Məhkəmə qərarları › İş №1(073)-211/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-211/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-211/2023 21.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikasının CM-in 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: X7 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 məhkəmə hazırlıq iclasında verdiyi izahatında göstərdi ki, Cəlilabad rayonu İncilli kənd sakini X1 6-7 ay ərzində ona qarşı kənddə hörmətsizlik nümayiş etdirmiş, ona qarşı təhqiramiz hərəkətlərə və böhtan xarakterli çoxsaylı davranışlara yol vermişdir. Səxavət Həsənov onun mal-qarasının əkin sahəsinə girdiyini bəhanə edib əlindəki mobil telefonla çəkiliş edərək onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdir. O, məcbur olub 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yaşayan Səxavətin oğlu Tacəddinə telefonla zəng edib atasının qanunazidd və əxlaqa sığmayan hərəkətlərini ona bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. 17 oktyabr 2023-cü il tarixdə saat 9-10 radələrində öz həyətində olduğu zaman X6 idarə etdiyi Niva markalı maşınla ötüb keçərkən yenidən onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hətta dəfələrlə idarə etdiyi avtomobillə getdiyi vaxtlarda ona qarşı maneçilik törətmiş, ona ziyan vuracağı ilə hədələmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X3 onun barəsində dedikləri həqiqəti əks etdirmir. O, X5 təhqir etməmiş, şərəf və ləyaqətini alçaldacaq ifadələr işlətməmişdir. Bu səbəbdən də şikayəti əsassız hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü tərəflərin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyə görə xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada X7 şikayət ərizəsində X2 onu təhqir etməsini və ona böhtan atmasını göstərsə də, şikayətdə istinad olunan əməlin X6 tərəfindən törədilməsini təsdiq edəcək heç bir sübut şikayətə əlavə edilməmişdir. Bundan əlavə, şikayət ərizəsində X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhz hansı hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 147.2 və 148ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi göstərilməmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymağa görə cinayət məsuliyyyəti müəyyən edir. CM-nin 147.2-ci maddəsi isə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət əməlinə görə cinayət məsuliyyəti müəyyən edir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət əməlini ehtiva edir. Göründüyü kimi şikayətdə X4 istinad edilən əməllərin məhz adı çəkilən maddələrin dispozisiyasında göstərilən qaydada (kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında) törədilməsini təsdiq edən heç bir hal və sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikası CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar