Məhkəmə qərarları › İş №1(073)-187/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-187/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-187/2024 04.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:10 X3 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, 1-ci dərəcəli əlil, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 66-də qeydiyyatda olan və Masallı şəhəri, H.Əliyev prospekti ev 46-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 0,975 qram psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla daşımış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2024-cü il tarixdə saat 20:10 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, Cəlilabad şəhəri H.Əliyev prospekti 154 ünvanında yerləşən Polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən, ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin 1 (bir) ədəd bükümdə olmaqla əynindəki göy rəngli cins şalvarın ön sol yan cibində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad şəhəri, M.F.Axundov küçəsi ev 66-də qeydiyyatda olsa da xalası ilə birlikdə Masallı şəhəri, H.Əliyev prospekti ev 46-da yaşayır. O, əvvəllər güclü təsiredici gücə malik “Tramal” adlanan preparatlardan istifadə elmiş və narkotik vasitə, eləcə də psixotrop maddələri tanıyır və həmin tərkibli maddə vasitələrdən istifadə etmək fikrində olmuşdur. 23 iyul 2024-cü il tarixdə, səhər saat 10 radələrində Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan yerin yaxınlığında piyada gəzdiyi zaman yolun kənarında sellofan bükümdə “şüşə” adlanan psixotrop maddədən ibarət kütlə görmüş və həmin kütləni götürüb gələcəkdə istifadə etmək məqsədilə üzərində saxlamışdır. 23 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri, H.Əliyev prospektində piyada gəzdiyi zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşdı, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları həmin yerdə üzərində axtarış aparılmasının əlverişli olmadığını bildirib, onu Cəlilabad RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. O, polis əməkdaşları ilə birlikdə könüllü olaraq Cəlilabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona Müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etmişdir. O, da əynindəki göy rəngli cins şalvarın ön sol yan cibindən 1 (bir) ədəd sellofan bükümdə psixotrop maddə “şüşə” (metamfetamini) təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuşdur. Həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,04 qram olması müəyyən olunmuşdur. O, həmin psixotrop maddə olan metamfetamini 23 iyul 2024-cü il tarixdə, səhər saat 10 radələrində Cəlilabad şəhərində yerləşən “Bağ” adlanan yerin yaxınlığında piyada gəzən zaman yolun kənarından tapdığını bildirmişdir. Bundan başqa onun üzərindən başqa narkotik vasitə və qanunla qadağan edilmiş digər əşya və predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunan həmin kütlə ekspertizaya göndərilməsi üçün Müdafiəçi iştirakı ilə qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərini o və müdafiəçisi tanış olub imzalamışlar, sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, psixi problemləri vardır, 1-ci dərəcəli əlildir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, 23 iyul 2024-cü il tarixdə Cəlilabad RPŞ-yə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ-nin rəhbərliyinin müvafiq əmrinə əsasən o, və Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət olmaqla əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 23 iyul 2024-ci il tarixdə, saat 20:00-da Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək Cəlilabad şəhəri H.Əliyev prospektində piyada hərəkət edən zaman tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə müşahidə etdikdən sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və Araza polis əməkdaşları olduğuqlarını bildirmişlər. Bundan sonra, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Şifahi olaraq üzərində narkotik vasitə və ya psixotrop maddələr olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs hazırda üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə şəxsi axtarış aparılması üçün şərait olmadığından onu Cəlilabad RPŞ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra birlikdə Cəlilabad rayon polis şöbəsinə gəldikdən sonra şöbənin inzibati binasında yerləşən xidməti otaqların birində Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı İbrahim Əsədli ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin başlanıldığını və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən bir ədəd sellofan bükülünü təqdim edərək, həmin bükülüdə psixotrop maddə olduğunu qeyd etmişdir. Həmin bükülü açıldıqdan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində saxladığı psixotrop maddə müvafiq qaydada qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Lakin üzərindən əlavə olaraq dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni haradan və nə məqsədlə əldə edilməsi soruşulmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni 23 iyul 2024-cü il tarixdə, təxminən saat 10 radələrində Cəlilabad şəhəri H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazidə yerdən tapdığını, üzərindən aşkar edilmiş həmin psixotrop maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini, lakin həmin psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. Yekunda təhqiqatçı tərəfindən şəxsi şəxsi axtarışın aparılması barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində Şahid1Heydər oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Polis Şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslə ədavəti və düşmənçiliyi yoxdur. 23 iyul 2024-cü il tarixdə RPŞ rəhbərliyi tərəfindən videoçəkiliş aparacağı ona bildirilmişdir, o, da videoçəkiliş aparmaq üçün saat 21 radələrində təhqiqatçının xidməti otağına gəlmiş və çəkiliş aparmağa başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarın ön sol yan cibindən psixotrop maddə olan metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin 1 ədəd şəffaf sellofanda olan büküm açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,04 qram olması müəyyən olunmuşdur. Müdafiəçinin iştirakı ilə həmin metamfetamin qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərini Təqsirləndirilən şəxs, müdafiəçisi və digər iştirakçılar tanış olub imzalamışlar. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da aşkar olunan bükümdən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamış, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokolu bütün iştirakçılar kimi o, da tanış olub imzalamışdır. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli parça şalvarın sağ arxa cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 24 iyul 2024-cü il tarixli 19/571 nömrəli rəydən görünür ki, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi - 0,975 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,925 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 690 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görünür. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X4 Məhkəmə Psixiatrik Ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 2851 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli əqli gerilik müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman, ondan əvvəl və sonra orta dərəcəli əqli gerilik müəyyən edilir. A.A.Aİimov cinayət əməlini törədən zaman onda müəyyən- edilən əqli geriliklə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycar Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. A A Alimovda qeyd olunan orta dərəcəli əqli gerilik onu ittiham olunan əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-c maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktik xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək iqtidarında deyil.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcbu" müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxdur. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 59.1.9cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, 1-ci dərəcəli əlil olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 23 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə saat 20:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 25 iyul 2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdə saat 16:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,925 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 23 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Masallı rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan saat 07:00-dək yaşadığı Masallı şəhəri, H.Əliyev prospekti ev 46-nı tərk etməmək, Cəlilabad və Masallı rayonlarının hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,925 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə Cəlilabad RPŞ-də şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar