Məhkəmə qərarları › İş №1(073)-182/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-182/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-182/2024 18.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Beyləqan rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Bakı şəhəri, Suraxanı rayonu, 2 nömrəli Uşaq evində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 12 sentyabr 2024cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda -1,016 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 sentyabr 2024-cü il tarixdə saat 12:10 dəqiqədə Cəlilabad şəhəri Qurtuluş küçəsində yerləşən “DAİM”-in yaxınlığında piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq həmin narkotik vasitə heroin 1 ədəd şəffaf sellofanın içərisində olmaqla əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 10 sentyabr 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Xırdalan şəhərindən çıxmış və yol maşını ilə Cəlilabad rayonuna gəlmiş. O, Cəlilabad rayonuna çatmış və avtomobildən düşərək dairə deyilən yerə tərəf getmişdir. Həmin zaman o, ayaqyoluna getmək istəmiş və dairəyə yaxın binanın arxasına keçmişdir ki, təbii ehtiyacını ödəsin. Həmin zaman iki nəfər mülki geyimdə tanımadığı şəxslər ona tərəf yaxınlaşmış, mülki geyimdə olan şəxslər özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olmasını demişlər. Polis əməkdaşları ona özünü şübhəli aparmasını bildirərək üzərində narkotik vasitə olub olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, Abşeron rayonundan gəlmiş, bura keçməyinin səbəbi isə təbii ehtiyaclarını ödəməkdir. Bundan sonra polis əməkdaşlarına gələndə özüylə narkotik vasitə olan heroin gətirməsini bildirmişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərində yoxlanış keçirilən zaman özü bükülünü çıxardaraq təqdim etmişdir. Həmin kütlənin içərisində heroin olduğunu bildirmişdir. Həmin kütlə orada elektron tərəzidə çəkilərək 1,24 qr olduğu müəyyən olunmuş və həmin bükülü qablaşdırılmışdır. Daha sonra onu Cəlilabad RPŞ-nə gətirmişlər. Şöbədə onun iştirakıyla təhqqiqatçı təqdim olunmuş bükülüyə baxış keçirmiş, həmin bükülüdə narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Daha sonra o müdafiəçi ilə təmin olunmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulmuşdur. Həmin narkotik vasitəni o, yaşadığı Xırdalan şəhəri ərazisindən yerdən tapmışdır. O, 3-4 ay olar ki, narkotik vasitə olan heroin istifadə edir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitədən istifadə etməmişdir. Onun üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış, bu barədə heç kimə deməmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş heroini qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Etdiyi əməldən səmimi peşmandır. Aildə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Törədilmiş cinayət əməli təqsirləndirilən şəxs Röyal Abuşovun özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi yoxdur. 10 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 10 sentyabr 2024-cü il tarixdə, saat 12:10 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində yerləşən “DAİM” adlanan yerin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs onu nə üçün saxladıqlarını izah etmişlər, əməliyyat axtarış tədbirinin keçirilməsi haqqında qərar əsasında üzərinə yoxlanış aparacaqlarını bildirmişlər. Ona həmçinin müdafdiəçi ilə təmin olunmaq hüququnun olmasını izah etmişlər. Sonra həmin ərazidə onun üzərində yoxlama keçirilmişdir. Yoxlama keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və qanunla qadağan edilmiş predmet və ya əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmasını bildirmişdir. O, həmin bükülünü üzərindən çıxardıb təqdim etmişdir. Həmin bükülü elektron tərəzidə çəkilmiş, çəkisi 1,24 qram olması müəyyən edilmişdir. Həmin bükülü zərfə qoyularaq qablaşdırılmış, Təqsirləndirilən şəxsla birlikdə zərf RPŞ-nə gətirilmişdir. Şübhəli şəxs qismində saxlanılmış şəxsin üzərinin yoxlanılması və götürülmə barədə protokol tərtib olunmuş, hər bir iştirakçı həmin protokolu imza etmişlər. X3 şübhəli şəxs Təqsirləndirilən şəxs və içərisində narkotik vasitə heroin olan zərf təqdim edilmişdir. Həmin bükülüyə onun və İsmayıl Məmədovun iştirakı ilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində heroinə bənzər maddə olması müəyyən edilmişdir. Yenidən həmin bükülü zərfə qoyularaq ekspertizaya təqdim olunmasından ötrü möhürlənmişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Şahid3, Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X4 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 19/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə çəkisi: -1,016 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroinin ümumi təmiz çəkisi 1,016 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 0,966 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 699 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranana ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Az. Res. CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib Abşeron rayon məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə 03 il 06 ay azadlıqdan məhrum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunubdur. İşdə olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakmiyyəti Başıçısının 5 saylı MTİTS-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Abşerov rayonu, Xırdalan şəhər, M.Hüseynzadə küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır və yaşadığı müddət ərzində onun barəsində 5 saylı MTİTS-yə heç bir şikayət daxil olmayıb. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəllənin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş materiallarına əlavə olunmuş, 10 sentyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 12:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 12 sentyabr 2024-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 sentyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 11:30-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 1(073)- 182/2024 saylı qərarın sürətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 19 noyabr 2024-cü tarixdə Cəlilabad rayon ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nin MSY-yə təhvil verilmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan X2 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,966 qram narkotik vasitə olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 10 sentyabr 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,966 qram narkotik vasitə olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 65 (altımış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar