Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-206/2023 06.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1987-ci ildə Cəlilabad rayonu Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, 15 oktyabr 2023-cü il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq -1,035 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayaraq daşımış, Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 13 oktyabr 2023-cü il tarixdə saat 18:15 dəqiqədə Cəlilabad rayonu Kazımabad kəndi ərazisində piyada hərəkətdə olan zaman narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofana bükülümüş bükülüdə olmaqla əynindəki boz rəngli idman şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, özü narkotik maddə istifadəçisidir, ən çox heroin və metamfetamin istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Nizami küçəsi ilə hərəkətdə olan zaman yolun kənarında şəffaf rəngli sellofana bükülmüş bükülü tapmış, həmin bükülü onda maraq gəzdirdiyi üçün üzərində gəzdirib saxlamışdır. Həmin bükülünün içərisinə açıb baxmış və ağ kristal şəkilli maddənin olmasını görmüşdür. xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Kazımabad kəndində piyada hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O da üzərində psixotrop maddə olan metamfetaminə bənzər ağ kristal şəkilli maddə olduğunu bildirmişdir. Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində ona hüquqları izah olunmuş və ona Müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. O da əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən metamfetamin olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükülüyə açılıb baxış keçirilmiş, bükülüdə həqiqətən metamfetamin olması müəyyən olunmuş, həmin psixotrop maddə bükülü ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 1,13 qram olması müəyyən olmunmuşdur. Polis əməkdaşları onunla nəzakətli və qanunun tələblərinə uyğun davranıblar. Heç bir halda polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təzyiq göstərilməyib və ya fiziki güc yaxud zor tətbiq edilməyib. O, maraq gəzdirdiyi üçün həmin psixotrop maddəni gəzdirmiş, istifadə edəcəkmiş, lakin həmin psixotrop maddəni satmaq niyyəti olmamışdır. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş metamfetamini qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Cəlilabad RPŞ-də xidmət edir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və pisxotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 18:15 radələrində Cəlilabad rayonu Göytəpə şəhəri Kazımabad kəndində piyada hərəkətdə olan zaman ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində psixotrop maddə olan metamfetaminə bənzər maddəyə oxşar ağ kristal şəkilli maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onlara etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra Cəlilabad RPŞ-nin KTQ-nin inspektor kriminalisti X3 tərəfindən videoçəkiliş aparılmaqla Bundan sonra onu şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə gətirmişlər. Polis şöbəsində onun hüquqları izah olunmuş və ona Müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən metamfetamin olan bükülünü çıxarıb onlara təqdim etmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 Zamanovun göstərdiklərini təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, 13 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan boz rəngli idman şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Espertiza Mərkəzinin X5 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 oktyabr 2023-cü il tarixli, 19/929 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə çəkisi: - 1,035 qram olan ağ kristallardan ibarət olan maddə metamfetamindir. Psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 1,035 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 0,985 qram qalıq qalmışdır. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 989 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 13 oktyabr 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 18:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə” 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2023-cü il tarixdə saat 17:30-də MSY-dən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,985 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 13 oktyabr 2023-cü il tarixdən 15 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 06 dekabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,985 qram qalan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-206/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-206/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver