Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-21/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1991-ci ildə Cəlilabad rayonunun Sarxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Sarxanlı kəndində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 25 yanvar 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxx 1986-cı ildə Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu Kazımabad kəndində qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 20 sentyabr 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında tanışı Cəlilabad rayonu Kazımabad kənd sakini Təqsirləndirilən şəxs2 Masallı rayonu Təklə kəndi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - l (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,086 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq 30 manat müqabilində əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 sentyabr 2022-ci il tarixdə saat 00 radələrində Cəlilabad şəhəri Qurtuluş prospektində keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 1,324 qram olan 2 bükümdə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Masallı rayonu Təklə kəndi ərazisində həmin narkotik vasitədən bir bükümdə olan 1,086 qramını Cəlilabad rayonu Sarxanlı kənd sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 30 manat müqabilində satmış, 20 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman qalan narkotik vasitə heroinin 0,238 qramı 1 bükümdən ibarət şəffaf sellofana bükülmüş halda əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. 20 sentyabr 2022-ci il tarixdə saat 00 radələrində Cəlilabad şəhəri Qurtuluş prospektində piyada gəzdiyi zaman ona mülki geyimdə olan 2 nəfər şəxs yaxınlaşmış, özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra isə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində qanunla qadağan edilmiş predmetlərin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət etmişlər, orada ona vəkil təqdim edilmiş və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə heroin və 1 ədəd göy rəngli alışqan aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, ara-sıra narkotik vasitə olan heroin istifadə etmişdir. O, üzərində olan narkotik vasitə olan heroini 19 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Masallı rayonu Təklə kəndində Namiq adlı şəxsdən almışdır. O, həmin heroini Namiqdən alan zaman ona 30 (otuz) manat pul vermişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütləni üzərində gəzdirirmiş. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində iki azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Özü «Vətən müharibəsi» iştirakçısıdır, «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Odur ki, bunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə dəvət etmiş, o da onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlmişdir. RPŞ-də ona vəkil təqdim edilmiş, hüquqları izah olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarının sol yan cibindən ona məxsus olan bir ədəd bükümdə şəffaf sellofana bukulmuş bükülünü çıxradıb təqdim etmişdir. Həmin vasitənin narkotik vasitə olan heroin olduğu müəyyən edilmiş və həmin narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni o, təxminən 1 həftə əvvəl yaşadığı kənddə Ülvi adlı şəxsdən əldə etmişdir. Ülvi adlı şəxsdən əldə etdiyi narkotik vasitə iki büküm olmuşdur. O, həmin iki büküm narkotik vasitə olan heroinin bir bükümünü 19 sentyabr 2022-ci il tarixdə Masallı rayonu, Təklə kəndi ərazisində Cəlilabad rayonu, Sarxalı kənd sakini Təqsirləndirilən şəxs1 30 manat müqabilində satmışdır. O, narkotik vasitə istifadə edir. Həmin narkotik vasitə heroini o, təxminən 1 həftə əvvəl Ülvi adlı şəxsdən Cəlilabad rayonu, Kazımabad kədi ərazisində əldə etmişdir. O, təxminən 1 həftə əvvəl axşam saatlarında yaşadığı kənddə piyada gəzən zaman həmin Ülvi adlı şəxs ona yaxınlaşaraq bu kənddə yaşadığını bildirmişdir. O da Ülviyə demişdir ki, “mən neçə illərdir ki, bu kənddə yaşayıram, lakin səni mən tanımıram”. Ülvi onunla dialoq qurmaqdan yayınırmış. O, Ülvinin zahiri gömüşündən onun narkotik vasitə istifadəçisi olduğunu fikirləşmiş və bu səbəbdən də ondan öz şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. O da ona 50 manat müqabilində 2 ədəd bükümdə narkotik vasitə olan heroini satmışdır. O, Ülvinin soyadını və atasının adını bilmirmiş, bəlkə də o, adım da ona yalan büdirib. Ülvi təxminən 30 yaşlarında, arıq bədən qurluşlu, uzun saçlı, üzü tüklü, üzərində qara rəngli idman şalvarı və qara rəngli köynəyi olan biri imiş. Onun üzərində narkotik vasitənin olmasını Təqsirləndirilən şəxs1 bilirmiş. O, Təqsirləndirilən şəxs1 19 sentyabr 2022-ci il tarixdə Masallı rayonu Təklə kəndi ərazisində 30 manat müqabilində bir büküm narkotik vasitə olan heroini satmışdır. O, Pərvizi Cəlilabad rayon sakini kimi təxminən 2-3 ildir ki, tanıyır. O, əvvəllər ona heç vaxt narkotik vasitə satmamışdır, lakin onlar bir-birilərinin narkotik vasitə istifadəçi olduğunu bilmişlər. Bu səbəbdən də Pərviz ondan narkotik vasitə istədikdə o, Pərvizə narkotik vasitəni satmışdır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində üç azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafedici ifadələrindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olan məlumatlara görə Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, Qurtuluş prospektində müşahidəyə götürülmüşdür. 20 sentyabr 2022-ci il tarixdə təxminən saat 00 radələrində Təqsirləndirilən şəxs1 həmin ərazidə görmüşlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, üzərində 1 ədəd bükümdə narkotik vasitə heroin var. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 də onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və şəxsi axtarış apanlmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 də əynində olan şalvarın cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütləni Cəlilabad rayonu, Kazımabad kənd sakini Namiq adlı şəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Namiq adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 20 sentyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı kənddə görmüşlər. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun narkotik vasitələin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmişdir və şəxsi axtarış apanlmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və şalvarının cibindən çıxardaraq həmin kütlələri təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə olmas aşkar olunmuşdur. Həmin maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3 Zülfiqar oğlu və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 da eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparan zaman əynində olan şalvarın sağ yan cibindən narkotik vasitə heroinə bənzər 01 ədəd bükümdə kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparan zaman üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 20 sentyabr 2022-ci il tarixli 19/992 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -1,086 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf olundu 0,05 qram heroin, qalıq 1,036 qram. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli 19/1002 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,238 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş bənzər kütlə....” və “Təqsirləndirilən şəxs1 1 büküm heroin Rəy №19/992...” sözlər və imzalar olan 2 ədə zərfdəki ümumi sayı 2 büküm olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilərinə görə eynidirlər. Tədqiqata sərf olundu 0,05 qram heroin, qalıq 0,188 qram. Tədqiqata sərf olundu 0,05 qram heroin, qalıq 0,986 qram. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 26 sentyabr 2022-ci il tarixli 1014 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 1274 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, bu əməllər onların özlərinin etirafları, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 noyabr 2022-ci il tarixli, 582 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı vardır. Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Qarakazımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və ikinci Qarabağ müharibəsi iştirakçısıdır. İşə əlavə edilmiş vəsiqədən görünür ki, o, «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması, cinayətin digər iştirakçısının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını, ikinci Qarabağ müharibəsi iştirakçısı olmasını və buna görə medalla təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 20 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 sentyabr 2022-ci il tarixdə saat 00:25-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 21 sentyabr 2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, 21 sentyabr 2022-ci il tarixdə, saat 12:20-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 yanvar 2023-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayonu Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 noyabr 2022-ci il tarixli, 337 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağı vardır. Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi barədə 22 sentyabr 2022-ci il tarixli 4(073)-175/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkiləri 0,188 və 0,986 qram olan narkotik vasitə olan heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 20 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün və 25 yanvar 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək həbsdə saxlanıldığı 22 (iyirmi iki) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) ay 18 (on səkkiz) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 aid hissədə hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Sarxanlı kəndindəki fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkiləri 0,188 və 0,986 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-21/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-21/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver