Məhkəmə qərarları › İş №1(073)-197/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-197/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-197/2023 22.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Cəlilabad rayonunun Ağusəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Dələli kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi işləyən, məhkum olunmamış, Cəlilabad rayonunun Ağusəm kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, R.Nəsirov küçəsində yerləşən nömrəsiz evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasındabaxaraq, Müəyyə netdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 13 fevral 2023-cü il tarixdə saat 20 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, Döngə 11, ev 9-da yerləşən fərdi yaşayış evində iş yoldaşı X5 ilə mobil telefonda danışmasını irad tutan həyat yoldaşı Zərərçəkmiş şəxs ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrinə dəfələrləəl və ayaq zərbələri ilə vuraraq, onu yerdə sürüyərək sol dirsək oynağı nahiyəsindəəzilmiş yaranın sağaldıqdan sonrakı izi olan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan çapıqdan ibarət olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128ci maddəsində nəzərdə tutulan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Cəlilabad rayonu, Mirzəli kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. O, Vəsimə ilə 2015-ci ilin yay aylarında ailə həyatı qurmuş və birgə nigahdan iki övladları olmuşdur. Onlar ailə qurduqdan sonra onun valideynlərinin yaşadığı Cəlilabad rayonu, Mədətli kəndində olan ata evində yaşamağa başlamışlar. 2015-ci ilin avqust ayında o, həyat yoldaşının yataq otağında olan zaman mobil telefonda kiminsə fotoşəkilini öpdüyünü görmüşdür. Ondan mobil telefonu alıb baxdıqda orada Cəlilabad rayonunda fəaliyyət göstərən “X6” fotoşəkillərinin olduğunu görmüşdür. Daha sonra “Vatsap” sosial şəbəkəsində həmin şəxsin profil şəkili olan bir şəxslə yazışdığını görmüşdür. O, həyat yoldaşından bu barədə soruşduqda o, həmin şəxsin fanatı olduğunu bildirmişdir. O, bundan əsəbiləşərək mobil telefonu və nömrəni sındırmışdır. Əsəblərini sakitləşdirmək üçün bir dəfə sillə ilə onun üz nahiyəsinə vurmuşdur. Təxminən 2 aydan sonra həyat yoldaşı ona bir daha belə halların təkrar olmayacağına dair söz verdiyi üçün o, təkrar ona mobil telefon almışdır. Təxminən 10 gün ona o, təkrar həyat yoldaşının mobil telefonuna nəzər saldıqda həmin şəxslə təkrar yazışmasını görmüşdür. Bundan sonra o, həyat yoldaşına “Mənim səninlə olan ər-arvad münasibətim bitdi, sadəcə olaraq uşaqlarıma və digər qohumluq münasibətlərimə görə səninlə boşanmayacam” demişdir. Daha sonra onun işlədiyi məktəbə 2020-ci ildə iki kişi və üç qadın müəllimə yeni təyinat almışdır. Həmin müəllimlərin dördü Cəlilabad rayonundan, biri isə Biləsuvar rayonundan olduğu və avtomobilləri olmadığından aylıq 50 manat olmaqla onunla birlikdə kənddə yerləşən məktəbə gedib-gəlməyə razılaşmışdır. Daha sonra 2021-ci ilin iyul ayında onlar həyat yoldaşı və iki uşağı ilə birlikdə Cəlilabad şəhərində yerləşən evinə köçərək orada yaşamağa başlamışdır. 2022-ci ilin iyul ayında o, özünə məxsus “Vaz 2107” markalı avtomobildə oturub iş yoldaşı “Sevinc” adlı müəllimə ilə yazışan zaman həyat yoldaşı bunu bilmişdir. Daha sonra ondan boşanmaq istədiyini bildirdikdə onun mobil telefonunda aşkar etdiyi şəkilləri və yazışmaları atasına bildirəcəyini dedikdə həyat yoldaşı fikrindən daşınmışdır. 2022-ci ilin sentyabr ayında o, evə gəldikdə həyat yoldaşının atası ilə mobil telefonda danışdığını görmüşdür. Həyat yoldaşı onun gəldiyini görüb mobil telefonu ona vermişdir. O, atası ilə bir qədər danışdıqdan sonra telefonu söndürmüşdür. Daha sonra mobil telefonun “Vatsap” bölməsinə daxil olaraq orada həyat yoldaşının qardaşı Maisin həyat yoldaşı Aytacla qeyri-etik formada yazışdıqlarını müəyyən etmişdir. Bu barədə həyat yoldaşından soruşduqda həyat yoldaşı ona “Sən bu işə qarışma, gəlinimizlə danışmışam da kişiylə danışmışam” demişdir. Bu zaman ona sillə ilə bir dəfə üz nahiyəsindən vurmuşdur. Daha sonra ona “Gəl gedək bununla bağlı sənin atanla danışaq” demişdir. Lakin həyat yoldaşı ona yalvardığı üçün onu yenə bağışlamışdır. Daha sonra 2022-ci ilin dekabr ayında iş yoldaşı Sevinc ona zəng edərək tanımadığı bir qadının onun mobil telefonuna zəng edərək Vəsimənin yaxını olduğunu bildirib onu təhqir etdiyini bildirmişdir. O, evə gələrək bu barədə həyat yoldaşına bildirmişdir. Ona bu məsələnin böyüyəcəyi təqdirdə onunla boşanacağını və onunla evləncəyini bildirmişdir. Daha sonra həyat yoldaşı boşanmaq istədiyini bildirdikdə onu aparıb ata evinə qoymuşdur. 2023-cü ilin yanvar ayının əvvəllərində onun qohumları onların arasını düzəldib, onu təkrar evə qaytarmışdır. Yanvar ayının sonlarında həyat yoldaşı onu diş həkiminə aparmağını istəmişdir. O da buna etiraz etməmişdir. Onlar həkimin yanında olan zaman tanış adamlardan biri onu yaşadığı evdən götürüb Cəlilabad rayonu, Səttərxan küçəsinə aparmağını istəmişdir. O da həyat yoldaşına həkimin işi bitən kimi onu gəlib götürəcəyini bildirmişdir. Həmin vaxt iki azyaşlı uşağı onunla birlikdə olduğu üçün həmin şəxsi götürməyə getmişlər. Daha sonra o, həmin şəxsi aparıb qoyduqdan sonra təkrar həkimin yanına geri qayıtmışdır. Bu zaman həyat yoldaşı həkimin onu dişini müalicə etdikdən sonra təxminən 20 dəqiqə orada gözlədiyini bildirib, onunla avtomobildə nalayiq formada danışdığı üçün ona sağ əli ilə səsini kəsməsi üçün əlini arxaya uzatdıqda əli onun başörtüyünə dəymişdir. 2023-cü ilin fevral ayının 13də o, yoldaşı ilə günorta yemək yeyən zaman həyat yoldaşı onunla qeyri-etik formada danışdığı üçün ona bu barədə xəbardarlıq etsə də həyat yoldaşı ona məhəl qoymadığı üçün sağ əli ilə sillə zərbəsi ilə bir dəfə üz nahiyəsindən vurmuşdur. Daha sonra axşam o, peşman olub ona gül alıb evə gəlmişdir. Lakin yoldaşı gülü oğluna verərək müəlliməsinə verməyini tapşırmışdır. Daha sonra fevral ayının 14-də həyat yoldaşının atası onu gəlib öz evlərinə aparmışdır. Onlara fevral ayının 20-dək müddət vermiş və əks halda boşanacağını bildirmişdir. Mart 4-də atası onların evinə gedərək həyat yoldaşını evə qaytarmışdır. Daha sonra mart ayının 20-də o, həyat yoldaşından mobil telefonu ona özü aldığını bildirib ondan geri qaytarmasını tələb etmişdir. Daha sonra həyat yoldaşı mobil telefonun içində olan məlumatları silib telefonu ona vermişdir. Daha sonra ona məlum olmuşdur ki, o, bu barədə atasına zəng edərək bildirmiş və onun atası o, evdə olmayan zaman həmin ünvana gələrək bu barədə 102 xidmətinə məlumat vermişdir. Onlar araşdırma zamanı Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin rəisi, polis mayoru Tahir Fərzəliyevin qəbulunda olan zaman həyat yoldaşının atası Rəyasət iş yoldaşı Sevincin onun boşanma üzrə vəkili Müdafiəçila cinsi əlaqədə olduğunu və onu vəkil kimi Sevincin ona məsləhət gördüyünü bildirmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs onun tərəfindən 2023-cü ilin yanvar və fevral ayında döyülən zaman çəkdiyi fotoşəkillərdə görünən xəsarətləri o, yetirməmişdir. Zərərçəkmiş şəxs sol yanaq və sol bazu nahiyəsində qançır, sol dirsək oynağı nahiyəsində çapıq xəsarətlərini o, yox qardaşı Mais yetirmişdir. Çünki Masin ona “mən yazışmaları bildikdən sonra gedib arvadımı da, bacımı da döymüşəm” demişdir. Həmçinin Maisin əmisi Hafiz Qasımov ona 2023-cü ilin fevralında “Geddim gördüm ki, Aytac və Vəsimə hər ikisi döyülüb və xəsarətləri var” demişdir. Təqsirləndirilən şəxs arvadı Vəsimə Alkişiyevin ekspetiza rəyində göstərilən və 13 fevral 2023-cü il tarixdə olması ehtimal edilən xəsarəti yetirmədiyini bildirərək məhkəmədən dediklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. O, 6 ildir ki, Cəlilabad rayonu, Mirzəli kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. Təqsirləndirilən şəxs ilə 2015-ci ildə evlənmiş və birgə nigahdan iki övladları olmuşdur. Onlar ailə qurduqdan sonra o, Rəhmanın valideynlərinin yaşadığı Cəlilabad rayonu, Mədətli kəndində olan ata evində yaşamağa başlamışdır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə əvvəllər münasibətləri yaxşı olsa da son bir ildə mütamadi olaraq əri Rəhman müxtəlif bəhanələrlə ailədə münaqişələr yaratmış, hətta bir neçə dəfə onu döyüb təhqir etsə də o, ailəsinin dağılmaması üçün bu barədə aidiyyəti qurumlara müraciət etməmişdir. Onlar 2021-ci ilin iyul ayında Rəhman Cəlilabad şəhərində evi tikib bitirdiyi üçün orada yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayında onunla eyni məktəbdə işləyən iş yoldaşı Sevinc adlı qızla mobil telefonda ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “Vatsap” vasitəsi ilə danışdığını görüb, bu barədə ona irad bildirmişdir. Rəhman bundan sonra ona “bəyənmirsənsə çıx get, boşan mənimlə” demişdir. Bundan sonra o, Rəhmana hansı səbəbə boşanmalı olduğunu soruşduqda Rəhman onu yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Bundan sonra hər gün Rəhman məktəbdən evə gəldikdən sonra həmin qızla danışmışdır. O, Rəhmana bu barədə irad bildirdikdə isə Rəhman demək olar ki, hər gün onu döymüşdür. 2023-cü ilin yanvar ayının ortalarında Rəhman sərxoş vəziyyətdə evə gələrək mobil telefonda danışdığı Sevinc adlı qızla artıq ər-arvad olaraq cinsi münasibətdə olduğunu və onunla evlənməsi üçün onun maneə olduğunu bildirib, valideynlərinin məlumatı olmadan ikisinin razılığı ilə boşanmalarını istəmişdir. O, buna etiraz etdikdə Rəhman bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. Həmin vaxt o, sol qol və sol göz nahiyələrindən xəsarət almışdır. Bundan sonra Rəhman onun ağır xəsarətlərini görüb sağalmağı üçün qaynatasıgilin yaşadığı kənd evinə aparmışdır. O, orada təxminən 10 gün qaldıqdan sonra Rəhman yenidən onu evə qaytarmışdır. 13 fevral 2023-cü il tarixdə Rəhman yenə həmin qızla mobil telefonda danışan zaman həmin Sevinc adlı qız Rəhmana “Sən əvvəlcə öz ailənlə boşan, sonra mən səninlə ailə quracağam” demişdir. Bundan sonra o, Rəhmana hansı səbəbə bu formada danışdığını soruşduqda Rəhman onu yenə evdə yumruq və təpik zərbələri ilə vurmağa başlamışdır. O, həmin vaxt sol qol və üz nahiyəsindən xəsarətlər almışdır. Daha sonra bu məsələlərə görə 4 mart 2023-cü il tarixdə və 15 mart 2023-cü il tarixdə Rəhman onu yumruq və təpik zərbələri ilə vurub xəsarət yetirmişdir. Sonuncu dəfə 20 mart 2023-cü il tarixdə səhər saat 10 radələrində o, yaşadıqları evin mətbəxində ev işləri görən zaman Rəhman mətbəxə daxil olub ondan mobil telefonunu verməyini istəmişdir. Ona etiraz etdikdə Rəhman sillə və yumruq zərbələri ilə onun üz nahiyəsinə və qoluna vurmuşdur. O, artıq bütün bunlara dözməyib atasına zəng etmiş və bu barədə ona demişdir. Bundan sonra atası onlara gələrək onu evə aparmışdır. Daha sonra o, bu barədə atasının mobil telefonu ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Onu qardaşı Mais Qasımov döyməmiş, ondan şikayəti yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxsa cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Rəhman 6 ildir Cəlilabad rayonu, Mirzəli kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. O, Vəsimə ilə 2015-ci ilin yay aylarında ailə həyatı qurmuş və birgə nigahdan iki övladları olmuşdur. Onlar ailə qurduqdan sonra onların yaşadığı Cəlilabad rayonu, Mədətli kəndində olan evində yaşamışdır. 2021-ci ilin iyul ayında onlar həyat yoldaşı və iki uşağı ill birlikdə Cəlilabad şəhərində yerləşən evinə köçərək orada yaşamağa başlamışdır. Onların 2015-ci ildən 2021-ci ilədək yaşadıqları dövrdə heç bir problemləri olmamışdır. Arabir sözlü mübahisələri olsa da öz aralarında barışmışdırlar. Rəhman 2023-cü ilin yanvar ayında həyat yoldaşı Vəsiməni onun evinə gətirib artıq Cəlilabad şəhərində yaşamayacaqlarını və onlarla birlikdə kənddə yaşayacaqlarını bildirmişdir. Vəsimə təxminən 1 həftə onlarda qalmışdır. Daha sonra o, həmin müddət ərzində oğlu Rəhmana yalvar-yaxar edərək onu gəlib aparmasını və şəhərdə öz evlərində yaşamalarını xahiş etdiyi üçün Rəhman yenidən gəlib Vəsimə və uşaqlarını aparmışdır. Lakin həmin vaxt və ya başqa vaxt Vəsimənin bədənində heç bir xəsarət və ya döyülməsini görməmişdir, bu barədə heç bir məlumatı olmamışdır. Oğlu Rəhman ondan ayrı yaşadığı üçün onların evində hansı problemin olmağından, onu necə vurmağından heç bir məlumatı olmamışdır. Martın 4-də o, gəlininin acıq edib ata evinə getdiyini bildirdikdən sonra gedib onu öz evinə oğlu Rəhmanın yanına gətirmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 163 №-li rəyindən görünür ki, 1993-cü il təvəllüdlü X1 yanaq və sol bazu nahiyəsində qançır, sol dirsək oynağı nahiyəsindəçapıq müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Sol yanaq və sol bazu nahiyəsində qançırın törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vrumayan xəsarətlər olduqlarıüçün dərəcələri təyin edilmir. Sol dirsək oynağı nahiyəsindəçapıq əzilmiş yaranın sağaldıqdan sonrakı izi olub, törənmə müddəti müayinədən 1-2 ay əvvələ uyğun gəlir və müayinə olunanın qeyd etdiyi 13 fevral 2023-cü il tarixə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə bütün bu qeyd edilənləri araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması ilə bağlı göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadələri və iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi biri-digərinə uyğun gəlir, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İHB-nın Şorbaçı kənd İƏDU nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə X3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasına, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut, məhkəmə xərci və müki iddia yoxdur. Qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar