Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-160/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:30 X2 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində altı azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonu Ocaqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,705 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 11 may 2024-cü il tarixdə, saat 18:10-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Ocaqlı kəndində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümün içərisindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. O, hər dəfə narkotik vasitə və psixotrop maddələri Cəlilabad şəhərində tanımadığı ayrı-ayrı şəxsləfdən əldə etmişdir. 11 may 2024-cü il tarixdə, saat 17 radələrində şəxsi işi ilə əlaqədar yaşadığı Cəlilabad rayonu, Ocaqlı kəndində piyada hərəkət edərkən, yerdə bir bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O, özü psixotrop maddə aludəçisi olduğu üçün həmin psixotrop maddəni götürmək qərarına gəlmiş və həmin psixotrop maddəni əynindəki gödəkçənin cibinə qoyaraq hərəkət etməyə başlamışdır. Real şəraiti olmadığı üçün həmin psixotrop maddədən istifadə edə bilməmişdir. 11 may 2024-cü il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Ocaqlı kəndində yaşadığı evə doğru piyada hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. O isə polis əməkdaşlarına üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqları və vəzifələri izah edilmiş və ona müdafiəçi təyin edilmişdir. Sonra video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü şəkildə təqdim etsin. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli gödəkçənin sol yan cibində olan bir ədəd ağ rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və həmin kütlə zərfə qoyularaq möhürlənmiş, iştirakçılar tərəfindən üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi suallar vermişdir. O, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, yaşadığı Cəlilabad rayonu, Ocaqlı kəndində piyada hərəkət edən zaman yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra, üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirən zaman ona qarşı hər hansı bir formada zor tətbiq edilməmiş, o, özü könüllü olaraq polis əməkdaşları ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlməyə razılıq vermişdir. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində altı azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir, özü və arvadı 3cü dərəcəli əlildir, bir də belə hərəkətlərə yol verməyəcək. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 11 may 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad rayonu, Ocaqlı kənd sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 11 may 2024-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad rayonu, Ocaqlı kəndində piyada hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq ondan üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından onu Cəlilabad RPŞnin inzibati binasına dəvət etmişlər. Daha sonra birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra şöbənin inzibati binasında yerləşən xidməti otaqların birində təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini bildirmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək həmin bükülüdə psixotrop maddə olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə müvafiq qaydada qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulduqda Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik maddəni 11 may 2024-cü il tarixdə, təxminən saat 17 radələrində yaşadığı Ocaqlı kəndində piyada gəzən zaman yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilən zaman və polis şöbəsində ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək həmin bükülüdə psixotrop maddə olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 12 may 2024-cü il tarixli 19/412 nömrəli rəydən görünür ki, üzərində “Cəlilabad rayonu, Ocaqlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir büküm kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,705 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,655 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2024-cü il tarixli, 549 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan KANNABİNOİDLƏRİN istifadə halları olub. Lakin Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görünür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə olunmuş Cəlilabad Rayon İHB-nin Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2024-cü il tarixli 5-41/2-18- 281/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Səma Məstəliyeva, 2016-cı il təvəllüdlü Pərvanə Məstəliyeva, 2018-ci il təvəllüdlü Məryəm Məstəliyeva, 2020-ci il təvəllüdlü Ayan Məstəliyeva, 2022-ci il təvəllüdlü Əliqulu Məstəliyev və Ədalət Məstəliyev adlı altı azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində altı azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, arvadının və özünün 3-cü dərəcəli əlil olmalarını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 11 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 18:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 13 may 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, 13 may 2024-cü il tarixdə saat 16:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,655 qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 11 may 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Ocaqlı kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,655 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-160/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-160/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver