Məhkəmə qərarları › İş №1(073)-191/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-191/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-191/2024 18.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1968-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində 16 oktyabr 2024-cü il tarixli qərarla başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə, saat 12 radələrində yaşıllıqların götürülməsi qaydalarına riayət etməyib “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin və “Yaşıllıqların götürülməsi qaydası” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı qərarının 2-ci bəndinin tələblərini pozaraq, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində Şahid7 məxsus həyətyanı torpaq sahəsi ilə avtomobil yolunun arasında yerləşməklə Cəlilabad rayonu, Göytəpə şəhər bələdiyyəsinin mülkiyyətində olan, xüsusi mülkiyyətə aid həyətyanı, bağ torpaq sahəsindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar hesab edilməyən yerdə bitən 1 ədəd 750 manat dəyərində, diametri 47 sm ölçüdə, 1 ədəd 850 manat dəyərində, diametri 49 sm ölçüdə olmaqla ümumilikdə, 1600 manat dəyərində meşə fonduna daxil olmayan 2 ədəd yaş kök üstə tut cinsli ağacları motorlu mişarla qanunsuz kəsdirərək təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı fərdi yaşayış evinin qarşısında köhnə illərdən qalan 2 ədəd tut ağacı olmuşdur. Həmin tut ağaclarından biri onların evlərinə gedən elektrik naqillərinə maneçilik törətmişdir. Digər tut ağacından isə onların həyətlərinə mütəmadi olaraq tut tökülmüşdür. Tut ağacının elektrik naqillərinə toxunmasıyla əlaqədar dəfələrlə onların işıqları kəsilmişdir. Müraciəti əsasında işıq idarəsinin əməkdaşları həmin yerə gələrək yenidən elektrik xətlərini bərpa etmişlər. O, bir neçə dəfə bu problemlə bağlı şifahi olaraq işıq idarəsinin əməkdaşlarına müraciət etsə də, onun bu problemini həll edən olmamışdır. Tut ağaclarının digərindən isə həyətlərinə zibil töküldüyü üçün o, həmin ağacları kəsmək qərarına gəlmişdir. Sözügedən ağacları qonşusu Səyyadın atası bir neçə il bundan əvvəl əkmişdir. Həmin ağacların gövdəsinin diametri böyük olduğundan kəsmək üçün elektrikli mişar lazım olmuşdur. Təxminən 28 iyun 2024-cü il tarix olmuşdur. O, Bakı şəhərindən Göytəpə şəhərinə gəlmişdir. Göytəpə şəhəri ərazisində yaşayan tanışlardan maraqlandıqdan sonra Bəxtiyar adlı şəxsin ağac kəsimi işi ilə məşğul olduğunu bildirmişlər. O, Bəxtiyarın mobil nömrəsini alaraq əlaqə saxlamışdır. Göytəpə şəhərinə çatan kimi evə getməmiş təxminən saat 12 radələrində Bəxtiyarı gedib götürmüş və yaşadığı küçəyə gəlmişlər. Onun göstərişiylə Bəxtiyar 2 ədəd tut ağacını elektrik mişarı ilə kəsmişdir. O da yuxarıdan düşən ağacın budaqlarını aşağıya yığmışdır. Hətta elektrik naqillərinə toxunan ağacı kəsərkən naqilin biri qırılmışdır. Həmin naqili bərpa etdirmək üçün işıq idarəsinin əməkdaşı olan Vidadi adlı şəxsi çağırmış və o, elektrik naqilini bağlamışdır. Bəxtiyar ağacları kəsdikdən sonra ona 40 manat zəhmət haqqı vermişdir. Həmin vaxt Vidadi getsə də, qonşuları Tiflis onların yanlarında olmuşdur. Kəsilmiş ağacları isə odun formasında Səyyadgilin özünə vermişdir. Sonradan ona məlum olmuşdur ki, Səyyadgil onun barəsində şikayət etmişlər. O, kəsdirdiyi 2 ədəd tut ağacının öz mülkiyyətində olduğunu zənn etmişdir. Həmin ağacların bələdiyyənin mülkiyyətində olduğunu sonradan öyrənmişdir. Həmçinin Bəxtiyarın da ağacların bələdiyyənin mülkiyyətində olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1X3 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2002-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. O, hazırda idarənin baş məsləhətçi-müfəttişi vəzifəsindədir. 08 iyul 2024-cü il tarixdə idarənin əməkdaşları ilə birlikdə şikayət əsasında Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində keçirilən monitorinq zamanı bələdiyyənin nümayəndəsi Şahid1 və həmin küçədə yaşayan Şahid7 iştirakı ilə həmin ərazinin baxışı aparılarkən Təqsirləndirilən şəxs evinin qarşısında olan, bələdiyyə mülkiyyətindəki torpaq sahəsində 02 ədəd bioloji inkişafda olan tut cinsinə mənsub ağacın köküstə yaş vəziyyətdə kəsilməsi, bir hissəsinin doğranıb daşınması onlar tərəfindən aşkar edilmişdir. Kəsilən tut ağaclarının birinin diametri 49, digərinin isə 47 sm olması müəyyən edilmişdir. Ağacların gövdəsinin kəsilmiş hissəsinin vəziyyətindən aydın görünmüşdür ki, həmin ağaclar elektrikli mişar vasitəsilə kəsilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ağacları Təqsirləndirilən şəxs kəsmişdir. Natiq ilə danışan zaman o, həmin ağacların onun evinə gedən elektrik xətlərinə mane olması səbəbindən ağacları kəsdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2009-cu il tarixdən Cəlilabad rayonu, Göytəpə şəhər bələdiyyəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. 08 iyul 2024-cü il tarixdə 1 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onunla əlaqə saxlanılaraq Göytəpə şəhəri, Həsənabad küçəsi ərazisinə baxış keçiriləcəyi bildirilmişdir. Həmin gün onun və Göytəpə şəhəri, Həsənabad küçəsində yaşayan Şahid7 iştirakı ilə əraziyə 1 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı 2 ədəd tut ağacının gövdə hissəsindən kəsilməsi aşkar edilmişdir. Həmin tut ağaclarının diametri ölçülmüş və birinin diametrinin 47 sm, digərinin diametrinin isə 49 sm olması müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında akt tərtib edilmiş, o, həmin aktı imzalamışdır. Sonradan öyrənmişdir ki, qeyd edilən ağacları yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1999-cu ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsində işləyir. O, hazırda idarədə məsləhətçi vəzifəsindədir. 08 iyul 2024-cü il tarixdə idarənin əməkdaşları ilə birlikdə şikayət əsasında Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində keçirilən monitorinq zamanı bələdiyyənin nümayəndəsi Şahid1 və həmin küçədə yaşayan Şahid7 iştirakı ilə həmin ərazinin baxışı aparılarkən Təqsirləndirilən şəxs evinin qarşısında olan, bələdiyyə mülkiyyətindəki torpaq sahəsində 02 ədəd bioloji inkişafda olan tut cinsinə mənsub ağacın köküstə yaş vəziyyətdə kəsilməsi, bir hissəsinin doğranıb daşınması onlar tərəfindən aşkar edilmişdir. Kəsilən tut ağaclarının birinin diametri 49, digərinin isə 47 sm olması müəyyən edilmişdir. Ağacların gövdəsinin kəsilmiş hissəsinin vəziyyətindən aydın görünmüşdür ki, həmin ağaclar elektrikli mişar vasitəsilə kəsilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin ağacları Təqsirləndirilən şəxs kəsmişdir. Natiq ilə danışan zaman o, həmin ağacların onun evinə gedən elektrik xətlərinə mane olması səbəbindən ağacları kəsdiyini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Xatırladığı qədəri ilə 2024-cü ilin iyun ayının sonları iyul ayının əvvəlləri olmuşdur. O, səhər saatlarında şəxsi işi ilə əlaqədar Masallı şəhərinə getmişdir. Bir neçə saat sonra evə qayıtdıqda Natiqgilin evinin qarşısında elektrikli mişarla ağac kəsildiyini görmüşdür. O, avtomobilini yaşadığı evin həyətində saxladıqdan sonra həmin yerə getmişdir. Həmin ağacları Natiq adam gətirərək kəsdirmişdir. Ağacı kəsən şəxsi tanımasa da, pul qarşılığında kəsdiyini bilirmişdir. O, orada olanda işıq idarəsinin əməkdaşı Vidadi də oraya gəlmişdir. Onu Natiq çağırmışdır. Ağacı kəsəndə elektrik xətti qırılmışdır. Vidadi həmin xətləri bərpa etdikdən sonra çıxıb getmişdir. O da bir neçə dəqiqə orada dayandıqdan sonra evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2019-cu ildən tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs abonent kimi tanımışdır. Onunla arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Xatırladığı qədəri ilə 28 iyun 2024-cü il tarixdə gündüz saatlarında Natiq ona zəng vuraraq yaşadığı evin qarşısında elektrik xətlərinin qırıldığını, gedib bərpa etməyini ondan xahiş etmişdir. O, da, bir neçə dəqiqə sonra Natiqin yaşadığı evə getmiş və onun evinin qarşısındakı ağacları kəsdirdiyini görmüşdür. Bir nəfər tanımadığı şəxs elektrikli mişarla ağacları kəsmişdir. O gedəndə həmin şəxs də orada olmuşdur. Onlar ağacı kəsərkən ehtiyyatsızlıqdan elektrik xətlərini qırmışlar. O, qırılan xətləri bərpa etdikdən sonra oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. O, fəhlə işləyir. Həmçinin elektrikli mişarı da var və hər hansı bir şəxsə ağac və s. kəsmək lazım olanda pul qarşılığında həmin mişardan istifadə edir. Xatırladığı qədəri ilə 28 iyun 2024-cü il tarixdə Natiq ona zəng vuraraq ağac kəsmək lazım olduğunu bildirmişdir. O da ona problem olmadığını qeyd etmişdir. Təxminən saat 12 radələrində Natiq idarə etdiyi avtomobil ilə onu yaşadığı evin yaxınlığından gəlib götürmüşdür. Onlar Göytəpə şəhərində Həsənabad küçəsinə, onun yaşadığı evə getmişlər. Natiq kəsiləcək 2 ədəd tut ağacını ona göstərmişdir. Həmin ağaclar elektrik naqillərinə maneçilik törətmişdir. Həmçinin ağaclar Natiqin evinin qapısında olduğundan o, həmin ağacların Natiqin həyətinə məxsus olduğunu fikirləşmişdir. Buna görə də ağacların kimə məxsus olmasını soruşmamışdır. O, ağacları kəsərkən ehtiyyatsızlıqdan eletrik xətlərindən qırılan olmuşdur. Natiq işıq idarəsinin əməkdaşını çağırmış və həmin şəxs elektrik xətlərini bərpa etdikdən sonra çıxıb getmişdir. Natiq ağacları hansı hissəsindən, necə kəsməyini göstəriş vermişdir. O da onun göstərişlərinə uyğun ağacları kəsmişdir. Ağacları kəsdikdən sonra Natiq ona zəhmət haqqı kimi 40 manat pul vermişdir. O da elektrik mişarını götürərək yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onunla arasında əvvəllər ədavət və düşmənçilik olmamışdır. 28 iyun 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə Göytəpə şəhərində toy məclisində olmuşdur. Ümumiyyətlə həmin gün bütün ailə üzvlərinin başı qarışıq olmuşdur. Həmin gün saat təxminən 23:30 radələrində yaşadığı evə qayıdan zaman evlərindən təxminən 25 metr məsafədə 2 ədəd tut ağacının kəsildiyini görmüşlər. Həmin vaxt ətrafda heç kəs olmamışdır. Qeyd edilən ağaclar Təqsirləndirilən şəxs aşadığı evin qarşısında əkilmişdir. Həmin ağacları 1986-cı ildə mərhum babası X4 əkmişdir. Ağacların kəsilməsi ona və ailə üzvlərinə çox pis təsir etmişdir. X7 bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmişdir. 08 iyul 2024-cü il tarixdə 1 X3 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən atasının və digər şəxslərin iştirakı ilə əraziyə baxış keçirilmiş, baxış zamanı 2 ədəd tut ağacının gövdə hissəsindən kəsilməsi aşkar edilmişdir. Ağacların kəsilməsi ilə bağlı söhbət edən zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs 2 ədəd tut ağacını evinə gedən elektrik xətlərinə mane olduğu üçün kəsdiyini etiraf etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ifadəsində göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan 22 avqust 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baxış aparılan yer Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində Göytəpə şəhər mərkəzi istiqamətində dayandıqda sağ tərəfdə yerləşir. Küçənin hər iki tərəfində yaşayış evləri vardır. Həmin evlər mişar daşından inşa edilmişdir. Küçədən 2 hərəkət zolağı olan asfalt örtüklü avtomobil yolu keçir. Avtomobil yolundan 5 metr məsafədə yaşayış evlərinin həyətyanı sahəsinin hasarları inşa edilmişdir. Baxış keçirilən yerin yaxınlığında Şahid7, X2 və Təqsirləndirilən şəxs məxsus yaşayış evləri vardır. Qeyd edilən ərazidə mövsümə uyğun olaraq əsasən yaşıl rəngli bitki örtüyü müşahidə edilir. Ərazinin müfəssəl baxışı aparılan zaman 2 ədəd bioloji inkişafda olmuş tut cinsinə mənsub ağacın kök üstə yaş vəziyyətdə gövdə hissəsindən kəsilərək məhv edilməsi aşkar edildi. Həmin tut ağaclarının diametrlərinin müvafiq olaraq 47 sm və 49 sm olması müəyyən olundu. Həmçinin, ağacların yerləşdiyi ərazidən Təqsirləndirilən şəxs evinə gedən elektrik xətlərinin keçdiyi müşahidə edilir, xətlər aşağıya doğru sallanmış vəziyyətdədir. İş materiallarında olan 08 iyul tarixli, 84233 saylı aktdan və akta əlavə edilmiş cədvəldən görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində Şahid7 həyətyanı sahəsinin qarşısında 47 sm diametrində 1 ədəd, 49 sm diametrində 1 ədəd ümumilikdə 2 ədəd tut cinsinə mənsub köküstə yaş ağacların 10 gün əvvəl gövdəsindən motorlu mişarla kəsildiyi müəyyən olunmuşdur. 47 sm diametrində 1 ədəd tut ağacının kəsilməsi nəticəsində təbiətə 750 manat, 49 sm diametrində 1 ədəd tut ağacının kəsilməsi nəticəsində isə 850 manat ziyan dəymişdir. İş materiallarında olan 08 iyul 2024-cü il tarixli, 2/243 saylı arayışdan görünür ki, Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsi ünvanında Şahid7 həyətyanı sahəsi ilə avtomobil yolunun arasında yeni kəsilən ağacların yerləşdiyi ərazi Cəlilabad rayonu Göytəpə bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X5 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və təbii sərvətlər idarəsinin baş məsləhətçi müfəttişi Zərərçəkmiş şəxs, həmin idarənin məsləhətçisi Şahid2, Cəlilabad rayonu, Göytəpə şəhər bələdiyyəsinin baş vergi müfəttişi Şahid1 və Göytəpə şəhər sakini Şahid7 iştirakı ilə Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində ağacların kəsildiyi yer baxış keçirilmiş, 2 ədəd tut ağacının gövdə hissəsindən kəsilərək məhv edilməsi aşkar edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsindən verilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2024-ci il tarixli, 19/671 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 X3 və Təbii Sərvətlər İdarəsinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli 84233 nömrəli akt və ona əlavə edilmiş hesabatdan istifadə edilməklə, tikinti və abadlaşdırma məqsədi istisna olmaqla 2 ədəd 47 sm və 49 sm diametrli tut cinsli ağacının qanunsuz götürülməsinə (kəsilməsinə) görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1600,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbizindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1X3 və Təbii Sərvətlər İdarəsinin VÖEN-i ********** hesab nömrəsinə 500 (beş yüz) manat pul ödəmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 sentyabr 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlindən səmimi peşman olması, dəymiş ziyanın bir qismini ödəməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Zərərçəkmiş şəxslər 1 X3 və Təbii Sərvətlər İdarəsininə cinayət nəticəsində onlara vurulmuş və ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Zərərçəkmiş şəxs 1 X3 və Təbii Sərvətlər İdarəsininə cinayət nəticəsində vurulmuş və ödənilməmiş maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar