Məhkəmə qərarları › İş №1(073)-164/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-164/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-164/2023 11.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 6,041 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin mart ayının 26-da saat 20:30-da, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış təmiz çəkisi 6,041 qram həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Şirvan şəhərində atası ilə birlikdə yaşayır, heykəltaraşdı və ara-sıra günəmuzd qaydada fəhləlik edərək özünü və ailəsini dolandırır. Sonradan atasında ürək xəstəliyi yarandığı üçün atası alverlə məşğul ola bilməmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Cəlilabad rayonunun Alar kəndində yaşayan Rəşad onun tanışı olmuş, Cəlilabad rayonunda kartof və noxud çox əkildiyi üçün 26 mart 2023-cü il tarixdə Rəşadla görüşmək və ondan kartof mövsümü vaxtı ona köməklik etməsini, ucuz qiymətə kartof və noxud alıb aparıb Şirvan şəhərində bazarda atasına məxsus olan piştaxtada satmaq qərarına gəlmişdir. Təxminən 3-4 ay əvvəldən də narkotik vasitə olan marixuananı papirosa doldurub arabir qəbul etmiş, elə həmin günü saat təxminən 11 radələrində evlərindən çıxıb piyada gedərkən yolda bir ədəd sellofan büküm olduğunu görərək həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında narkotik vasitə marixuana olduğunu görmüşdür. Narkotik vasitə marixuana qəbul etdiyi üçün həmin marixuananı sonra özü qəbul etmək üçün əynində olan gödəkçəsinin sağ cibinə qoymuşdur. Marixuananı qəbul etməyərək cibində qalmış, elə həmin günü saat 18:30 radələrində Şirvan şəhəri, Köhnə şəhər deyilən ərazidə Şirvan şəhərində yaşayan dostu X8 və əmisi oğlu X5 ilə görüşərkən onlara Cəlilabad rayonuna gəlmələrini, Cəlilabad rayonunda olan dostu Rəşadla görüşmək istədiyini və birlikdə gəlmələrini demişdir. Vüsal və Veys də onunla Cəlilabad rayonuna gəlməyə razılıq vermişlər. Sonra Şirvan şəhərində yaşayan tanışı taksi sürücüsü Əli Bəşirova zəng edib ona idarə etdiyi avtomobillə onları Cəlilabad rayonuna gətirməsini və sonra da qaytarıb Şirvan şəhərinə gətirməsini demiş, Əli də onları aparıb gətirmək üçün 50 manat yol pulu alacağını demişdir. O da Əlinin sözü ilə razılaşaraq bir neçə dəqiqədən sonra Əli yanlarına gələrək onun avtomobilinə əyləşib Cəlilabad rayonuna gəlmək üçün yola düşmüşlər. Gələrkən də Vüsal, Veys və Əli onun üzərində narkotik vasitə marixuana olduğunu bilməmiş, onlar saat 20 radələrində gəlib Cəlilabad şəhərinə çatandan sonra Əliyə avtomobili mağazaların birinin qarşısında saxlamasını və siqaret alacağlarını demişdir. Əli avtomobili şəhərin mərkəzində yerləşən «Bazarstore» marketin qarşısında yolun kənarında saxlamış, onlar hər üçü düşüb «Bazarstora» daxil olub siqaret alaraq çıxıb avtomobilə yaxınlaşıb əyləşmək istəyərkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduğlarını demişlər. Sonra polis əməkdaşları üzərində narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli hər hansı bir əşya olub-olmadığını xəbər almışlar. O da cibində bir büküm narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Şirvan şəhərindən yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demişdir. Sonra polis əməkdaşları Əli Bəşirovun idarə etdiyi «Opel-Astra» markalı ** HO *** dövlət nömrə nişanlı avtomobilə birlikdə onları Cəlilabad RPŞ-nə gətirmiş, ona görə də Rəşadla görüşməyə gedə bilməmişdir. Polis şöbəsində sənədləşmə aparılaraq müdafiəçinin iştirakı ilə video çəkliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları bir daha ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O da əynində olan gödəkçəsinin sağ yan cibində bir ədəd sellofan bükümdə olan marixuananı çıxardıb təqdim etmiş, polis əməkdaşları həmin bükümü açıb baxaraq sonra elektron tərəzidə çəkdikdən sonra zərfə qoyaraq müvafiq qaydada qablaşdırılaraq zərfin ağzını möhürləmişlər. Onun üzərində şəxsi axtarış aparılaraq təqdim etdiyi bir büküm marixuanadan başqa üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, bu barədə polis əməkdaşları protokol tərtib edərək protokolu ucadan oxumuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Atası ürək xəstəsidir, evdə tək gəlir gətirən özüdür. Odur ki, bu halları nəzərə alaraq ona cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 mart 2023-cü il tarixdə Şirvan şəhər sakini Osmanov X1 rayon ərazisinə gəlməsi və üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O daxil olmuş məlumatı raportla şöbə rəhbərliyinə məruzə edərək Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Sonra o, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və RPŞ-nin kiçik inspektor təlimatçısı Şahid4 birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü onlar saat 20:30 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində «Bazarstore» marketin yaxınlığında yolun kənarında dayanmış «Opel Astra» markalı, ** HO *** dövlət nömrə nişanlı avtomobilə əyləşdiyini görüb avtomobilə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını demişlər. Orada avtomobildə olan digər şəxslər də Şirvan şəhər sakinləri Veys Osmanlı, Vüsal Əsədov və Əli Bəşirov olmaqla onlar da Təqsirləndirilən şəxsla birlikdə gəldikləri onlara məlum olmuş, onlara üzərlərində narkotik vasitə gəzdirmələrində və narkotik vasitə qəbul etmələrində şübhəli olduqlarını deyərək, onlardan üzərilərində, avtomobildə narkotik vasitə, psixotrop maddə, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı bir əşya və predmet olub-olmadığını xəbər almışlar. Təqsirləndirilən şəxs cibində narkotik vasitə marixuana olduğunu, digər şəxslər Veys, Vüsal və sürücü Əli isə üzərlərində və avtomobilində narkotik vasitə, psixotrop maddə, gəzdirilməsi və saxlanılması qadağan olunmuş hər hansı bir əyşa və predmet olmadığını demişlər. Sonra Hikmətə, Veysə, Vüsala və Əliyə onlarla birlikdə polis şöbəsinə gəlmələrini demişlər. Ona görə birlikdə polis şöbəsinə gələrək onları polis şöbəsinə gətirmələri ilə əlaqədar raportla şöbə rəisinə məruzə etmişdir. Bundan sonra sənədləşmə aparılaraq dəvət olunmuş vəkilin iştirakı ilə əvvəlcə Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsi ilə şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan büküm çıxardıb təqdim edərək bükümün arasında marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açıb baxılarkən bükümün arasında marixuanaya oxşar kütlə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən əlavə olaraq narkotik vasitə, hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs həmin marixuananı Şirvan şəhərində yaşadığı evin yaxınlığından yoldan tapdığını və özü qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək zərfə qablaşdırılaraq zərfin ağzı möhürlənmiş, təhqiqatçı Samir Musayev qeyd olunanlar barədə protokol tərtib etmiş, protokolu ucadan oxumuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı X6 da Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarına əlavə olunmuş 26 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bvalaveyis oğlundan bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə götürülüb zərfə qablaşdırılaraq 141 №-li möhürlə möhürləndikdən sonra götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 19/350 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Balavyis oğlundan götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 6,041 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda marixuanadan 0,04 qram sərf edilərək 6,001 qram qalıq qalmışdır. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli, 523 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Təqsirləndirilən şəxs əməli CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsüf edilmiş, aylıq qazancından 20% dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) müddətə islah işləri cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixli qərarla Azərbaycan Respublikasının Milli Məclisinin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə qəbul etdiyi xx.xx.2013-cü il tarixli Amnistiya qərarı tətbiq edilərək cəzadan azad edilmişdir. CM-nin 83cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hökm üzrə məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Şirvan çəhər İHB-nın 1 nömrəli sahə İƏDÜ nümayəndəliyindən verilmiş 17 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ailə tərkibi-atası, bacısı və iki qardaşı olmaqla ünvan 1 ünvanda yaşayırlar, yaşadığı ərazi üzrə barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İşdə olan “Avrasiya Hospital” xəstəxanası tərəfindən X2 adına verilmiş stasionar xəstənin tibbi kartasından görünür ki, X3 “qeyri-stabil stenokardiya İİ B” diaqnozu təyin edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olması, atasının xəstə olması və ailədə qazanc gətirənin özü olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20:30-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən saat 14:30-da azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 6,001 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 26 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış evini tərk etməmək, Şirvan şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Şirvan şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 6,001 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar