Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-18/2023 20.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1996-cı ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Goranboy rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində Goranboy rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə çəkilməmiş cəzası 1 (bir) il azaldılmış, 20 may 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi D.Məmmədov küçəsi ev 43-də qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,897 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 20 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri H.Əliyev prospekti ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi “BMW” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə həmin narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə marixuana istifadə edir. 20 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində o, dostu Goranboy rayon sakini Şahid5 ilə görüşmüş və ona təklif etmişdir ki, istirahət etmək cənub rayonlarına getsinlər. X4 də onunla razılaşmış və ona məxsus olan “BMW” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobillə cənub rayonlarına tərəf yola düşmüşlər. 20 sentyabr 2022-ci il tarixdə saat 20:30-da Ələt-Astara magistral yolunda hərəkətdə olarkən Cəlilabad şəhəri lövhəsini görmüşlər və o, dostu Cahandara demişdir ki, Cəlilabad şəhərinə daxil olsunlar. Bundan sonra, onlar Cəlilabad şəhərinə daxil olmuş və saat 21 radələrində Cəlilabad şəhəri ərazisində YPX-nin əməkdaşı idarə etdiyi avtomobilə saxla işarəsi vermişdir. O da avtomobili saxlamış, YPX-nin əməkdaşlarından başqa bir neçə nəfər mülki geyimli şəxslər də ona yaxınlaşmış və ondan avtomobildə və üzərində qanunla qadağan edilən əşya və ya predmet, narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına demişdir ki, üzərində marixuana vardır. Bundan sonra polis əməkdaşları onu və dostu Cahandanı idarə etdiyi avtomobil ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində onun üzərində hüquqlarını müdafiə etməsi üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o, üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi bir büküm marixuananı təqdim etmişdir. Həmin narkotik vasitə onun iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Üzərindən aşkar edilmiş həmin marixuananı 19 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Goranboy rayonunda yerləşən parkda piyada hərəkət edən zaman yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində daşımışdır. Həmin marixuanadan istifadə etməmişdir. Bundan sonra onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Goranboy rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 20 sentyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, idarə etdiyi “BMW” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad şəhəri H.Əliyev prospektində hərəkət edən zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə müşahidə etdikdən sonra əməliyyat qrupunun üzvü YPXB-nin inspektoru Fuad Əsgərov tərəfindən Təqsirləndirilən şəxs “saxla” işarəsi verilmişdir. Bundan sonra onlar dərhal həmin avtomobilə yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və avtomobili idarə edən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt avtomobildə bir nəfər sərnişin də olmuşdur. Özünü Təqsirləndirilən şəxs həmkəndlisi kimi təqdim edən Şahid5 istirahət etmək məqsədi ilə Cəlilabad rayonuna gəldiklərini və narkotik məsələsindən məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsləri rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək idarə etdikləri avtomobillə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra ilk öncə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi təqdim edildikdən sonra müdafiəçinin və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda olan bükülünü təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni üzərində daşımağından dostu Şahid5 heç bir məlumatı olmamışdır. Daha sonra X2 şübhəli şəxs qismində tutularaq ona da hüquqlarını müdafiə etmək üçün müdafiəçi təqdim edilmişdir. Ona təqdim edilmiş müdafiəçinin və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Şahid5 təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya və ya predmet vardırsa təqdim etsin. Şahid5 isə üzərində qanunla qadağan edilmiş əşya və ya premetin olmadığını bildirdi. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Sonda isə hər iki şübhəli şəxsin iştirakı ilə Təqsirləndirilən şəxs yazılı razılığı ilə onun idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və RPŞ-nin inspektoru Şahid3 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 20 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs ilə görüşmüş və Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, Respublikanın cənub rayonlarına getsinlər. O da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs məxsus “BMW” markalı, **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə cənub rayonlarına yola düşmüşlər. Həmin gün saat 20:30 radələrində Ələt-Astara magistral yolunu keçəndə Cəlilabad şəhəri lövhəsini görmüşlər və Təqsirləndirilən şəxs ona demişdir ki, Cəlilabad şəhərinə daxil olsunlar. Bundan sonra, onlar Cəlilabad şəhərinə daxil olmuş və saat 21 radələrində Cəlilabad şəhəri ərazisində YPX-nin əməkdaşı avtomobilə saxla işarəsi vermiş və Vüsal avtomobili onun tələbi ilə saxlamışdır. Bundan sonra YPX-nin əməkdaşı və ondan başqa 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşmış və onlardan avtomobildə və ya üzərlərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində qanunla qadağan edilən əşya, predmet və ya narkotik vasitə olmadığını desə də, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs ona məxsus avtomobil ilə Cəlilabad RPŞ-yə gətirmişlər. RPŞ-də üzərində şəxsi axtarış keçirilmiş, üzərində qanunla qadağan edilmiş hər hasnı əşya və predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə onun iştirakı ilə baxış keçirilmiş, lakin avtomobildən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş halda olan bükülünü təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni tapdığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 19/1001 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddəyə bənzər maddə....” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,897 qram maddə olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 6,877 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli 1103 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Goranboy rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilməklə çəkilməmiş cəzası 1 (bir) il azaldılmış, 20 may 2022ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü Zəhra İsgəndərli adlı bir azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 22 sentyabr 2022ci il tarixli 4(073)-176/2022 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığının müddəti 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitnə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 6,877 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 sentyabr 2022-ci il tarixdən tutulduğu və ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla o, cəzasını çəkmiş hesab edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 6,877 qram qalan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-18/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-18/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver