Məhkəmə qərarları › İş №1(073)-173/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-173/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-173/2023 05.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Cəlilabad rayonunun Pakrovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Cəlilabad rayon X1 dizinfektor-təlimatçı işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Günəşli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə, saat 09 radələrində Cəlilabad rayon X2 inzibati binasının birinci mərtəbəsinin dəhlizində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, mərkəzin operatoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək sonra onun sifətinə və başına qəsdən yumruqla vuraraq ona üst dodaq nahiyəsində əzilmiş yara, başın təpə nahiyəsində qançır, burun nahiyəsində şişkinlik, qançır və burun sümüyü cisminin natamam sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində dizinfektor-təlimatçı işləyir. Onun işi anbardan dərmanları qəbul edib dizinfeksiya edənlərlə birlikdə lazımı yerlərə gedib həmin yerləri dizinfeksiya etməkdir. O, dizinfektor-təlimatçı işləməsinə baxmayaraq direktor İlham Əliyevin şifahi göstərişinə əsasən işçilər işə gələrkən, işdən çıxıb gedərkən onların tabel kitabına imza atmalarına nəzarət etmişdir. Zərərçəkmiş şəxs Gigiyena və Epidemiologiya mərkəzində operator işləyir və bir iş yoldaşı kimi həmişə münasibətləri yaxşı olmuşdur. İnzibati binanın girişində dəhlizdə stol qoyularaq tabel kitabı da həmin stolun üstünə olur və işçilər də kitaba orda imza edirlər. 17 fevral 2023-cü il tarixdə saat 09-da tabel kitabının yanında dayanarkən Zərərçəkmiş şəxs işə gələrək tabel kitabına imza edərkən ona kitabda niyə görə dünənki tarixə onun adının qarşısından imza yerinə sual işarəsi qoyulduğunu və dünən işdə olduğunu demişdir. O da Elmiraya dünən günorta İlham həkimin onu xəbər aldığını və gedib otağına baxaraq otağının bağlı olduğunu görüb İlham həkimə otağının bağlı olduğunu bildirdiyini demişdir. Onun bu sözündən sonra yenə də Elmira ona dünən işdə olduğunu və niyə görə adının qarşısından sual işarəsi qoyduğunu xəbər almışdır. O yenə də Elmiraya adının qarşısından sual işarəsini o qoymadığını və yəqin ki, İlham həkim qoyduğunu demişdir. Bundan sonra Elmira onun adının qarşısından sual işarəsi qoyanın ünvanına nalayiq ifadələr işlətmiş, o da Elmiraya nə sözü varsa gedib İlham həkimin özünə deməsini demişdir. Bundan sonra isə Elmira ona «oğraş» deyərək sifətindən bir dəfə sillə vurmuş, Elmira onun sifətinə sillə ilə vurandan sonra o da əlləri ilə Zərərçəkmiş şəxs itələyərək özündən uzaqlaşdırmışdır. Həmin vaxt Elmiranı vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Bundan sonra isə Elmira dəhlizdən çıxıb küçəyə getmişdir. Sonradan Elmiranın onun barəsində şikayət ərizəsi ilə Polis Şöbəsinə müraciət etdiyini bilmişdir. Hazırda baş vermiş hadisəyə görə peşmandır. Özü İİ qrup əlildir və müharibə veteranıdır. Himayəsində azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və təxminən 10 il əvvəldən Cəlilabad rayon X3 operator vəzifəsində, Təqsirləndirilən şəxs isə dizinfektor-təlimatçı işləyir. 17 fevral 2023-cü il tarixdə saat 09:00-da işə gəlmiş, inzibati binanın giriş qapısından içəridə dəhlizdə stolun üzərində olan tabel kitabına imza etmək istəyərkən Mübariz də kitab olan stolun yanında olmuş, kitabı açıb imza atmaq istəyərkən 16 fevral 2023-cü il tarixdə onun adının qarşısında işdə yoxdur yazıldığını görmüşdır. Lakin kitabda elə yazılsa da 16 fevral 2023-cü il tarixdə bütün iş saatında işdə olmuş, həmin tarixdə Mübariz kitabı dolaba qoyaraq dolabın qapısını qıfılladığı üçün işdən gedərkən kitaba imza edə bilməmişdir. Sonra Mübarizə dünən işdə olduğunu, iş vaxtı qurtardıqdan sonra evə gedərkən kitabın stolun üstündə olmadığını və bu səbəbdən imza edə bilmədiyini demiş və niyə görə onun adının qarşısından işdə olmadığını yazdığını xəbər almışdır. Onun bu sözündən sonra Mübariz ona cavab verərək onluq olmadığını, mərkəzin direktoru İlham Əliyev kitaba onun adının qarşısına dünən işdə olmadığını yazdığını, nə sözü varsa gedib İlham həkimə deməsini demişdir. O da Mübarizə ola bilməz ki, İlham həkim onun adının qarşısından işdə olmamağı barədə qeyd apardığını demişdir. Elə bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Mübariz onun ünvanın nalayiq ifadələr işlətmiş, o da Mübarizə onun barəsində işlətdiyi nalayiq ifadələrin öz ailəsinə getməsini demişdir. Bu sözü deyən kimi Mübariz əlində olan açar topasını yumruğunun içində sıxaraq onun ağız nahiyyəsindən vurmuş, açar onun ağız nahiyyəsinə dəymiş, Mübarizin yumruğunun zərbəsi nəticəsində yuxarı dodağı partlayaraq qan axmağa başlamışdır. Sonra isə Mübariz onun başından və sifət nahiyəsindəndə yumruq zərbələri vurmuşdur. Mübarizin hərəkətlərini işçilərdən Fərid, Mircavad, Elçin, Ramin və Yeganə görüb onu Mübarizin əlindən almışlar. Bundan sonra onun üz-gözü qan içində küçəyə çıxaraq xəstəxanaya getmək istəmiş, küçəyə çıxandan sonra küçədə operator Üzeyir və sürücü İbadətin avtomobildən düşüb gəldiklərini görmüşdür. Onlar onun üz-gözü qan içində olduğunu görüb ondan onu kimin döydüyünü xəbər almışlar. O da Mübarizin onu döydüyünü demiş, sonra isə Üzeyir onu avtomobili ilə xəstəxanaya apararkən yolda DİN-nin 102 xidmətinə zəng edib Mübariz tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermişdir. Daha sonra isə qayıdıb rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş və bundan sonra polis şöbəsinə gəlmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsin barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində xadimə işləyir. Həmin mərkəzdə Zərərçəkmiş şəxs operator, Təqsirləndirilən şəxs isə dizinfektor-təlimatçı işləyir. Onların hər ikisi ilə bir iş yoldaşı kimi münasibəti yaxşıdır. 17 fevral 2023-cü il tarixdə saat 09 radələrində işlədiyi mərkəzin inzibati binasının birinci mərtəbəsində təmizlik işi apararkən Zərərçəkmiş şəxs gələrək birinci mərtəbənin dəhlizində qoyulmuş tabel kitabına imza etmək istəyərkən 16 fevral 2023-cü il tarixdə onun işdə olmaması barədə adının qarşısına sual işarəsi qoyulduğu üçün Mübarizlə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Mübariz Elmiranı ünvanına nalayiq ifadələr işlədərək, əlində olan açar topasını ovucunun içində sıxaraq yumruqla Elmiranı vurmuşdur. Həmin vaxt dizinfektor işləyən Şahid4 da dəhlizdə olmuş, onlar yaxınlaşıb Mübarizi Elmiradan kənara çəkmişlər. Zərbənin təsirindən Elmiranın ağzından qan axmış, Mübarizin nalayiq ifadələr işlətməsinə və Elmiranı döyməsinə görə digər işçilər də eşidib ora topalaşmışlar. Sonra Elmira çıxıb xəstəxanaya getmiş, həmin günü də Zərərçəkmiş şəxs Mübarizin barəsində şikayət ərizəsi ilə müraciət etdiyi ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində operator işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun iş yoldaşdarı olmaqla onların hər ikisi ilə münasibəti yaxşıdır. Elmir Bayramova operator, Təqsirləndirilən şəxs isə dizinfektor-təlimatçı işləyir. 17 fevral 2023-cü il tarixdə tezdən idarə etdiyi «VAZ 2106» markalı, ** BP *** dövlət nömrə nişanlı avtomobili ilə işə gələrkən mühasibləri Mircavad Cabbarovun da yolun kənarında dayandığını görüb avtomobilini saxlayaraq onu da avtomobilinə götürmüşdür. Onlar saat 09 radələrində iş yerlərinin küçəsinə çataraq avtomobilini yolun kənarında saxlamış və hər ikisi avtomobildən düşüb işə gedərkən Zərərçəkmiş şəxs mərkəzin həyətindən küçəyə çıxdığını və ağızının qan içində olduğunu görmüşlər. Elmira ondan onu idarə etdiyi avtomobillə Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmasını xahiş etmişdir. Ona görə də o Elmiran Bayramovanı xəstəxanaya gətirərkən yolda ondan nə baş verdiyini soruşmuş, Elmira işə gəlib tabel kitabına imza etmək istəyərkən dünən işdə olsa da dünənki tarixə adının qarşısından sual işarəsi qoyulduğunu, elə bu səbəbdən Mübarizdən niyə görə adının qarşısından dünənki tarixə sual işarəsi qoyduğunu xəbər aldığını, Mübariz də onun adının qaprşısından sual işarəsi qoymadığını dediyini və bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə vaxtı Mübarizin yumruqla vuraraq ona xəsarət yetirdiyini demişdir. Sonra Elmiranı gətirib rayon mərkəzi xəstəxanasının həyətində düşürdərək qayıdıb işə getmiş, elə həmin günü də Zərərçəkmiş şəxs Mübariz tərəfindən döyülərək xəsarət almasına görə şikayət ərizəsi ilə müraciət etdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində tibbi-statis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun iş yoldaşları olmaqla hər ikisi ilə bir işçi yoldaş kimi münasibəti yaxşıdır. 17 fevral 2023-cü il tarixdə saat 09-da inzibati binanın 1-ci mərtəbəsində otaqda olmuş, həmin vaxt dəhlizdən bərk səs-küy gəldiyini və kimlərinsə savaşdığını eşitmişdir. Otaqdan çıxıb baxarkən Zərərçəkmiş şəxs ağızından qan axdığını görmüş, nə baş verdiyini xəbər aldıqda Elmira ona Mübarizin onu yumruqla vurub xəsarət yetirdiyini demişdir. Bundan sonra Elmira çıxıb getmiş, elə həmin günü də Zərərçəkmiş şəxs Mübarizin barəsində şikayət ərizəsi ilə müraciət etdiyini eşitmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayır və Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində dizinfektor-təlimatçı işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun iş yoldaşları olmaqla onarın hər ikisi ilə münasibəti yaxşıdır. 17 fevral 2023-cü il tarixdə saat 09 radələrində işlədiyi idarənin inzibati binasının arxa hissəsində olan bağçada olarkən binanın birinci mərtəbəsindən bərk səs-küy gəldiyini eşitmiş, səs-küyü eşidəndən sonra kiminsə savaşdığını başa düşmüş, ona görə də ora gələrək dəhlizə girərkən Zərərçəkmiş şəxs dəhlizdən həyətə çıxdığını və onun ağızının qan içində olduğunu, işçilərin də dəhlizə yığışdığını və Mübarizin də onların yanında olduğunu görmüşdür. Maraqlanarkən Zərərçəkmiş şəxs 16 fevral 2023-cü il tarixdə tabel kitabında adının qarşısına sual işarəsi qoyulduğunu, elə bu səbəbdən Elmira ilə Mübariz arasında mübahisə yarandığını və mübahisə zamanı Mübarizin Zərərçəkmiş şəxs yumruqlva vurub xəsarət yetirdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayon Gigiyena və Epidemiologiya mərkəzində dizenfektor işləyir. 17 fevral 2023-cü il tarixdə saat 09 radələrində işə gələrkən Zərərçəkmiş şəxs mərkəzin həyətindən küçəyə çıxdığını və onun ağızı qan içində olduğunu görmüşdür. Lakin Elmiradan nə baş verdiyini xəbər almamış, sonra gəlib inzibati binanın birinci mərtəbəsinin dəhlizinə daxil olandan sonra işçilərin ora topalaşdığını görmüşdür. İşçilərdən nə baş verdiyini xəbər almış, işçilər isə ona X5 Həsənov tərəfindən döyüldüyünü demişlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 91 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı üst dodaq nahiyəsində əzilmiş yara, başın təpə nahiyəsində qançır, burun nahiyəsində şişkinlik, qançır və burun sümüyü cisminin natamam sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 17 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmay aiddir. İşdə olan vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və müharibə veteranıdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon Günəşli kənd İƏDÜ nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Zəhra adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil və müharibə veteranı olmasını, himayəsində azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşadığı mənzili tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar