Məhkəmə qərarları › İş №1(073)-174/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-174/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-174/2023 12.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:55 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1987-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 may 2023-cü ildə saat 17:15 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçən 134,8-ci km\də Astara rayonu istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən aslı olaraq qabaqda gedən nəqliyyat vasitəsi ilə düzgün araməsafəsi seçməli, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısına almaq üçün mümkün olan tədbirləri görməli, qarşısında eyni istiqamətdə hərəkətdə olan naməlum “Qaz-33213” yük markalı avtomobillə lazimi ara məsafəsi saxlamalı, qarşısında hərəkətdə olan avtomobilin sürücüsü sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, nəqliyyat vasitəsinin sürətini azaltmaqla, hərəkətin təhlükəsizliyini təmin etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib eyni istiqamətdə hərəkətdə olan naməlum “Qaz- 33213” yük markalı avtomobilin sürücüsü sürətini kəskin azaltdığından, minik avtomobilin sükanını sağa doğru istiqamətləndirmiş, bu zaman avtomobil yolun sağ ehtiyyat hissəsinə çıxmaqla yol kənarında olan elektirik dirəyinə çırpılmış, nəticədə ehtiyatsızlıqdan “Vaz 21063” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 sağ tərəfli çanaq sümüklərinin yerini dəyişən çoxsaylı sınıqları, sol bud və sağ said sümüklərinin yerini dəyişən qəlpəli sınıqları nəticəsində əmələ gəlmiş ağ ciyərlərin trombozu kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq 25 may 2023cü ildə saat 23:30-da Abşeron RMX-da ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travmasi və sol Vİİ qabırğanın yerini dəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, onun “Vaz 21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomaşını və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Mərhum Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs X4 onun qonşularıdır. 18 may 2023-cü il tarixdə günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs1 onu və arvadı X5 rayonuna xəstəxanaya aparmağı xahiş etmişdir. O da razılaşmış və həmin gün Zərərçəkmiş şəxs1la X5 rayonuna xəstəxanaya aparmışdır. 18 may 2023-cü ildə saat 17:15 radələrində Biləsuvar rayonundan qayıdarkən idarə etdiyi “Vaz-21063” minik markalı avtomaşınla Ələt- Astara yolu ilə üzü Astara rayonu istiqamətində hərəkətdə olmuşdur. Həmin avtomobili o idarə etmiş, Zərərçəkmiş şəxs1 avtomobildə qabaq sərnişin oturacağında, Töfhə Məmmədova isə arxa oturacaqda əyləşmişlər. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə qarşısında eyni istiqamətdə hərəkətdə olan tanımadığı “Qaz-33213” yük markalı avtomaşın sürətini azaltmaqla sola doğru manevr etmiş, bu zaman onunla toqquşmamaq üçün avtomaşının əyləcini basmaqla sükanı sağa doğru istiqamətləndirmişdir. Lakin idarə etdiyi “Vaz 21063” minik markalı avtomaşın yolun sağ ehtiyat hissəsinə çıxdıqdan sonra idarəedilməz vəziyyətdə sağ yan üstə bir qədər irəli getdikdən sonra işıq dirəyinə çırpılmışdır. Hadisə zamanı avtomaşında olanlarla birgə o da xəsarət almışdır. “Vaz 21063” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 vəfat etdiyini sonradan bilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 ilə və digər zərərçəkmiş X4 ilə barışmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs onun qonşusudur. 18 may 2023-cü il tarixdə əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21063” minik markalı avtomaşınla Biləsuvar rayonuna xəstəxanaya getmişlər. Həmin gün saat 17:15 radələrində xəstəxanadan qayıdarkən Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxt əri Zərərçəkmiş şəxs1 avtomobildə qabaq sərnişin oturacaqda, o isə arxa oturacaqda əyləşmişdir. Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçdikdə ani olaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21063” minik markalı avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmaqla işıq dirəyinə çırpılmışdır. Hadisə zamanı əri Zərərçəkmiş şəxs1la birgə o da xəsarət almışdır. Hadisədən sonra əri Zərərçəkmiş şəxs1 göstərilən yardımlara baxmayaraq o, Abşeron RMX-da vəfat etmişdir. Hadisə zamanı yolda hər hansı avtomaşınla toqquşmamışlar. Hadisə zamanı xəsarət aldığından müalicəsi davam edir. Zərərçəkmiş şəxs X4 12 oktyabr 2023-cü il tarixdə məhkəməyə yazılı ərizə göndərərək hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, üzrlü səbəbdən 12 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan məhkəmənin keçirilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun atasıdır. 18 may 2023-cü il tarixdə yaşadığı evdə olduğu vaxt atası Zərərçəkmiş şəxs1 Ələt-Astara yolunda yol qəzasına düşməsini eşitmişdir. Daha sonra Cəlilabad RMX-na getdikdə atası Zərərçəkmiş şəxs1 yol qəzasında ağır bədən xəsarətləri aldığını bilmişdir. Həkimlərin yardımlarına baxmayaraq 25 may 2023-cü ildə axşam saatlarında atası Zərərçəkmiş şəxs1 Abşeron rayon mərkəzi xəstəxanasında vəfat etmişdir. Sonradan hadisə barədə soraqlaşanda qonşuları Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz-21063” minik markalı avtomobillə Biləsuvar rayonundan qayıdarkən Astara rayonu istiqamətində hərəkətdə olduğu zaman işıq dirəyinə çırpılması nəticəsində atası Zərərçəkmiş şəxs1 ağır bədən xəsarətləri aldığını, anası X2 isə az ağır bədən xəsarət aldığını bilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Buna görə də Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə notariat qaydasında təsdiqlənmiş yazılı ərizə də təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Ələt-Astara- İran sərhədi yolunun Cəlilabad rayon Qarazəncir kəndi ərazisindən keçən 134,8-ci km\də baş vermişdir. Hadisə yerində yolun hərəkət hissəsi ikitərəfli, asfalt örtüklü olmaqla quru, üfüqi olmuş, yolda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir maneə olmamışdır. Hadisənin baş verdiyi yerdə hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3,7 metrdir, yolun hər iki tərəfi əkin sahələridir. Hadisə yerində tormoz izi aşkar olunmamışdır. “Vaz 21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Astara rayonu istiqamətində yolun sağ kənarından çəpəki 10,4 metr, düzünə 2,5 metr məsafədə elektrik dirətinə çırpılmış, əzilmiş və deformasiyaya uğramış vəziyyətdə dayanmışdır. (i.v 5-11) İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin 18 may 2023-cü il tarixli 153 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. (i.v 13) Cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxsn «B1,B,C1,C» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. (i.v 15) Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 23 iyun 2023-cü il tarixli 3-13-16/2-82940 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 oktyabr 2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BC 391572 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli 436 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - döş qəfəsinin küt travması və sol Vİİ qabırğanın yerini dəyişən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 14 iyun 2023-ci il tarixli 17 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 sağ tərəfli çanaq sümüklərinin yerini dəyişən çoxsaylı sınıqları, sol bud və sağ said sümüklərinin yerini dəyişən qəlpəli sınıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə yol nəqliyyat hadisəsi zamanı almış olduğu sağ bud və sağ tərəfli çanaq sümüklərinin çoxsaylı yerini dəyişən sınıqları nəticəsində əmələ gəlmiş ağ ciyərlərin trombozu səbəb ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Mərhum Zərərçəkmiş şəxs1 25 may 2023-cü ildə saat 23:30-da Abşeron RMX-nın reanimasiya şöbəsində vəfat etmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 01 avqust 2023-ci il tarixli 17 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 sağ tərəfli çanaq sümüklərinin yerini dəyişən çoxsaylı sınıqları, sol bud və sağ said sümüklərinin yerini dəyişən qəlpəli sınıqları müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə yol nəqliyyat hadisəsi zamanı almış olduğu sağ bud və sağ tərəfli çanaq sümüklərinin çoxsaylı yerini dəyişən sınıqları nəticəsində əmələ gəlmiş ağ ciyərlərin trombozu səbəb olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 29 may 2023-ci il tarixli 385 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ 8-ci qabırğanın natamam sınığı, döş qəfəsinin sağ yan səthində və sağ bud-çanaq oynağı nahiyəsində qançır müəyyən olundu. Həmin xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyun 2023-cü il tarixli 8/1529 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Vaz-21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, Cəlilabad rayonu İHB-nin Cəlilabad şəhər İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2023-cü il tarixli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 yanvar 2017-ci il təvəllüdlü X9 və 07 oktyabr 2022-ci il təvəllüdlü X8 adlı iki azyaşlı uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və iş üzrə digər zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, hadisə nəticəsində özünün də xəsarət almasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan “Vaz-21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Eyni zamanda məhkəmə, qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsi üçün əsas yoxdur, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə hökmünün icra edilməsinə maneə törətmək ehtimalının olmasına əsas görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan “Vaz-21063” minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar