Məhkəmə qərarları › İş №1(073)-16/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-16/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-16/2025 26.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Mədətli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonunun Mədətli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, -10,651 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 17 iyul 2024-cü il tarixdə saat 15:45 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Cəlilabad şəhəri, H.Əliyev prospekti, 154 ünvanında yerləşən Polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən, həmin çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 1 ədəd “Kent”markalı siqaret qutusunun içərisində olan 1 (bir) ədəd bükülüdə olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Mədətli kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanda ailə üzvlərilə birlikdə yaşayır. O, əvvəllər narkotik vasitə və psixotrop vasitə istifadəçisi olmuş, ara-sıra narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. 17 iyul 2024-cü il tarixdə saat 16 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə piyada gəzərkən yolun kənarında bir bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmiş və ara-sıra həmin narkotik vasitədən istifadə etdiyi üçün həmin bükülünü götürüb cibinə qoymuşdur. Həmin tarixdə saat 17 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olarkən ona mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da həmin şəxslərə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin yerdə üzərində axtarış aparılmasının əlverişli olmadığını bildirib, onu Cəlilabad RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmiş, polis şöbəsində ona hüquqları izah olunmuş və ona Müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1(bir) ədəd “kent” markalı siqaret qutusunun içərisində olan 1(bir) ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb könüllü təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirildi, bükülüdə həqiqətən qurudulmuş marixuana olması müəyyən olundu, həmin narkotik vasitə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 12 qram olması müəyyən olundu. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı tutulmamışdan 1 neçə saat qabaq Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Silsilə” adlanan ərazidə yerdən tapdığımı bildirmişdir. Bundan başqa üzərindən başqa narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Üzərindən aşkar olunan həmin kütlə ekspertizaya göndərilməsi üçün müdafiəçisi Müdafiəçi iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərini o və müdafiəçisi tanış olub imzalamışlar, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlər nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 17 iyul 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət olmaqla əməliyyat qrupu yaradılmış, bundan sonra 17 iyul 2024-ci il tarixdə, saat 15:35-də Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Təqsirləndirilən şəxs Cəlilabad şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra o və polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Nahidə polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra o və polis əməkdaşları Nahidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından Nahidi Cəlilabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra şöbənin inzibati binasında yerləşən xidməti otaqların birində Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Şahin Abbasov ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı Şahin Abbasov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etdi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Kent” markalı siqaret qutusunun içərisində olan 1 ədəd sellofan bükülünü təqdim etdi və həmin bükülüdə narkotik vasitə olduğunu qeyd etdi. Həmin bükülü açıldıqdan sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni tutulmamışdan 1 saat qabaq Cəlilabad şəhəri “Silsilə” adlanan ərazidə piyada gəzən zaman yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin narkotik vasitəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və o, digər polis əməkdaşları həmin protokolu imzalarımızla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuş Şahid3 Sərastan oğlu ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun inspektor kriminalisti vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi yoxdur. 17 iyul 2024-cü il tarixdə RPŞ rəhbərliyi tərəfindən videoçəkiliş aparmağı ona bildirilmiş, o da videoçəkiliş aparmaq üçün təhqiqatçının xidməti otağına gəlmiş və çəkiliş aparmağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirərək əynindəki qara rəngli cins şalvarın sağ qabaq cibindən “kent” markalı siqaret qutusunun içərisində olan 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bağlamanı çıxarıb təqdim edərək, həmin bükümün içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni tutulmamışdan 1 saat qabaq Cəlilabad şəhəri H.Əliyev prospektində “Silsilə” adlanan yerdə piyada gəzən zaman yerdən tapdığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə saxlayıb üzərində gəzdirdiyini, lakin həmin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar həmin protokola imza etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “kent” markalı siqaret qutusunun içərisində həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Lənkəran regional bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/555 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə olan kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 10,651 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,1 qram, qalıq 10,551 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 645 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Məmişov X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:45-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2024-cü il tarixdə, saat 11:50-da Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,551 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2024-cü ildən 19 iyul 2024-cü ilədək 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 21 fevral 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın, onun narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti Cəlilabad Rayon Mərkəzi X2 Şəxsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan 10,551 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar