həmin mini dəyirmanda çəkərək onlara vermişdir. Oğurluq hadisəsi baş verənə kimi 2 aya yaxındır ki yaşadığı evin arxa tərəfində quraşdırdığı mini un dəyrimanı aparatını müvəqqəti işlətməmiş və elektrik naqillərindən ayırmışdır. Buna səbəb dəyirmanın bıçaqlarının yağlanmaya, itilənməyə və remenlərinin yenilənməsinə ehtiyac yaranması olmuşdur. 01 mart 2024-cü il tarixdə saat 09 radələrində mal-heyvanı örüşə aparanda evin arxasında yerləşən dəyirman aparatının yaxınlığından keçərkən aparatın elektrik mühərrikinin yerində olduğunu görmüşdür. Heyvanları hər səhər aparanda dəyirman aparatının yaxınlığından keçirmiş, lakin dəyirman aparatına diqqətlə baxmamışdır. 08 mart 2024-cü il tarixdə saat 09 radələrində mal-heyvanları yenidən örüşə aparırmış və bu zaman təsadüfən yaşadığı evin arxa hissəsində yerləşən mini un dəyirmanı aparatına baxmışdır. Bu zaman mini un dəyirmanı aparatının üstündə elektrik mühərrikinin olmamasını görmüşdür. Dərhal DİN-nin 102-xidməti-zəng mərkəzinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Dəyirman aparatının elektrik mühərrikin üzərində Türkiyə istehsalı sözləri yazılmış, üzərində 1,30 sm qalın mis kabel olmuş, soyuducu-qoruyucu qapağının dəmirdən, korpusunun dur metaldan olmuş, 12 kilovatlıq, 3 fazalı, 2910 sürət gücündə olmuş, həmin elektrik mühərrikinin bazar qiyməti 750 manat olmuşdur. Həmin elektrik mühərrikinin oğurlanması nəticəsində ona 750 manat maddi ziyan dəymişdir. Halhazırda o, Təqsirləndirilən şəxsla barışmamış, ona dəymiş maddi ziyan ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və il ərzində 3-4 dəfə yay tətillərini çıxmaq şərti ilə Bakı şəhərindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Evin altında yerləşən zirzəmidə “Vaz-21011” markalı avtomobilinə aid 1 ədəd karbirator, 1 ədəd radiator, 1 ədəd benzin nasos, 1 ədəd starter, 3 ədəd su mühərriki və ümumi diametri fərqli olan 70 metr uzunluğunda elektrik kabelləri saxlamışdır. 2024-cü ilin yanvar ayının əvvəllərində 1-2 günlük Bakı şəhərindən Cəlilabad rayonu, Qarazəncir kəndinə yaşadığı evə gəlmiş və həyəti səliqəyə salmışdır. Bu zaman evin altında yerləşən zirzəmiyə baxanda bütün əşyaların yerində olduğunu görmüşdür. 01 may 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhərindən Cəlilabad rayonu, Qarazəncir kəndinə yaşadığı evə gəlmişdir. Evin zirzəmisinə baxmış və zirzəmidə saxladığı “Vaz-21011” markalı avtomobilə aid 1 ədəd karbirator, 1 ədəd radiator, 1 ədəd benzin nasos, 1 ədəd starter, 3 ədəd su mühərriki və ümumi diametri fərqli olan 70 metr uzunluğunda elektrik kabellərinin yerində olmadığını görmüşdür. Evin zirzəmisindən çıxıb həyəti gəzmiş və həmin əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Bundan sonra Cəlilabad Rayon Polis Şöbəsinə gəlib ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə müraciət etmişdir. Oğurluq hadisəsi 2024- ci ilin yanvar ayının əvvəllərindən 2024-cü ilin may ayının 1-ə kimi olan müddət ərzində baş vermişdir. Oğurlanmış su mühərriklərindən 1 ədədi “Aqadel” markalı olmuş, onu 10 il əvvəl almış, digər 2 ədəd su mühərrikini 3 il əvvəl almış, onlar da “Aqadel” markalı olmuşdur. Həmin su mühərriklərinin 1 ədədinin qiymətinin 80 manat olmuşdur. “Vaz 21011” markalı avtomobilə aid olan oğurlanmış 1 ədəd startedi işlənmiş vəziyyətdə 65 manata, 1 ədəd karbiratoru az işlənmiş vəziyyətdə 70 manata, 1 ədəd istilik radiatorunu (mis metal) işlənmiş vəziyyətdə 40 manata, 1 ədəd benzin nasosu işlənmiş vəziyyətdə 20 manata almışdır. Oğurlanmış elektrik naqillərini 1 il əvvəl təzə almış, həmin naqilləri 1 metrinin qiyməti 5 manat olan 1x25 ölçüdə, 16 metr uzunluqda, 1 metrinin qiyməti 3 manat olan 1x16 ölüçdə, 12 metr uzunluqda, 1 metrinin qiyməti 6 manat olan 4x6 ölçüdə, 10 metr uzunluqda, 1 metrinin qiyməti 2 manat olan 2x2,5 ölüçdə, 22 metr uzunluqda olub və həmin naqillər mis materialdan olmuşdur. Oğurlu nəticəsində ümumilikdə ona 655 manat maddi ziyan dəymişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən yaşadığı evin həyətində olan tövlədə qoyun saxlayır. 12 aprel 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində yerləşən tövləyə getmiş və tövlənin qapısını açıb qoyunlara baxmışdır. Qoyunları saymış və müəyyən etmişdir ki, qoyunlardan biri yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, axşam kimsə onun qoyununu oğurlayıb. Bu barədə heç kimə məlumat verməmişdir. 29 aprel 2024-cü il tarixdə səhər saatlarında hər gün olduğu kimi yaşadığı evin həyətində yerləşən tövləyə getmiş, tövlənin qapısını açıb qoyunlara baxmış, qoyunları saymış və müəyyən etmişdir ki, yenə də qoyunlaraan biri yoxdur. Bundan sonra ona məlum olmuşdur ki, yenə də axşam kimsə onun qoyununu oğurlayıb. Bu bardə qardaşı X4 məlumat vermiş və qardaşı İntiqam öz mobil telefonu ilə DİN-in 102 Xidməti Zəng Mərkəzinə müraciət edib bu barədə məlumat vermişdir. Daha sonra yaşadığı ünvana polis əməkdaşları gəlmiş, onlara baş vermiş oğurluq hadisələri barədə ətraflı məlumat vermiş və Cəlilabad RPŞ-nə bu barədə ərizə ilə müraciət etmişdir. Oğurlanmış qoyunlardan 12 aprel 2024-cü il tarixdə oğurlananın erkək qoyun olmuş, diri çəkisi təxminən 30 kiloqram, qiymətinin isə təxminən 300 manat olmuşdur. 29 aprel 2024-cü il tarixdə oğurlanan qoyunun isə dişi qoyun olmuş, diri çəkisinin təxminən 40 kiloqram, qiyməti isə təxminən 350 manat olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 650 manat maddi ziyan dəymişdir. Halhazırda o, Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəmə istintaqında ifadə verərək göstərdi ki, o, Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 aprel 2024cü il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, daşıması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə qrup üzvü kimi o, və Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 30 aprel 2024-cü il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Qarazəncir kəndində saxlayaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişdirlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etdikdən sonra birlikdə təhqiqatçı İbrahim Əsədlinin xidməti otağına gəlmişdirlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon Vəkillər Bürosunun vəkili X6 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq içərisində narkotik vasitə marixuana olduğunu bildirib təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd bükülüdə aşkar olunan narkotik vasitənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin kütlənin “nəşə” olduğunu, 29 aprel 2024-cü il tarixdə saat 15 radələrində Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən aptekin qarşısında olan mağazanın qarşısında yerdən tapdığını və gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, şəxsi axtarış apararkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusu aşkar edilmiş və həmin əşya iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükülüyə baxış keçirilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu aşkir olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin ümumilikdə çəkisi 10,66 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis Şöbəsində olarkən ona qarşı hər hansı bir formada təzyiq və zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin müdafiəçinin sualına cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 01 may 2024-ci il tarixli 19/381 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 10,257 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,157 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 02 may 2024-cü il tarixli, 402 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 11 may 2024-cü il tarixli, 1339 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixisxəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 05 iyun 2024-cü il tarixli 19/416 nömrəli rəyində göstərilmişdir ki, analoji mallara müvafiq olaraq ekpsertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 337.00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istehsal Jli, istismar müddəti, keyfiyyəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İşdə olan, 08 mart 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Ocaqlı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs1 hadisə yerini təqdim etmişdir. İşdə olan, 29 aprel 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisələri Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlədə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs3 hadisə yerini təqdim etmişdir. İşdə olan, 01 may 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs2 hadisə yerini təqdim etmişdir. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməllərində təqsiri tam sübuta yetirilmiş, özünün qismən etiraf ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 14 iyul 2022ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Bağırov X5 Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi 7 ay 17 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 09 avqust 2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəza çəkməsinin əvvəli 11 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş 30 aprel 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə saat 22:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin 02 may 2024-cü il tarixli 4(073)-53/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 30 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcələrini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 10,157 qram qalan narkotik vasitə qurudulmuş mnarixuana heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Cəlilabad Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 10,157 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar