Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-186/2024 18.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Cəlilabad doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Q.İsmayılov küçəsi, ev 10-da qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İİ siyahısına əsasən xeyli miqdarda ümumilikdə təmiz çəkisi 0,893 qram olan ağ rəngli kristalllardan ibarət psixotrop maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 25 iyul 2024-cü il tarixdə, saat 10:00-da Cəlilabad RPŞ-nin əməkdaşlarının Cəlilabad şəhəri, F.Əhmədov küçəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan bükümdə həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən iki il əvvəldən psixotrop maddə metamfetamini kağızın arasında yandıraraq tüstüsünü qəbul edir. Mahiyyəti üzrə bildirmişdir ki, 24 iyul 2024-cü il tarixdə, təxminən saat 22 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerin yaxınlığından keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu görmüş, o, həmin sellofan bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin metamfetamini daha sonra özü qəbul etməsi üçün əynində olan idman şalvarının sağ yan cibinə qoymuşdur. O, metamfetamini həmin vaxtdan qəbul etməmiş, ona görə həmin büküm idman şalvarının cibində qalmışdır. 25 iyul 2024-cü il tarixdə, saat 10 radələrində o, Cəlilabad şəhəri, F.Əhmədov küçəsində piyada keçib gedərkən metamfetamin əynindəki idman şalvarının cibində olmuşdur. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və Cəlilabad rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan üzərində narkotik vasitə və ya psixotrop maddə, gəzdirməsi və saxlanılması qadağan olunmuş hər hansı əşya və predmet olub-olmamasını soruşmuşlar. O da cibində metamfetamin olmasını demiş, bundan sonra polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Ona görə də o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına gəlmiş, polis şöbəsində sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları bir daha ondan üzərində narkotik vasitə və ya psixotrop maddə və cinayət xarakterli hər hansısa əşya və predmet olub-olmamasını soruşmuşlar. O da əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan sellofan bükümün içərisində olan metamfetamini çıxararaq təqdim etmişdir. Polis əməkdaşları sellofan bükümü açıb baxdıqdan sonra həmin bükümü elektron tərəzidə çəkmiş, zərflə qablaşdıraraq möhürləmişlər. O, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerin yaxınlığında piyada gəzərkən yerdən tapdığını və gələcəkdə özü qəbul etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra onun üzərində şəxsi axtarış davam etdirilsədə onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 25 iyul 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 25 iyul 2024-ci il tarixdə, saat 10:00-da Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Cəlilabad şəhəri, F.Əhmədov küçəsində piyada hərəkət edən zaman tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından onu Cəlilabad RPŞ-nin inzibati binasına dəvət etmişlər və daha sonra birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsinə gəldikdən sonra şöbənin inzibati binasında yerləşən xidməti otaqların birində Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Akif Abasov ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı Akif Abasov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülünü təqdim etmiş və həmin bükülüdə “şüşə” psixotrop maddə olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə müvafiq qaydada qablaşdırılıb üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhrü ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulduqda o, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 24 iyul 2024-cü il tarixdə, təxminən saat 22 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan yerin yaxınlığında piyada gəzən zaman yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamış, polis şöbəsinə gətirilən zaman və polis şöbəsində ona qarşı hər hansı formada zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş şahid Cəlilabad RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ilə ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, 25 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükülünün içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X2 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 19/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdən ibarət psixotrop maddəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi – 0,893 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Qeyd: - Metamfetaminin təmiz çəkisi – 0,893 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,843 qramdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 695 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan psixotrop maddələrdən istifadə halları olub. Lakin, Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad RİHB-nın Cəlilabad şəhər İƏDÜ nümayəndəliyindən verilmiş, 11 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır və o yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 25 iyul 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 10:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə saat 09:30-də MSY-dən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi çəkisi 0,843 qram qalan narkotik vasitə olan metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 18 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı təmiz çəkisi 0,843 qram qalan narkotik vasitə olan metanfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-186/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-186/2024
18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver