Məhkəmə qərarları › İş №1(073)-22/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-22/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-22/2025 05.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Bayxanlı kəndində qeydiyyatda olan, Cəlilabad şəhəri Cavadxan küçəsi nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqla müəyyən edilməyən predmetlə qəsdən Zərərçəkmiş şəxs kürək nahiyəsinə iki dəfə zərbə vuraraq sonuncuya sağ və sol kürək nahiyəsində kəsilmiş yara əmələ gəlməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Təxminən 1 yaşı olan zaman atası Adil vəfat etmiş və sonra anası Gülnaz təxminən 10 il əvvəl Nurəddin ilə qeyri-rəsmi ailə həyatı qurub onunla yaşamağa başlamışdır. O, da həmin zamandan Nurəddini tanıyır. Nurəddin ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 25 iyun 2024-cü il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evin yaxılığında olan marketə getmişdir. Bir neçə dəqiqə sonra evə qayıtmış və görmüşdür ki, anası Gülnaz Nurəddinlə mübahisə edir. Sonra Nurəddin anasını tutub yerə yıxmış və boğazından tutmuşdur. Anasına kömək etmək üçün onlara tərəf qaçmış və Nurəddini kənara itələmişdir. Daha sonra anası ayağa qalxmış və Nurəddini evlərinin həyətində küçəyə çıxarmışdır. Nurəddin Həsənovu vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Nurəddinin bu barədə dedikləri yalandır. Buna baxmayaraq hazırda zərərçəkmiş şəxslə barışmışlar. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən Cəlilabad şəhər sakini Şahid ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmış. Gülnazın birinci ərindən olan qızı Təqsirləndirilən şəxs da az yaşlı uşaqları ilə onlarla birlikdə bir evdə yaşayırmış. Onlar ona məxsus Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən nömrəsiz evdə yaşayırlar. Səhhətində yaranan problemlə əlaqədar olaraq təxminən 15 gün Bakı şəhərində stasionar müalicədə olmuşdur. 25 iyun 2024-cü il tarixdə müalicəsi başa çatdığı üçün xəstəxanadan çıxmış və saat 13 radələrində Cəlilabad şəhərindəki evinə gəlmişdir. Həmin gün saat 19 radələrində həyətdə Gülnaz onunla mübahisə etmişdir. Mübahisə zamanı Gülər həyətdən evə keçib mətbəxdən bıçaq götürərək yanına gəlmiş və bıçaqla onun bel nahiyəsinə iki dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. Gülər onu bıçaqla vurub ona xəsarət yetirəndən sonra yenə də onu vuracağından ehtiyat edərək Güləri arxaya itələmiş və bıçaq Gülərin əlindən yerə düşmüşdür. Bundan sonra Gülnaz və Gülər həyətdən çıxıb xəstəxanaya getmişdirlər ki, guya o, Güləri vurub xəsarət yetirmişdir. Onlar xəstəxanaya gedəndən sonra o, DİN-in 102 xidmətinə zəng edərək Gülnaz və Gülər tərəfindən döyülərək xəsarət alması barədə məlumat vermiş və həmin gün də polis şöbəsinə gedərək şikayət ərizəsi ilə müraciət etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Gülərin istifadə etdiyi bıçağın uc hissəsi uzun müddət öncə qırılaraq kütləşdiyindən hadisə vaxtı onun bədənində dərin yara izləri yaratmamışdır. Hazırda Təqsirləndirilən şəxs bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Təxminən 10 il əvvəl onunla qeyri rəsmi ailə həyatı qurmuşdur. Onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Bir neçə ildir ki, onunla ayrılmışdır. 25 iyun 2024-cü il tarixdə, təxminən saat 19 radələrində yaşadığı evin həyətində Nurəddin onunla mübahisə etməyə başlamışdır. Daha sonra onu itələyib yerə yıxmış və bir neçə dəfə yumruqla ona zərbələr vurmuşdur. Qolları irəli verib özünü qorumağa çalışmış və bu zaman Nurəddinin zərbələri onun əllərinə və qollarına dəymişdir. Bu zaman qızı Təqsirləndirilən şəxs onun yanına gəlib Nurədddini onun üzərindən kənara itələmişdir. Bundan sonra yerdən qalxmış və Nurəddini həyətdən çölə çıxarmışdır. Nurəddin Həsənovu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Nurəddinin bu barədə dedikləri yalandır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, qızı Gülər də Nurəddinə heç nə etməmiş və ona heç bir xəsarət yetirməmişdir. Hadisə Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən yaşadığı fərdi yaşayış evinin həyətində baş vermiş və baş verən hadisəni heç kim görməmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli, 529 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ və sol kürək nahiyəsində kəsilmiş yara və sağ bud nahiyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlərdə sağ və sol kürək nahiyəsindəki yara kəsici əşyanın, ola bilər ki, bıçaqın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ bud nahiyəsindəki qançır isə bərk küt əşyanın təsirindən törənmişdir, təpiklə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, tələb və şikayətinin olmadığını göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar