Məhkəmə qərarları › İş №1(073)-201/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-201/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-201/2023 30.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Andreyevka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 23 noyabr 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -9,616 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, özündə saxlayaraq daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 25 sentyabr 2023-cü il tarixdə saat 22:25 dəqiqədə Cəlilabad rayonu Qarazəncir kəndi ərazisində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin narkotik vasitə qurudulmuş marixuana bir ədəd “Vinston” markalı siqaret qutusunda olmaqla əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, özü narkotik maddə istifadəçisidir, ən çox da qurudulmuş marixuana istifadə edir. 25 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı kənd ərazisində 1 (bir) ədəd üzərinə “Vinston” markalı siqaret yazılmış qutu tapmış, həmin bükülünü açıb içərisinə baxmış, baxdıqda içərisində qurudulmuş marixuana olmasını görmüşdür. Daha sonra həmin bükülü marixuana ilə birlikdə əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və fikirləşmişdir ki, sonra istifadə edər. 25 sentyabr 2023-cü il tarixdə saat 22:25 radələrində Qarazəncir kəndində yolun kənarında piyada hərəkətdə olmuş, bir neçə dəqiqə sonra saat 22:30 radələrində polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona Müdafiəçi kimi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərimdə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən qurudulmuş marixuana olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən qurudulmuş marixuana olması müəyyən olunmuş, həmin narkotik vasitə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 10,16 qram olması müəyyən olunmuşdur. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin qurudulmuş marixuana qablaşdırılıb möhürlənmişdir. Zərfin üzərini o və müdafiəçisi tanış olub imzalamışlar. Sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və həmin protokolu bütün iştirakçılar kimi o da tanış olub imzalamışdır. Əməlindən səmimi peşmandır, himayəsində 2 (iki) azyaşlı övladı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 25 sentyabr 2023-cü il tarixdə saat 22:25 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad rayonu Qarazəncir kəndində yuolun kənarı ilə piyada hərəkətdə olan zaman ərazidə onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Vinston” markalı siqaret qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükülüyə onlar tərəfindən baxış keçirildikdən sonra bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitiki kütləsi olması müəyyən olunmuşdur. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da eyni məzmunlu ifadə verərək şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Vinston” markalı siqaret qutusunu çıxarıb təqdim edərək bildirmişdir ki, həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli 19/894 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofana bükülmüş qurudulmuş marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 9,616 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,05 qram sərf olunmuş, 9,566 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 936 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X1 Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 17 iyun 2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Cəlilabad rayon İHB-nin Qarazəncir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2014-cü il təvəllüdlü Nuray Əhmədova və 2015-ci il təvəllüdlü Zəhra Cəfərova adlı iki azyaşlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağ ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 25 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2023-cü il tarixdə saat 22:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 27 sentyabr 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azadetmə barədə” dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 13:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli “İşin məhkəmə baxışına təyin edilməsi” barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 9,566 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 sentyabr 2023-cü il tarixdən 27 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli 23 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 9,566 qram qalan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar