Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-157/2023 13.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1971-ci ildə Cəlilabad rayonunun Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Göytəpə şəhəri Nizami küçəsi ev 09-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Cəlilabad rayonu Göytəpə şəhərinə daşımış, 06 iyun 2023-cü il tarixdə saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin X4 əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Göytəpə şəhərində saxlanılaraq X4 inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,474 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroin əynindəki cins şalvarın sağ yan cibində yerləşən piston cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən bir neçə il bundan öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. «Kakos» kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə etmişdir. Bir müddət sonra isə narkotik vasitələrdən asılılıq yarandığı üçün istifadə etmədikdə bədənində müxtəlif dərəcəli ağrılar olmuşdur. 06 iyun 2023-cü il tarixdə Masallı rayonu ərazisində olarkən yol kənarında bir ədəd təzə siqaret paketinin olduğunu görmüşdür. Həmin paketin təzə olması səbəbindən içərisində siqaret olmasını zənn edib paketi götürmüş və içərisinə baxmışdır. Bu zaman siqaret paketinin içərisində bir ədəd sellofan paket olduğunu görmüşdür. Sellofan paketi əlinə götürüb baxan zaman həmin bükülüdə narkotik vasitə kakos kimi tanıdığı heroin olduğunu bilmişdir. Ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra siqaret paketini kənara atıb narkotik vasitəni əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra tanımadığı şəxsə məxsus olan taksi ilə Cəlilabad rayonu Göytəpə şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra üzərində olan narkotik vasitədən istifadə etməmiş, heç kimin məlumatı olmasın deyə həmişə üzərində gəzdirmişdir. 07 iyun 2023-cü il tarixdə saat 19 radələrində tapdığı və üzərində gəzdirdiyi heroini əynində olan şalvarın sağ yan cibində yerləşən piston cibinə qoymuşdur və hava almaq məqsədilə yaşadığı məhəlləyə çıxmışdır. Təxminən 10 dəqiqə gəzdikdən sonra Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş küçəsində olan zaman bir neçə şəxs ona yaxınlaşaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmiş və onu Göytəpə polis bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçı ona qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra isə müdafiəçi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etmişdir. O, əynində olan şalvarın sağ yan cibində yerləşən piston cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməyi barədə ona şifahi sual vermişdir. O, həmin kütlənin narkotik vasitə heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Bundan sonra üzərinə axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra üzərinə axtarış barədə protokol tərtib olunmuş və o da iştirakçılarla bərabər həmin protokola imza etmişdir. Onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayon polis şöbəsinin X4 cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 iyun 2023-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Cəlilabad rayon polis X5 bölməsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin gün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinin əmri ilə əməliyyat-təhqiqat qrupu yaradılmışdır. 06 iyun 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlayaraq Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Göytəpə polis bölməsinə dəvət etmişlər. Polis bölməsinə gəldikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verilmiş və müdafiəçi dəvət olunmuşdur. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda, bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddəni Masallı rayonu ərazisində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin sahə rəisi Şahid2 və əməliyyat müvəkkili Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermiş və sorğu zamanı həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin maddəni Masallı rayonu ərazisində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsi tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli 19/619 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,61 qram çəkidə narkotik maddəyə oxşar kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,474 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 0,424 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 08 iyun 2023-ci il tarixli 607 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon məhkəməsinin 18 iyun 2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnitsiya qərarının 2.5 və 7-ci bəndlərinə əsasən cəzadan azad edilməklə məhkumluğu götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində elektron məhkəmə sistemi vasitəsi ilə verilmiş sorğuya alınmış cavabdan görünür ki, onun himayəsində 11 yanvar 2021-ci il təvəllüdlü X2 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. İş materiallarına əlavə olunmuş, 06 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə saat 19:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 08 iyun 2023-cü il tarixli “Tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə saat 12:35-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,424 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 06 iyun 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 13 senyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,424 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-157/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-157/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver