Məhkəmə qərarları › İş №1(073)-180/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-180/2023

07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-180/2023 07.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hüseyn küçəsi ev 08 mənzil 13-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,020 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 14 iyun 2023-cü il tarixdə saat 00 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ arxa cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir ildən artıq müddətdir narkotik vasitə istifadə edir. 12 iyun 2023-cü il tarixdə günorta saat 13 radələrində dostları ilə görüşüb çay içmək üçün Cəlilabad şəhəri yaxınlığında çayxanaya getmişdir. Həmin vaxt oradan evə gələn zaman yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 14 iyun 2023-cü il tarixdə təxminən saat 00 radələrində dostlarıyla görüşüb çay içib evə geri qayıdan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və o da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün ona vəkil təyin olunmuş və videoçəklişlə üzərinə baxış keçiriləcəyi ona bildirilmişdir. Bundan sonra ondan üzərində qanunla qadağan olunmuş hansı əşya olub olmamasını soruşmuşlar. O da əynində olan qara rəngli cins şalvarının arxa sağ cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, ilk dəfədir ki, cinayət törədir, himayəsində üç azyaşlı uşağı vardır, uşaqlarından biri sağlamlıq imkanları məhdud uşaqdır. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xidməti vəzifəsilə əlaqədar olaraq şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri M.Hüseyn küçəsinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 00 radələrində Təqsirləndirilən şəxs həmin küçədə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının arxa sağ cibində bir bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Təqsirləndirilən şəxs üzərində axtarış aparmamış və bu məqsədlə onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin maddəni 12 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş və heç kimə verməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunan pul özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilən zaman elektron tərəzi həmin bükümün çəkisini 1,08 qram olaraq göstərmişdir. Daha sonra həmin maddə ekspertizaya göndərilməsi üçün zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin maddəni 12 iyun 2023-cü il tarixdə Cəlilabad şəhəri ərazisindən tapmış, həmin maddədən istifadə etməmiş və heç kimə verməmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 14 iyun 2023-cü il tarixli 19/652 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 1,020 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,970 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 13 iyul 2023-cü il tarixli 740 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli 459 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü Yusif Məmmədov, Məhəmməd Məmmədov adlı (əkiz), 2023-cü il təvəllüdlü Yağmur Məmmədova adlı üç azyaşlı uşaqları vardır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs övladı X2 25 noyabr 2037-ci il tarixədək sağlamlıq imkanları məhdud uşaqdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, ilk dəfə cinayət törətməsi, himayəsində bir sağlamlıq imkanları məhdud uşağın olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 14 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə saat 00:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 15 iyun 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 iyun 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 12:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitnə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,970 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 14 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri M.Hüseyn küçəsi ev 08 mənzil 13-ü tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,970 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar