Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-177/2023 16.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, sabunçu rayonu, Maştağa qəsəbəsi, Neftçilər küçəsi, ev 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, 05 fevral 2023-cü il tarixdə, saat 06 radələrində qanuni əsaslarla idarə etdiyi “X5” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, Privolnoye kəndi ərazisində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, həmçinin avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni, 70-80 km/saat sürətlə idarə etdiyindən həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin, bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Cəlilabad rayonu, Göytəpə şəhərindən Privolnoye kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamət üçün nəzərdə tutulmuş hərəkət zolağına çıxıb Şahid1 qanuni əsaslarla idarə etdiyi “MAZ 5334-1BA 15V xüsusi təyinatlı” markalı, **-EA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə sərnişin üçün nəzərdə tutulan qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs qarnının ağır küt travması, qara ciyərin zədələnməsi, daxili qanitirmə, burun sümüklərinin açıq sınığı, burun belində və sağ baldır nahiyəsində əzilmiş yara, sağ çiyin qurşağı nahiyəsində qançır, döş qəfəsinin və qarnın ön səthində, sağ bud, hər iki baldır, sağ diz oynağı, sol mil-bilək oynağının və sol əlin arxa səthində sıyrıqlar əmələ gəlməsi ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri alaraq qara ciyərin zədələnməsi ilə əmələ gələn kəskin qanitirmə nəticəsində hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2022-ci ilin may ayından Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "xxxx" MMC çörək zavodunda sürücü olaraq işə düzəlmişdir. O, Bakı şəhərində yerləşən ərzaq mağazalarına zavoddan götürdüyü çörəkləri təhvil vermişdir. Bir müddət Bakı şəhərində işlədikdən sonra zavod rəhbərliyindən ona rayonlara çörək paylamağı təklif olunmuşdur. Maaşında artım nəzərdə tutulduğundan o, bu təklifi qəbul etmişdir. Marşrut üzrə axşam saat 23 radələrində zavoddan çörəkləri götürərək Şirvan şəhəri, Salyan rayonu və Cəlilabad rayonuna əvvəlcədən müəyyən edilmiş ərzaq mağazalarına təhvil verdikdən sonra zavoda geri qayıtmışdır. Təxminən saat 09 radələrində o, artıq zavodda olmuşdur. 2023-cü ilin yanvar ayından Zərərçəkmiş şəxs onun yanına köməkçi kimi vermişlər. O, zavod tərəfindən verilmiş “X5” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 04 fevral 2023-cü il tarixdə, saat 23 radələrində qeyd etdiyi kimi Nizami ilə birlikdə zavoddan çörəkləri götürərək rayonlara yola düşmüşlər. 05 fevral 2023-cü il tarixdə, saat 06 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində Privolnoye kəndi istiqamətində hərəkət etmişlər. O, avtomobili idarə etmiş, Nizami isə sərnişin üçün nəzərdə tutulmuş oturacaqda oturmuşdur. Privolnoye kəndi ərazisində onun surəti təxminən 70-80 km saat olmuşdur. Bu zaman əks istiqamətdən isə böyük “MAZ” markalı avtomaşın gəlmişdir. Onların hər ikisi öz zolaqlarıyla hərəkət etmişlər. Onun həmin avtomobilə çatmağına təxminən 10 metr qalmış o, yuxulamış, bu səbəbdən ani olaraq idarə etməni itirmiş və avtomobil qarşı zolaq tərəfə keçərək əks istiqamətdə olan “MAZ” markalı avtomobilə çırpılmışdır. Bu qəfildən baş verdiyindən o, heç əyləc pedalından da istifadə edə bilməmişdir. Bundan sonra o, huşunu itirmiş və heç nə xatırlamamışdır. Bir gün sonra özünə gəldikdə artıq xəstəxanada olmuşdur. Sonradan ona məlum olmuşdur ki, yolnəqliyyat hadisəsi nəticəsində Nizami vəfat etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Zərərçəkmişin hüquqi varisinə müəyyən hazırki vaxta kimi 4300 manat pul ödəniş etsə də, əlavə pul tələb etdiyi üçün onunla barışa bilməmişdir. Himayəsində iki azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun doğma oğludur. O, Bakı şəhərində yerləşən "xxxx" MMC-də çörək paylayan işləmişdir. Nizami gün ərzində çörək sexinin sürücüsü vasitəsi ilə marşrut üzrə müvafiq rayonlara çörək paylayaraq yenidən Bakı şəhərinə qayıtmışdır. 05 fevral 2023-cü il tarixdə, səhər saatlarında o, yaşadığı evdə olmuşdur. Həmin vaxt onun mobil telefonuna zəng gəlmiş və qohumları ona Cəlilabad şəhərində Nizaminin iş yoldaşının yol-nəqliyyat hadisəsi törətdiyini, Nizaminin də sərnişin qismində həmin avtomobilin içərisində olduğunu bildirmişlər. Sonra hadisə barəsində maraqlandıqda oğlu Nizaminin yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyini öyrənmişdir. Hal-hazıra kimi Təqsirləndirilən şəxs tərəfindən ona dəfn və hüzr mərasimi üçün çəkilən xərclərin əvəzi olaraq cəmi 4300 manat pul ödənilmişdir. Lakin o, əlavə olaraq da 2200 manat tələb edir. Həmin pul ona ödənilmədiyi üçün təqsirləndirilən şəxslə barışmamışdır. Ona görə də Təqsirləndirilən şəxsa ağır cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, “MAZ 5334-1BA 15V Xüsusi Təyinatlı” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. O, həmin avtomobildən quyuların qazılmasında istifadə etmişdir. 05 fevral 2023-ci il tarixdə, saat 06 radələrində müştəri tapmaq məqsədi ilə oğlu Şahid2 ilə birlikdə idarə etdiyi avtomobil ilə Cəlilabad rayonu, Privolnoye kəndindən Göytəpə şəhəri istiqamətində hərəkət etmişdir. Privolnoye kəndi ərazisində onun sürəti təxminən 40-45 km/saat olmuşdur. Əks istiqamətdən “Ford” markalı avtomobil gəlmişdir. Onların hər ikisi öz zolağıyla hərəkət etmişlər. Həmin avtomobil idarə etdiyi avtomobilə təxminən 15 metr qalarkən onun hərəkət zolağına keçməyə başlamışdır. O, idarə etdiyi avtomobildə əyləc pedalına basaraq avtomobili yolun sağ kənarına çəkməyə başlamış və həmin avtomobil ilə onun idarə etdiyi avtomobil toqquşmuşdur. Onun idarə etdiyi avtomobildə oğlu Ruslan sərnişin üçün nəzərdə tutulmuş sağ oturacaqda oturmuşdur. Onların hər ikisi avtomobildən yerə enmişlər. Oğlu ilə birlikdə “Ford” markalı avtomobildə olan sürücü və sərnişini ilkin tibbi yardım göstərmək məqsədi ilə çıxarmağa çalışmışlar. Lakin, onlar sıxışıb qaldığına görə onları çıxara bilməmişlər. Həmin vaxt Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və FHN-nin qaynar xəttinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Yolla hərəkət edən tanımadığı şəxslər avtomobili saxlayaraq onlara kömək etmişlər və sürücünü avtomobildən çıxara bilmişlər. Həyəcanlı olduğundan onu kimin xəstəxanaya apardığını bilməmişdir. Bundan sonra isə FHN-nin xilasediciləri gəlmiş və Ford markalı avtomobildəki sərnişini onlar çıxarmışdır. Ford markalı avtomobildəki sürücü, sonradan adını bildiyi İlkin adlı şəxsi xəstəxanaya aparmışlar və adını sonradan bildiyi Nizami adlı sərnişin isə hadisə yerində ölmüşdür. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər və onun iştirakıyla hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, atası Eynulla qazma qurğusu işlədir və o, isə onun yanında fəhlə kimi işləyir. Atası “MAZ 5324-1 BA 15V Xüsusi Təyinatlı” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 05 fevral 2023-ci il tarixdə, saat 06 radələrində müştəri tapmaq məqsədi ilə atası ilə birlikdə onun idarə etdiyi avtomobil ilə Cəlilabad rayonu, Privolnoye kəndindən Göytəpə şəhəri istiqamətində hərəkət etmişlər. Privolnoye kəndi ərazisində onların sürəti təxminən 40-45 km/saat olmuşdur. Əks istiqamətdən “Ford” markalı avtomobil gəlmişdir. Onların hər ikisi öz zolağıyla hərəkət etmişlər. Həmin avtomobil atasının idarə etdiyi avtomobilə təxminən 15 metr qalarkən onların hərəkət zolağına keçməyə başlamışdır. Atası idarə etdiyi avtomobildə əyləc pedalına basaraq avtomobili yolun sağ kənarına çəkməyə başlamış və həmin avtomobil ilə atasının idarə etdiyi avtomobil toqquşmuşdur. O, atasının idarə etdiyi avtomobildə sərnişin üçün nəzərdə tutulmuş sağ oturacaqda oturmuşdur. Atası ilə o, hər ikisi avtomobildən yerə enmişlər. Atsı ilə birlikdə “Ford” markalı avtomobildə olan sürücü və sərnişini ilkin tibbi yardım göstərmək məqsədi ilə çıxarmağa çalışmışlar. Lakin, onlar sıxışıb qaldıqlarına görə onları çıxara bilməmişlər. Həmin vaxt atası Eynulla Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və FHN-nin qaynar xəttinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. Yolla hərəkət edən tanımadığı şəxslər avtomobili saxlayaraq onlara kömək etmişlər və sürücünü avtomobildən çıxara bilmişlər. Həyəcanlı olduğundan onu kimin xəstəxanaya apardığını bilməmişdir. Bundan sonra isə FHN-nin xilasediciləri gəlmiş və “Ford” markalı avtomobildəki sərnişini onlar çıxarmışdır. “Ford” markalı avtomobildəki sürücü, sonradan adını bildiyi İlkin adlı şəxsi xəstəxanaya aparmışlar və adını sonradan bildiyi Nizami adlı sərnişin isə hadisə yerində ölmüşdür. Həmin vaxt polis əməkdaşları da hadisə yerinə gəlmişlər və onun iştirakıyla hadisə yerinə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Cəlilabad rayonu, Privolnoye kəndində baş vermişdir. Yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton olmaqla düz və quru vəziyyətdə olmaqla 2 hərəkət hissəsindən ibarətdir. Hərəkət hissənin ümumi eni 6 metr, hər bir hərəkət zolağının eni isə 3 metrdir. Cəlilabad rayonu, Privolnoye kəndindən Göytəpə şəhəri istiqamətində hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, “MAZ 5334-1BA 15V xüsusi təyinatlı” markalı, 77-EA- 891 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkəri yolun sol tərəfindən 4,2 metr məsafədə, arxa sol təkəri isə 3,6 metr məsafədə yerləşir. Həmçinin həmin avtomobilin arxa sağ təkəri yolun sağ tərəfindən 0,5 metr məsafədə, qabaq sağ təkəri isə konkret olaraq yolun sağ kənar sərhədində yerləşir. Bundan başqa hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, “X5” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ təkəri yolun sol tərəfindən 4,6 metr məsafədə, arxa sağ təkəri 4,1 metr məsafədə yerləşir. Həmçinin həmin avtomobilin arxa sol təkəri yolun sağ tərəfindən 0,5 metr məsafədə, qabaq sol təkəri isə konkret olaraq yolun sağ kənar sərhədində yerləşir. Hadisə yerinin müayinəsi zamanı tormoz izi aşkar edilmədi. Hadisə yerinə baxış zamanı avtomobillərin toqquşma nöqtəsi müəyyən edildi. Belə ki, toqquşma Cəlilabad rayonu, Privolnoye kəndindən Göytəpə şəhəri istiqamətində yolun sol tərəfindən 4,8 metr məsafədə, sağ tərəfindən isə 1,2 metr məsafədə baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 42 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq vəziyyətdə olmuşdur. (i.v 13) Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin 17 mart 2023-cü il tarixli 3-13-16-5/2-2405/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2018-ci il tarixdə AD 139561 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququndan məhrum olunanlar və məhdudlaşdırılanlar sırasında olmadığı müəyyən olunmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 15 fevral 2023-cü il tarixli 03 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: qarnın ağır küt travması, qara ciyərin zədələnməsi, daxili qanitirmə, burun sümüklərinin açıq sınığı, burun belində və sağ baldır nahiyəsində əzilmiş yara, sağ çiyin qurşağı nahiyəsində qançır, döş qəfəsinin və qarnın ön səthində, sağ bud, hər iki baldır, sağ diz oynağı, sol mil- bilək oynağının və sol əlin arxa səthində sıyrıqlar. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, 05 fevral 2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qaraciyərin zədələnməsi nəticəsində əmələ gəlmiş kəskin qanitirmə olmuşdur.ilkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyitxanada müayinə olunmağa başladığı vxtdan 3-6 saat əvvəl baş vermişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 PHŞ-nin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 05 may 2023cü il tarixli 285 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs müştərək travma döş qəfəsi qarnının küt travması, sağ bud sümüyü yuxarı, 3/1 sol bud sümüyü aşağı 3/1 oynaq daxili açıq çox qəlpəli yerdəyişən sınıqları, sağ diz qapağının qapalı qəlpəli yerdəyişən sınığı, soldan 4,5,6,7,7 qabırğaların qapalı yerdəyişən sınığı, sol tərəfli pnevmuhemotoraks müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2023-cü il tarixli 8/1196 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “For Transit markalı markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqınd” Azərbaycan respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli 8/2173 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə MAZ 5334-1 BA 15V markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Ford Transit” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqınd” Azərbaycan respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayonu İHB-nin Maştağa qəsəbəsi İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş arayışdan və “Doğum haqqında” şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016cı il təvəllüdlü Yusif Quliyev və xx.xx.2021-ci il təvəllüdlü Aysun Quluzadə adlı iki azyaşlı övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması və ailəsinin yeganə qazanc gətirəni olması, hadisə nəticəsində özünün də xəsarət alması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li Qərarının 21-ci bəndinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın- qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə 256 (iki yüz əlli altı) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 (il) 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından dərhal həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə 256 (iki yüz əlli altı) manat məbləğində ekspertiza xərcləri Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-177/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-177/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver