Məhkəmə qərarları › İş №1(073)-194/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-194/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-194/2023 22.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Qubadlı rayonu, Tatar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Tatar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Mexkolon 23 qəsəbəsi, ev 30-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1,262 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində sərnişin qismində əyləşdiyi tanışı Şahid4 qanuni əsaslarla idarə etdiyi “X6” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki açıq mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan bir ildən artıq müddətdir narkotik vasitə istifadə edir, lakin hazrıda narkotik asılılığından qurtulmaq üçün müalicə alır. Abşeron rayonu, Xırdalan şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. 07 iyul 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində piyada hərəkətdə olan zaman yerdə siqaret kağızına bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyindən götürüb içərisinə baxmış və orada psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, həmin bükülü metamfetamindən istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Şahid4 3 il müddətdir ki, tanıyır. Onunla dostluq münasibətləri vardır. Dilqəmin özünə məxsus “Azsamand” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 07 iyul 2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində Dilqəm ilə cənub zonasına gəzmək məqsədilə getməyi qərara almışlar və həmin gün saat təxminən 17-18 radələrində Dilqəm onun yaşadığı məhəlləyə gəlmişdir. Bundan sonra Şahid4 idarə etdiyi avtomobil ilə yola düşmüşlər. Bildirmişdir ki, onların fikri birbaşa olaraq Lənkəran şəhərinə getmək olmuşdur. Yolda olarkən saat təxminən 20 radələrində avtomobilin yanacağının kifayət etməyəcəyini görüb Cəlilabad rayonuna doğru hərəkət etmişlər. Onlar Cəlilabad şəhər dairəsini də keçib rayonun içərisinə doğru irəliləmişlər. Düşünmüşlər ki, içəri hissədə yanacaq doldurma məntəqəsinə gedərlər. Rayonun mərkəzi hissəsində olarkən ətrafda olan şəxslərdən yanacaq doldurma məntəqəsinin harada yerləşməsini maraqlanmışlar və onlara “Bazar store” mağazasını keçərək irəliləmələrini, həmin istiqamətdə yanacaq doldurma məntəqəsi olduğunu bildirmişlər. Bundan sonra onlar, “Bazarstore” mağazasını da keçib bir qədər irəlidə avtomobili saxlamışlar. Onlar orada yerləşən mağazalardan su və şirniyyat almaq istəmişlər. Bu zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşmuşlar. Onlar da hər ikisi üzərilərində psixotrop maddə olan metamfetamin olduğunu söyləmişlər. Bununla bağlı onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişlər. Daha sonra Şahid4 idarə etdiyi avtomobil ilə birlikdə onları rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir.Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Bundan başqa şəxsi axtarış zamanı o, özünə məxsus olan “XİAOMİ” markalı mobil telefonu da çıxarıb təqdim etmişdir. Daha sonra onların iştirakı ilə Şahid4 məxsus olan avtomobilə baxış keçirilmişdir Lakin, avtomobildən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Bundan başqa o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur. Şahid4 onun üzərində olan metamfetamindən məlumatı olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, ilk dəfədir ki, cinayət törədir, eləcə də hazırda reabilitasiya mərkəzində müalicə olur. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, Şahid1 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 07 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Şükürov X2 şəhəri, H.Əliyev prospektində “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşməsi müəyyən edilərək tərəflərindən həmin avtomobil əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospektində yolun kənarında dayanmış və Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özümüzü təqdim edərək polis əməkdaşları olduqlarını Təqsirləndirilən şəxs bildirmişlər. Həmin vaxt avtomobili idarə edən sonradan adı onlara məlum olan Qubadlı rayon sakini Şahid4 olmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər və ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir Şifahi sorğu zamanı həmçinin avtomobilin sürücüsü Şahid4 da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobil ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onlara etiraz etməyərək rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs Təhqiqat Bölməsinin baş təhqiqatçısı Şahin Abbasov tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞnin KTQ-nin baş inspektor kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında yaşadığı Xırdalan şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, həmin psixotrop maddənin onun üzərində olmasında heç kimin məlumatı olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Coşqun Məmmədov əynindəki açıq mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda həmin psixotrop maddə metamfetaminə bənzər maddə təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X4 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 iyul 2023-cü il tarixli, 19/707 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunraq götürülmüş bir bükümdə kütlə......” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -1,262 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Qeyd: - Metamfetaminin təmiz çəkisi – 1,262 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 1,212 qramdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X1 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 742 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 07 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 09 iyul 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 11:25-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut- Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,212 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Mexkolon 23 qəsəbəsi, ev 30-da yerləşən evi tərk etməmək, Abşeron rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,212 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar