Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-23/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmış, cəzasını çəkib qurtarmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,653 qram narkotik vasitə heroini əldə edib üzərində qanunsuz olaraq saxlamış, 2022-ci ilin noyabr ayının 13-də saat 18 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri, M.Hüseyn küçəsində saxlanılaraq şübhəli kimi Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə tiryəkdən kustar üsulla hazırlanmış təmiz çəkisi 0,653 qram narkotik vasitə olan həmin heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. 13 noyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində evlərinin yaxınlığında olan parkda olarkən yerdə bir ədəd sellofan büküm olduğunu görüb həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında narkotik vasitə heroin olduğunu görmüşdür. Sellofan bükümün arasında olan heroini özü qəbul etməsi üçün əynində olan cins şalvarının sağ yan cibinə qoymuş, lakin heroini qəbul etməyərək cibində saxlamışdır. Elə həmin gün saat 18 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində olarkən Cəlilabad RPŞ-nin əməkdaşları gəlib ona yaxınlaşaraq narkotik vasitə istifadə və üzərində saxlamasında şübhəli olduğunu bildirib onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. Həmin vaxt heroin də əynində olan şalvarının sağ yan cibində olmuş, lakin heroini çıxardıb tullamağa imkan tapa bilməmişdir. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, sonra sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanarkən üzərində narkotik vasitə, cinayət xarakterli hər-hansı bir əşya və predmet varsa təqdim etməsi təklif edilmişdir. O da əynində olan şalvarının sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini həmin gün parkdan tapdığını və özü qəbul etmək üçün cibində saxladığını demişdir. Sonra heroini cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları bükümü açıb baxmış, sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən əlavə olaraq narkotik vasitə, hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşları heroini tərəzidə çəkərək, zərfə qablaşdırıb zərfin ağzını möhürləyərək götürmüşlər. Şəxsi axtarış keçirilərkən video çəkliş də aparılmış, protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, daxil olmuş məlumatı 13 noyabr 2022-ci il tarixdə raportla şöbə rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra isə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid2la birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hüseyn küçəsində olduğunu görüb ona yaxınlaşaraq, özlərini təqdim edib ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində heroin olduğunu demiş, sonra ona onlarla birlikdə polis şöbəsinə gəlməsini təklif etmişlər. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməkləri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində video çəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroini həmin gün evlərinin yaxınlığındakı parkdan tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq narkotik vasitə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdəki heroinə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq, zərfin ağzı möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. Protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 19/1164 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,653 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,653 qr, tədqiqata sərf olundu 0,05 qr, qalıq 0,603 qr). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 1223 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və digər sübutlar biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 05 (beş) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cəlilabad Rayon Məhkəmsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 3 (üç) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 7(057)-680/2021 saylı qararından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 68.1.1-1-ci maddələri ilə qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 5 saylı X3 cəza çəkən Təqsirləndirilən şəxs «8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli 395- VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan tələbnamədən və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qət olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimil cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, məhkəmə iclas zalında həbs edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsməsi hökm edilmiş, cəzasının əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablanmış və cəzasını çəkib qurtarmamaşdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarsından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İşdə olan hazırki iş üzrə “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməsi nəzərə alınmışdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,603 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan mərhumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 13 noyabr 2022-ci ildən 15 noyabr 2022-ci ilədək, 2 (iki) gün həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 0,603 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-23/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-23/2023
27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver