Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-213/2023 14.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Salyan rayonu, Şorsulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 1, mənzil 47-də qeydiyyatda olan və həbs olunana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 0,909 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 27 iyul 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında qanuni əsaslarla idarə etdiyi “Azsamand” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşüb qaçmaq istəyərkən Şahid9 ilə birlikdə saxlanılaraq ünvan 2 ünvanda yerləşən 25-ci Polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əlindəki qara rəngli əl çantasının içərisindən şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, qara rəngli sellofana bükülmüş təmiz çəkisi 280,0 qram olan narkotik vasitə - qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 15 avqust 2023-cü il tarixdə, saat 01 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində sərnişin qismində əyləşdiyi tanışı Şahid9 qanuni əsaslarla idarə etdiyi “Azsamand” markalı, 90-ТО-565 dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin qismində əyləşən qardaşı X4 ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sol yan cibindən qara rəngli sellofana bükülmüş halda həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. O, hər dəfə narkotik vasitələri tanımadığı ayrı-ayrı şəxslərdən əldə etmişdir. 26 iyul 2023cü il tarixdə Salyan rayonunda olarkən çayxanadan yerdən bir ədəd sellofona bükülmüş şüşə kimi tanıdığı psixotrop maddə tapmış və həmin bir büküm maddəni öz qara rəngli əl çantasının cibinə qoymuşdur. Övladları Bakı şəhərində yaşadıqları üçün o, saat 19 radələrində tanışı Şahid9 xahiş etmişdir ki, Bakıya uşaqlarını görmək üçün getmək istəyir. Şahid9 onun sözünü yerə salmamış və birlikdə Həbibin “Azsamad” markalı avtomobili ilə Bakı şəhərinə getmişlər. 27 iyul 2023-cü il tarixdə, gecə saat 01 radələrində metronun Neftçilər stansiyasına çatmamış ünvanı tapa bilməmişlər. Şahid9 Bakı şəhərində avtomobili idarə edə bilmədiyi üçün avtomobili o, idarə etmişdir. Həmin vaxt orada olan polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Onu tutmaqlarından qorxduğu üçün avtomobildən düşərək qaçmağa başlamışdır. Polis əməkdaşları isə onun arxasınca düşərək onu tutmuşlar və Həbiblə birlikdə hər ikisini Nizami RPİ-nin 25-ci PŞ-yə gətirib təhvil vermişlər. Orada xidməti otaqların birində ona vəkillərin siyahısı təqdim edilərək sərbəst vəkil seçmək hüququnun olduğu bildirilmişdir. O isə hüquqlarının ona aydın olduğunu bildirmişdir. Üzərində şəxsi axtarış keçirəcəkləri ona izah olunmuş və videoçəkilişdən istifadə olunacağı bildirilmişdir. Daha sonra isə ona bildirmişlər ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etmişdir. O da özünə məxsus olan qara rəngli əl çantasının cibindən 1 ədəd sellofona bükülmüş şüşə kimi tanıdığı psixotrop maddəni və iki ədəd müştüyü könüllü təhvil vermişdir. Həmin psixotrop maddəni yerdən tapıb öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin psixotrop maddəyə baxış keçirmişlər. Əlavə şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə həmin bükümü qablaşdırmışlar və möhürləyib ekspertiza müayinəsinə göndərmişlər. Bundan başqa, 14 avqust 2023-cü il tarixdə, səhər saatlarında Salyan şəhərinin mərkəzi küçəsində piyada hərəkət edərkən, yerdə 1 bükülü görmüş və bu onun diqqətini cəlb etmişdir. Həmin bükülünü yerdən götürüb içərisinə baxarkən, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görmüşdür. O, özü narkotik vasitə aludəçisi olduğu üçün həmin narkotik vasitəni götürmək qərarına gəlmiş və narkotik vasitəni əynində şalvarının cibinə qoyaraq hərəkət etməyə başlamışdır. O, real şərait olmadığı üçün həmin narkotik vasitədən istifadə edə bilməmişdir. 14 avqust 2023-cü il tarixdə, axşam saatlarında tanışı Şahid9 idarə etdiyi “Azsamand” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qardaşı X4 ilə birlikdə istirahət etmək üçün Salyan rayonundan Lənkəran şəhəri istiqamətində yola düşmüşlər. 15 avqust 2023-cü il tarixdə, təxminən saat 01 radələrində içməli su almaq üçün Cəlilabad şəhərinə daxil olmuşlar. Lakin, ətrafda olan ərzaq mağazaları bağlı olduğu üçün Cəlilabad şəhərinin mərkəzi küçəsi istiqamətində getmişlər. Onlar açıq mağaza gördükdə avtomobili saxlamış və polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər-hansı bir əşya olub-olmamasını soruşmuşlar. O isə üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Həbib və Elçin də üzərilərində narkotik vasitə olduğunu bildirmişlər. O, Elçin və Həbibin üzərində narkotik vasitə olmasından məlumatsız olmuşdur. Həmçinin onlar da onda narkotik vasitə olmasını bilməmişlər. Bundan sonra polis əməkdaşları onları şübhəli şəxs kimi Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməmiş və avtomobili Həbib idarə etməklə Cəlilabad RPŞ-yə gəlmişlər. Cəlilabad rayon Polis şöbəsində ona hüquqları izah olunmuş və ona müdafiəçi təyin edilmişdir. Sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə, əşya və ya predmet varsa könüllü şəkildə təqdim etsin. O da əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan 1 ədəd qara rəngli sellofana bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müdafiəçinin iştirakı ilə həmin bükülünün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanaya polis əməkdaşları tərəfindən baxış keçirilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılıb möhürlənmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Şahid9 idarə etdiyi avtomobilə də baxış keçirilmiş və qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Odur ki, bu halları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 27 iyul 2023-cü il tarixdə, saat 01:30-da o, Bakı şəhəri Nizami RPİnin PPXB-nün polis nəfəri, polis serjantı Şahid8 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 4 ünvanında yerləşən “Omid” mağazasının yanında küçənin qaranlıq yerində “Azsamand” markalı, 90-TO- 565 dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər şəxsin olduğunu görüb, həmin şəxslərə yaxınlaşarkən, sükan arxasında əyləşmiş şəxsin avtomobilin mühərrikini işə salıb uzaqlaşmaq istəmişdir. Həmin şəxsləri saxlamağa çalışdıqda sürücü avtomobildən düşərkən əlində olan qara rəngli çanta ilə qaçmağa başlamışdır. Onlar həmin şəxsi və yanındakı şəxsi saxlayıb, xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı qeyd olunan şəxslərin anket məlumatları barədə şifahi sorğu sual etdikdə həmin şəxslərin suallara qeyri-səmimi cavablar vermələri, həmçinin narkotik vasitə istifadəçilərinə bənzəmələri və üzərlərində narkotik vasitə olması şübhə yaratdığı üçün həmin şəxsləri Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-yə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməyib onlarla birlikdə Nizami RPİ-nin 25-ci PŞ-yə yollanmışlar. Polis Şöbəsində həmin şəxslərin, yəni avtomobildə sükan arxasında əyləşmiş şəxsin ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs, yanındakı şəxsin isə ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Şahid9 olması müəyyən olunmuşdur. Sonradan məlum olmuşdur ki, 25-ci Polis Şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlindəki çantadan içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan 01 ədəd büküm aşkar edilərək götürülmüşdür. Lakin Şahid9 üzərinə şəxsi axtarış aparılan zaman üzərindən heç bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin PPXB-nin polis nəfərləri Şahid8 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında rayon polis şöbəsində şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. 15 avqust 2023-cü il tarixdə, təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, sərnişin qismində əyləşdiyi “Azsamand” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində onlar tərəfindən müşahidəyə götürülmüşdür. Bir neçə dəqiqə həmin avtomobili müşahidə etdikdən sonra o, tərəflərindən Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Bağ” adlanan ərazinin qarşısında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Avtomobildə sürücü olan özünü Şahid9, həmçinin sərnişin qismində özünü X2 təqdim edən şəxslər də əyləşmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmçinin Elçin Dadaşov və Şahid9 də üzərilərində narkotik vasitə olduğunu bildirmişlər. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobili ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. Həmin bükümə onlar tərəfindən baxış keçirildikdən sonra içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olması müəyyən olunmuşdur. Sonra isə həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində Şahid6 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar ifadələrində Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə 27 iyul 2023-cü il tarixdə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasından 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə 15 avqust 2023-cü il tarixdə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana vardır. İşdə olan, 27 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əlində olan qara rəngli əl çantasının içərisindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psxiotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin psixotrop maddəyə oxşar kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İ cild, iş vər - 190-191 İşdə olan, 15 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar olunmuş həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq DİN-nin 141 №-li möhürü ilə möhürlənərək götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 3-16-16/2-6/4052 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan, “X1 götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,909 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,859 qram olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli 19/794 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -280,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,1 qram sərf edilmiş, qalıq 279,9 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2023-cü il tarixli, 4956 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiolidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Salyan rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan, Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC tərəfindəb verilmiş 18 avqust 2023-cü il tarixli, 989 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü Zəhraxanım Dadaşova, 2023-cü il təvəllüdlü Səccad Dadaşova və Nur Dadaşova adlı bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. «Azərbaycan Respublikası CM-nin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “Məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirli bilindiyi cinayət əməllərini Salyan rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 27 iyul 2023-cü il tarixdə və 15 avqust 2023-cü il tarixlərdə törətdiyindən onun hazırkı əməli cinayətlərin residivini yaratmır. Təqsirləndirilən şəxs cinayətləri təkrar törətməsi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. İş materiallarına əlavə olunmuş, 27 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə saat 02:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, 28 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 iyul 2023-cü il tarixdə başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək o, saat 14:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. İş materiallarına əlavə olunmuş, 15 avqust 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2023-cü il tarixdə saat 01:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş, 16 avqust 2023-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 16:50-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəti cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,859 qram qalan psixotrop maddə metamfetamin, eləcə də narkotik vasitə 279,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 27 iyul 2023-cü il tarixdən 28 iyul 2023-ci il tarixədək və 15 avqust 2023-cü il tarixdən 16 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 4 (dörd) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,859 qram qalan psixotrop maddə metamfetamin, eləcə də narkotik vasitə 279,9 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 125 (bir yüz iyirmi beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-213/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-213/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver