Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-161/2023 19.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci ildə İran İslam Respublikasının Elburz şəhərində doğulmuş, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikasının vətəndaşı, İran İslam Respublikasının Elbruz şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Rusiya Federasiyasına getmək məqsədi ilə N iyun 2023-cü il tarixdə, saat 07:15 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Cəlilabad rayonunun Kürünc kəndi ərazisində yerləşən «N» saylı sərhəd zastavasının «N» saylı sahəsinin xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, İranda sosial vəziyyət, hüquqları məhdud olduğu və dini baxışlarına görə orada yaşamaqdan qorxduğu üçün normal bir ölkədə yaşamaq istəmişdir. Bu səbəbdən o, məcbur qalıb İrandan qaçmağın yollarını axtarmış, "Google map" proqramı vasitəsilə xəritəyə baxmış və bundan istifadə edərək 19 iyun 2023-cü il tarixdə yaşadığı İran İslam Respublikasının Elburz şəhərindən çıxıb həmin proqramdan istifadə edərək İran-Azərbaycan sərhədinə gəlmişdir. O, əvvəllər bu ərazilərdə olmamış, buna görə də həmin ərazinin hara olmasını bilməmişdir. O, İran tərəfdə sərhədə yaxınlaşdıqda İran sərhədçiləri onu saxlamağa çalışmış, onu təqib etmiş və havaya atəş açmış, lakin o, buna məhəl qoymamış və Azərbaycan tərəfə qaçmışdır. İran sərhədçiləri onu saxlaya bilməmiş və o, İran-Azərbaycan sərhədini qanunsuz olaraq keçmişdir. O, İrandan gələndə məftili kəsə bilmək üçün özü ilə kəlbətin götürmüşdür. Sərhəd məftilinin qarşısına çıxacağını təxmin etmiş və xatırlamadığı bir nəfər şəxs ona sərhəddə məftildən çəpərlər olduğunu demişdir. Bu səbəbdən həmin məftilləri kəsmək üçün özü ilə kəlbətin götürmüşdür. O, saxlanılan zaman şəxsi axtarış aparılarkən həmin kəlbətin ondan götürülmüş və qablaşdırılmışdır. O, N iyun 2023-cü il tarixdə, saat 07 radələrində İrandan qanunsuz olaraq Azərbaycana keçmiş, təxminən 100 metr getdikdən sonra qarşısına sərhəd çəpəri çıxmış, özü ilə gətirdiyi kəlbətin vasitəsilə məftili kəsmiş və çəpəri keçərək yorulduğu üçün həmin ərazidə təxminən 1 saat gözləmişdir. 1 saatdan sonra onu Azərbaycan sərhədçiləri görmüş və ona ucadan nəsə qışqırmışlar. O, başa düşmüşdür ki, artıq saxlanılmışdır. Ona görə də heç bir hərəkət etmədən yerində dayanmış və sərhədçilərə tabe olmuşdur. Bundan sonra sərhədçilər onu hərbi hissəyə gətirmişlər. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində yaşlı valideynləri vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini və əlavə cəzanın verilməməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin “N” saylı hərbi hissəsinin «N» saylı zastavasının əsgəri Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, N iyun 2023-cü il tarixdə saat 05:00-dan 10:00-dək əsgər Şahid1la birlikdə 10-cu sərhəd zastavasının 7-18ci sahələrində "Gözətçi dəstə" sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətin təşkili zamanı 13-cü sahədə 1 nəfər naməlum şəxsin hərəkət etdiyini görmüş, bu barədə əvvəlcə dərhal radiorabitə vasitəsilə sərhəd zastavasına məlumat vermiş, daha sonra həmin şəxsi saxlamışlar. Saxlanılan zaman həmin şəxs ingilis dilində danışaraq özünü Əfqanıstan İslam Respublikası, İran İslam Respublikasında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra əraziyə sərhəd zastavasından digər hərbi qulluqçular gəlmiş və saxlanılan həmin şəxsi sərhəd zastavasına aparmışlar. Təqsirləndirilən şəxs üzərində kəlbətin olmuş və sonuncu həmin kəlbətinlə sərhəd çəpərinin məftilini kəsərək əraziyə daxil olduğunu bildirmişdir. Həmin şəxs ingilis dilində izah verərək demişdir ki, onunla birlikdə heç kəs dövlət sərhədini qanunsuz olaraq keçməmiş, buna cəhd edən və ya ona bu işdə köməklik göstərən şəxs olmamış, "Google Map" proqramından istifadə edərək təkbaşına İrandan qanunsuz yolla Azərbaycana keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissənin komandirinin N iyun 2023-cü il tarixli, 3-38/2-16-2380/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 05:00-dan saat 10:00-dək “Gözətçi dəstə” xidmətinə təyin olunmuş sərhəd naryadı tərəfindən «N» saylı sahədə sahədə 83/1 nömrəli köməkçi sərhəd nişanından təqribən 250 metr solda, dövlət sərhəd xəttindən təqribən 400 metr aralıda, mühəndis-texniki qurğularından təqribən 50 metr içəridə 1 nəfər şəxsin hərəkəti müşahidə edilmişdir. 10-cu sərhəd zastavası və 2-ci sərhəd komendantlığı dərhal “Silaha” komandası üzrə qaldırılaraq ərazinin qapadılması həyata keçirilmişdir. Nəticədə saat 07:15 radələrində həmin şəxs saxlanılmışdır. Həmin şəxs özünü xx.xx.1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Molladad oğlu kimi təqdim etmişdir. İşdə olan N iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cəlilabad rayonu Kürünc kəndi ərazisində yerləşən «N» saylı sərhəd zastavasının «N» saylı sahəsinə baxış keçirilmişdir. Ərazinin relyefi mürəkkəb quruluşa malik sıx kolluq olan əkin sahələrindən ibarətdir. «N» saylı sərhəd zastavasının dislokasiya yerindən Cəlilabad rayonu Kürünc kəndinə qədər məsafə təqribən 2000 metrdir. «N» saylı sərhəd zastavasından «N» saylı sahəyə qədər məsafə təqribən 3000 metrdir. «N» saylı sahədə Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonu Yusifli kəndi yerləşir. «N» saylı sahədən Cəlilabad rayonu Yusifli kəndinə qədər məsafə təqribən 2700 metrdir. Cəlilabad rayonu Yusifli kəndindən «N» saylı sərhəd zastavasına qədər məsafə təqribən 5000 metrdir. «N» saylı sahədə İran İslam Respublikası istiqamətində Hadıbəyli kəndi yerləşir. «N» saylı sahədən Hadıbəyli kəndinə qədər məsafə təqribən 400 metrdir. Hadıbəyli kəndindən «N» saylı sərhəd zastavasına qədər məsafə təqribən 2400 metrdir. «N» saylı sahədə 83/1 nömrəli köməkçi sərhəd nişanından təqribən 250 metr solda, dövlət sərhəd xəttindən təqribən 400 metr aralıda, mühəndis-texniki qurğularından təqribən 50 metr içəridə 1 nəfər şəxs saxlanılmışdır. Bundan əlavə, mühəndis-texniki çəpərlərə baxış keçirilən zaman məftillərin kəsilməsi, həmçinin əsas və köməkçi nəzarət iz zolaqlarında bir nəfərə məxsus ayaq izləri aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)- 438/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli N iyun 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut olan üzərində «VERDEX» sözləri yazılmış 1 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli N iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan üzərində «VERDEX» sözləri yazılmış 1 ədəd kəlbətin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-161/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-161/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver