Məhkəmə qərarları › İş №1(073)-173/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-173/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-173/2024 23.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əlioğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştrakı ilə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Cəlilabad rayonu, Tahirli kəndində anadan olmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Tahirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində xx.xx.2024-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, Cəlilabad rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli, 1(073)-173/2024 saylı qərarı il barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş. Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını saxlanc yeri olan yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talamaq məqsədi ilə 20 iyun 2024-cü il tarixdə saat 12 radələrində Cəlilabad şəhəri, M.Nuri küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra üzərində gəzdirdiyi dəmir predmetlə evin bağlı vəziyyətdə olan plastik pəncərəsinə təzyiq edib açaraq qanunsuz olaraq ora daxil olub 1 ədəd 800 manat dəyərində olan “Beko” markalı plazma televizoru, 1 ədəd 400 manat dəyərində olan “HİDROTHERM” markalı 35 metr uzunluğunda tros və 35 metr uzunluğunda kabeli ilə birlikdə su nasosunu, 1 ədəd 120 manat dəyərində olan “Elif” markalı qırmızı rəngdə tozsoranı, 1 ədəd 120 manat dəyərində olan elektrik sobasını, 1 ədəd 30 manat dəyərində olan böyük qaz balonunu, 1 ədəd 40 manat dəyərində olan “Quick” markalı elektriklə işləyən istilik peçini, 2 qutu 20 manat dəyərində olan nəlbəki ilə birlikdə 12 ədəd stəkan dəstini, 2 ədəd 150 manat dəyərində olan böyük aliminium qazanı, 1 ədəd 20 manat dəyərində olan odun peçini və 15 ədəd 40 manat dəyərində olan avtomobilə aid müxtəlif ölçüdə təmir açarlarını- ümumi dəyəri 1740 manat olan özgənin əmlakını saxlanc yeri olan yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Tahirli kəndində ailəsi ilə birlikdə yaşamış və fəhlə işləmişdir. Zərərçəkmiş şəxs DİN-nin “102” xidməti-zəng mərkəzinə daxil olmuş müraciəti, habelə yazdığı izahatla tanış olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs Cəlilabad şəhəri, Səttərxan küçəsində yaşayan baldızı oğlu Şahid1 qonşusudur. Şahid1 atası uzun müddətdir ki həbsdədir və anası başqa şəxsə qoşulub qaçmışdır, Sadiq də evdə tək qalmışdır. Buna görə baldızı oğlu Şahid1 xalasından bir müddət onun evində qalmalarını xahiş etmişdir. O da yoldaşı Təranə Məmmədova və az yaşlı uşaqları ilə birlikdə təxminən 5 günə yaxındır ki baldızı oğlu Şahid1 evinə köçüb müvəqqəti orada yaşamışdır. 20 iyun 2024-cü il tarixdə saat 09 radələrində yoldaşı Təranə Məmmədova anası evinə qonaq getmək istəmiş və o da yoldaşını uşaqları ilə birlikdə anası evinə aparmışdır. Bundan sonra o, baldızı oğlu Şahid1 Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşadığı evə qayıtmışdır. Həmin günü saat 12 radələrində maddi vəziyyəti yaxşı olmamış və özünə siqaret almağa pul tapa bilməmişdir. Həmin vaxt baldızı oğlu Sadiq də evdə olarkən ondan plastik pəncərəsi həyətlərinə baxan qonşu ev sahibinin səslərinin gəlmədiyini soruşmuşdur. Sadiq də ona həmin evin qonşusu Günel adlı şəxsə məxsus olduğunu, evdə yaşayış olmadığını və Bakı şəhərinə getdiyini demişdir. Daha sonra evdə çay içən zaman baldızı oğlu Sadiq də ona bir söz demədən küçəyə çıxıb getmişdir. O da biraz fikirləşdikdən sonra qonşu evdən oğurluq etmək qərarına gəlmişdir. Bu zaman qaldığı evin həyətində ot biçən alət görmüş və həmin aləti pəncərəni açmaq üçün götürmüşdür. O, qaldığı evin həyətindən qonşu Günelə məxsus evin plastik pəncərəsinə yaxınlaşmış və evin pəncərəsini əlində olan ot biçən alətlə açıb evin içərisinə daxil olmuşdur. Otaqların birində böyük su nasosunun olduğunu görmüş və həmin su nasosunu götürüb nasosun ipi ilə evin pəncərəsindən yaşayış olmayan qonşunun həyətinə sallamışdır. Daha sonra digər otaqda 1 ədəd plazma televizor, 1 ədəd qırmızı rəngdə elektrik sobası, 1 ədəd qırmızı rəngdə tozsoran, 1 ədəd qırmızı rəngdə istilik peçi, 1 ədəd balaca qaz balonu, 1 ədəd böyük stəkan naboru, 2 ədəd böyük aliminium qazan və avtomobilə aid müxtəlif ölçüdə təmir açarlarının olduğunu görmüşdür. Həmin əşyaları götürüb evin pəncərəsindən çıxardaraq yaşayış olmayan qonşunun həyətinə yığmışdır. Bundan əlavə oğurladığı əşyaları evin pəncərəsindən çıxardan zaman pəncərənin kənarına qoyulmuş internetə qoşulmaq üçün istifadə edilən “Vayfay” aparatı da ayağının altında qalaraq sınmışdır. O, ot biçən alətlə açdığı evin pəncərəsini içəridən bağlamış və evin digər otağının qonşunun yaşayış olmayan həyətinə baxan pəncərəsindən düşmüşdür. Bundan sonra oğurladığı əşyaları baldızı oğlu Şahid1 yaşadığı evin zirzəmisinə yığıb orada gizlətmişdir. Həmin 2 ədəd böyük aliminium qazanları isə un kisəsinin içərisinə yığıb zirzəmiyə qoymuşdur. 21 iyun 2024-cü il tarixdə saat 02 radələrində evdə hamı yatdıqdan sonra evin zirzəmisinə daxil olmuş və orada gizlətdiyi un kisəsində olan 2 ədəd böyük aliminium qazanı götürüb küçədə saxladığı özünə məxsus idarə etdiyi “Nissan” markalı **- XK-*** d.q.nişanlı avtomobilin baqajına qoymuşdur. Həmin vaxt avtomobili ilə qazanları satmaq üçün Cəlilabad rayonu ərazisində yerləşən tanımadığı metal qəbul edən fərdi yaşayış evinin həyətinə gəlmişdir. Həyətdə adını bilmədiyi oğlan qarşısına çıxıb niyə bu vaxtı gəldiyini ondan soruşmuşdur. O da həmin şəxsə siqaret almağa pulu olmadığını və avtomobilində olan 2 ədəd böyük aliminium qazanı satmağa gətirdiyini bildirmişdir. Metal qəbul edən həmin oğlan verdiyi 2 ədəd böyük aliminium qazanı çəkmiş və çəkisinin 6 manat pul tutduğunu ona demişdir. O da razılaşıb qazanları oğlana vermiş və 6 manat pulu götürüb rayonda yerləşən mağazalardan birinə getmişdir. Özünə 2,60 qəpik pula “keno” markalı siqaret alıb baldızı oğlu Sadiqin evinə qayıtmışdır. 21 iyun 2024-cü il tarixdə saat 14 radələrində baldızı oğlu Sadiqin yaşadığı evin həyətində siqaret çəkən zaman qonşu Günelin evinə polislərin gəldiyini görmüşdür. O da bunun üstünün açılacağından qorxmuş və oğurladığı əşyaları tullamaq qərarına gəlmişdir. Həmin günü saat 22 radələrində oğurladığı əşyaları evin zirzəmisindən çıxardıb küçədə saxladığı avtomobilin baqajına yükləmişdir. Daha sonra avtomobili ilə Cəlilabad rayonundan Bakı şəhərinə gedən köhnə yolun kənarında yerləşən məişət tullantılarının atıldığı yerə gəlmişdir. Baqajda olan 1 ədəd plazma televizoru, 1 ədəd qrmızı rəngdə elektrik sobasını, 1 ədəd su nasosunu, 1 ədəd qırmızı rəngdə tozsoranı, 1 ədəd qırmızı rəngdə istilik peçini, 1 ədəd balaca qaz balonunu, 1 ədəd böyük stəkan naborunu və avtomobilə aid müxtəlif ölçüdə təmir açarlarını məişət tullantılarının atıldığı yerə atmışdır. Bundan əlavə avtomobilinə qoyduğu ot biçən aləti də götürüb ora tullamışdır. O, oğurladığı əşyaları məişət tullantılarının atıldığı yerə atan zaman küçədə heç kim olmamışdır. Etdiyi əməldən də peşmandır. Həmin oğurluqları özü tək törətmişdir və onu heç kim görməmişdir. Bundan əlavə, 2024-cü ilin mart ayında bayram ərəfəsində Cəlilabad rayonu, Tahirli kəndində yaşayan Elman Əkbərov onun yoldaşı barəsində xoşa gəlməz sözlər demişdir. O da Elmandan qisas almaq məqsədi ilə Cəlilabad rayonu, Tahirli kəndində Elman Əkbərova məxsus çardağın altında olan küləş tayasını qəsdən kibritlə yandırmışdır. Həmin küləş tayasını yandıran zaman heç kim onu görməmişdir.Hazırda zərərçəkmiş şəxslə barışmışdır, vurduğu ziyanı istintaq zamanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad şəhəri, M.Nuri küçəsində ailəsi ilə birlikdə yaşayır və əkin sahələrində işləməyə gedir. xx.xx.2024-cü il tarixdə DİN-nin “102” xidmətizəng mərkəzinə zəng edib və Cəlilabad Rayon Polis Şöbəsinə ərizə ilə ona məxsus evdən əşyaların oğurlanması barədə müraciət etmişdir. Cəlilabad şəhəri, M.Nuri küçəsində yerləşən fərdi yaşayış evi bir mərtəbəli qırmızı kərpicdən ibarətdir, dörd geniş otaqları var və evin altında zirzəmi yerləşir. O, Bakı şəhərində yerləşən xəstəxanada oğlu müalicə aldığına görə təxminən 3 aya yaxındır ki rayondan Bakı şəhərinə gedib gəlir. X3, təxminən 2024-cü ilin iyun ayının 5-də Bakı şəhərindən Cəlilabad rayonuna yaşadıqları evə həyətə baxmağa gəlmiş və təmizlik işləri aparıb su nasosu ilə həyəti sulamışdır. Həmin günü X3, gecə ilə rayondan Bakı şəhərinə qayıtmış və evdə bütün əşyalar yerində olmuşdur. 21 iyun 2024-cü il tarixdə saat 10 radələrində qonşularından tanıdığı Dürdanə adlı qadın telefonuna zəng vurub ona məxsus evin plastik pəncərəsinin 20 iyun 2024-cü il tarixdən açıq vəziyyətdə olduğunu demişdir. O da qonşuya evdən çıxarkən pəncərələri bağlayıb getdiyini bildirmişdir. Buna görə onda evindən oğurluq olmasına dair şübhə yaranmış və bu barədə DİN-nin “102” xidməti-zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Daha sonra ona, Cəlilabad RPŞ-nin əməkdaşları zəng vurub Cəlilabad şəhəri, M.Nuri küçəsində yerləşən evinin qarşısında onu gözlədiklərini bildirmişlər. O da onlara yaşadığı küçədən çıxıb getmələrini və Bakı şəhərindən Cəlilabad rayona gələn kimi polis əməkdaşlarını evə baxmaq üçün çağıracağını bildirmişdir. Həmin günü saat 17 radələrində Bakı şəhərindən Cəlilabad rayonuna yaşadığı küçəyə gəlmiş və polis əməkdaşlarına zəng vurub onları çağırmışdır. Evin içərisinə daxil olan zaman evdən 1 ədəd “Samsung” markalı plazma televizorun və 1 ədəd su nasosunun yerində olmadığını görüb naməlum şəxslərin oğurladığını başa düşmüşdür. Həmin əşyaların oğurlanması barədə evdə polisə ərizə vermişdir. Polis əməkdaşları getdikdən sonra evdən oğurlanmış televizorun markasının “Samsung” markalı deyil, “Beko” markalı plazma televizor olmasını bilmiş, evin digər otaqlarına baxarkən evdən 1 ədəd tros və kabeli ilə birlikdə quyu su nasosunun, 1 ədəd qırmızı rəngdə tozsoranın, 1 ədəd elektrik sobasının, 1 ədəd qaz balonunun, 1 ədəd elektriklə işləyən istilik peçinin, 2 qutu stəkan dəstinin, 2 ədəd böyük aliminium qazanın, 1 ədəd odun peçinin və evin altında yerləşən zirzəmidən 15 ədəd “Vaz 2106” markalı avtomobilə aid açar dəstinin yerində olmadığını görmüşdür. Bundan əlavə evində internetə qoşulmaq üçün istifadə edilən “Vayfay” aparatının naməlum şəxs tərəfindən sındırılmasını aşkar etmişdir. Həmin Vayfay” aparatının sındırılması nəticəsində ona 50 manat dəyərində maddi ziyan dəymişdir. Bundan əlavə evin 2 ədəd çölə baxan plastik pəncərəsinin dəmir predmetlə açılması nəticəsində pəncərələr yararsız vəziyyətə düşmüşdür və 2 ədəd plastik pəncərəni 2 il bundan əvvəl 260 manat pul ödəməklə ustaya bağlatdırmışdır. Bu oğurluq hadisəsi ilə bağlı qonşuluğunda yaşayan az yaşlı Sadiqin evində qalan Xəyal adlı şəxsdən şübhələnmişdir, çünki tanımadığı şəxslərdən Xəyal adlı şəxsin küçələrdə satmaq üçün dəmir materialları axtardığını eşitmişdir. Yaşadığı evdən qeyd etdiyi əşyaların oğurlanmasını qonşularından heç kim görməmişdir. O, həmin 1 ədəd quyu su nasosunu 2024-cü ilin mart ayında 400 manat pula təzə almışdır və markası yadında qalmamışdır. Qeyd etdiyi quyu su nasosunun üzərində 35 metr uzunluğunda tros və 35 metr uzunluğunda kabel olmuşdur. Həmin quyu su nasosunu cəmi 1 dəfə istifadə etmişdir. O, 1 ədəd plazma televizoru 7 il bundan əvvəl kreditlə 800 manata təzə almış və markası “Beko” olmuşdur. Həmin televizor 82 ekran ölçüdə, qara rəngdə olmuş və işlətməmişdir. Bundan əlavə 1 ədəd qırmızı rəngdə tozsoranı 2024-cü ilin fevral ayında 120 manata təzə almış və işlətməmişdir. Lakin tozsoranın qutusu evdə olmadığı üçün markası yadında qalmamışdır. Həmçinin 1 ədəd elektrik sobasını 120 manata 2024-cü ilin fevral ayında təzə almış, markası yadında deyil, işlətməmiş və rəngi qırmızı olmuşdur. Evdən oğurlanmış 1 ədəd böyük qaz balonunu yemək bişirmək üçün 2 il bundan əvvəl 30 manata almışdır və işlənmiş vəziyyətdə olmuşdur. Elektriklə işləyən istilik peçini 2024-cü ilin yanvar ayında 40 manata təzə almışdır, 3 gözlü və qırmızı rəngdə olmuşdur. O, 2 qutu stəkan dəstini 20 manata 2024-cü ilin mart ayında təzə almışdır, 2 ədəd qutunun içərisində nəlbəki ilə birlikdə 12 ədəd stəkan olmuş və işlətməmişdir. Bundan əlavə 2 ədəd böyük aliminum qazanı 2024-cü ilin yanvar ayında 150 manata təzə almış və işlətməmişdir. Evdə oğurlanan odun peçini qonşusundan 20 manata təzə almış, odun peçi qalın dəmirdən ibarət olmuş və işlətmişdir. Həmçinin evin zirzəmisindən oğurlanmış X3ə məxsus “Vaz- 2106” markalı avtomobilə aid təmir açar dəsti müxtəlif ölçülərdə 15 ədəd olmuş, yoldaşı 40 manata almış və həmin açarlar işlənmiş vəziyyətdə olmuşdur. O, təhqiqat bölməsinə ilkin izahat yazanda yaşadığı evdən oğurlanmış əşyaların mövcud bazar qiymətini dəqiq bilmədiyi üçün təxminən 1710 manat dəyərində maddi ziyan dəydini bildirmişdir. Sonradan özü gedib oğurlanmış əşyaların mövcud bazar qiyməti ilə maraqlanmış və ona ümumilikdə 1740 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, 21 iyun 2024-cü il tarixdə o, yaşadığı evə daxil olub otaqlara baxanda əşyaların yerində olmadığını görüb çox həyacanlanmışdır. Həmin vaxt həyəcanlı olduğuna görə evindən oğurlanmış əşyaların markaları yadından çıxmışdır. Bakı-Astara magistral yolunun kənarında yerləşən “Cəlilabad MALL” adlanan alış-veriş mərkəzinin yaxınlığında olan məişət tullantılarının atıldığı yerdən tapılmış 1 ədəd “HİDROTHERM” markalı su nasosu, 1 ədəd qırmızı rəngdə “Elif” markalı tozsoran və 1 ədəd elektriklə işləyən “Quick” markalı istilik peçi onun evindən oğurlanmış əşyalardır. O, rayonda yerləşən tanımadığı mağazadan 1 ədəd “Beko” markalı plazma televizoru 7 il bundan əvvəl kreditlə 800 manata təzə almışdır. Bundan əlavə rayon bazarından 2024-cü ilin fevral ayında 1 ədəd “Elif” markalı qırmızı rəngli 3000W gücündə olan tozsoranı 120 manata təzə, 1 ədəd “HİDROTHERM” markalı su nasosunu 2024-cü ilin mart ayında 400 manata təzə və 1 ədəd elektriklə işləyən “Quick” markalı istilik peçini isə 2024-cü ilin yanvar ayında 40 manata təzə almışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və səhhəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini gəstərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyun 2024-cü il tarixdə icraatına Cəlilabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Araz Məmmədlinin 1-21247 saylı əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Nuri küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış fərdi yaşayış evindən oğurladığı əşyaları məişət tullantılarının atıldığı yerlərə atıb-atmamasının müəyyən edilməsi qeyd edilmişdir. O da bununla əlaqədar rayon ərazisində məişət tullantılarının atıldığı yerləri yoxlama başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı-Astara magistral yolunun kənarında yerləşən “Cəlilabad MALL” adlanan alış-veriş mərkəzinin yaxınlığında olan məişət tullantılarının atıldığı yerə gəlmişdir. Həmin yerə baxan zaman Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq edən Təqsirləndirilən şəxs oğurladığı əşyalardan 1 ədəd “elif” markalı qırmızı rəngdə tozsoranı, 1 ədəd “HİDROTHERM” markalı su nasosunu və 1 ədəd “Quick” markalı qırmızı rəngdə elektriklə işləyən istilik peçini tökülmüş sellofan torbaların altına atıldığını aşkar etmişdir. Daha sonra həmin əşyaları götürüb RPŞ-nə gətirmiş və bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Həmin tapılmış əşyaları aidiyyəti üzrə İstintaq Bölməsinə təqdim etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 istintaqda verdiyi ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda tək yaşayır və atası uzun müddətdir ki azadlıqdan məhrum edilib, anası isə ikinci dəfə ailə həyatı qurub evdən köçmüşdür. Təqsirləndirilən şəxs onun xalasının əridir. Təqsirləndirilən şəxs ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, evdə tək qaldığı üçün xalasından əri ilə birlikdə yanında müvəqqəti yaşamalarını xahiş etmişdir. 14 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs, 5-6 gün xalası ilə birlikdə onun evində qalmışdır. Zərərçəkmiş şəxs DİN-nin “102” xidməti-zəng mərkəzinə daxil olmuş müraciəti, habelə yazdığı izahatla tanış olmuşdur. Zərərçəkmiş şəxs onun qonşusudur və qonşu kimi münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs 1-2 aya yaxındır ki oğlunun Bakı şəhərində xəstəxanada müalicə alması ilə əlaqədar rayondan şəhərə getmiş və orada qalmışdır. 20 iyun 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evdə olmuş və xalasının əri Təqsirləndirilən şəxs ondan plastik pəncərəsi həyətlərinə baxan qonşu evin sahibinin niyə səslərinin gəlmədiyini soruşmuşdur. O da cavab olaraq Təqsirləndirilən şəxs plastik pəncərəsi həyətlərinə baxan evin qonşu Günelə məxsus olduğunu, Günelin xəstəxanada oğlunun yatması ilə əlaqədar Bakı şəhərinə getdiyini bildirmişdir. Xəyal da əlavə olaraq ona heç bir söz deməyib özünə çay hazırlamağa getmişdir. Həmin vaxt xalası da evdə olmamış və atası evinə qonaq getmişdir. O da küçəyə çıxıb rayonda yerləşən parka gəzməyə getmişdir. Həmin günü saat 20 radələrində yaşadığı evə gələndə Xəyalın evdə olmadığını görmüş və otağa gedib yatmışdır. 21 iyun 2024-cü il tarixdə günorta vaxtı yaşadığı küçədə dayan zaman polis əməkdaşlarının qonşu Günelin evinə gəldiyini görmüşdür. Daha sonra qonşulardan Günelin evindən oğurluq olmasını eşitmişdir. 20 iyun 2024-cü il tarixdə xalasının əri Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən əşyalar oğurlamasından, həmin oğurladığı əşyaları yaşadığı evin altında yerləşən zirzəmidə gizlətməsindən xəbəri olmamış və görməmişdir. İş materiallarında olan 21 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad şəhəri, M.Nuri küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X1 məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 iyul 2024-cü il tarixli 19/535 nömrəli rəyindən görünür ki, qərarda göstərilən mallar tədqiqata təqdim edilmədiyi üçün həmin mallar üzrə qiymətləndirmə nəzəri qaydada aparılmışdır: -7 il bundan əvvəl alınmış 82 diaqonallı “Beko” markalı televizorun 1 ədədinin 2024cü ilin fevral-iyun aylarına olan orta bazar qiyməti təxminən 100,00 manatdır. -Təzə vəziyyətdə “Elif” markalı qırmızı rəngli 3000W gücündə olan tozsoranın 1 ədədinin 2024-cü ilin fevral-iyun aylarına olan orta bazar qiyməti təxminən 80,00 manatdır. -Təzə vəziyyətdə, gücü 2850 r/min, üzırindı olan 35 metr tros və 35 metr kabeli ilə birlikdə “HİDROTHERM” markalı su nasosunun 1 ədədinin 2024-cü ilin fevral-iyun aylarına olan orta bazar qiyməti təxminən 180,00 manatdır. -İşlənmiş vəziyyətdə, 4 gözlü və qırmızı rəngli “Quick” markalı elektriklə işləyən istilik peçinin 1 ədədinin 2024-cü ilin fevral-iyun aylarına olan orta bazar qiyməti təxminən 18,00 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2024-cü ilin fevral-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 378,00 manat müəyyən olunur. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (modeli, istehsal yeri, istismar müddəti, keyfiyyəti, ölçüləri, çəkisi və.s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən mallar ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad rayon Cəngan kəndi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018-ci il təvüllüdlü Röyal və 2022-ci il təvəllüdlü Xəyal adlı iki azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. 23 iyun 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 4(073)-66/2024 saylı qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 23 iyun 2024-cü il tarixdən seçilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qırmızı rəngli “Elif” markalı 3000 W gücündə olan tozsoran, 1 ədəd “HİDROTHERM” markalı üzərində 35 metr trosu ilə birlikdə su nasosu və 1 ədəd qırmızı rəngdə “Quick” markalı elektiriklə işləyən istilik peçi zərərçəkmişşəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 23 iyun 2024-cü il tarixdən 18 sentyabr 2024-cü il tarixədək həbsdə qaldığı müddət 2 ay 26 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 5 (beş) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) ay 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad rayonu Tahirli kəndində yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd qırmızı rəngli “Elif” markalı 3000 W gücündə olan tozsoran, 1 ədəd “HİDROTHERM” markalı üzərində 35 metr trosu ilə birlikdə su nasosu və 1 ədəd qırmızı rəngdə “Quick” markalı elektiriklə işləyən istilik peçi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar