Məhkəmə qərarları › İş №1(073)-24/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-24/2024

07.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-24/2024 07.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 may 2023-cü il tarixdə saat 14 radələrində Cəlilabad rayonunun Kövüzbulaq kəndində yerləşən 1 nömrəli tam orta məktəbin həyətində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək sonra silah qismində istifadə etdiyi mətbəx bıçağı ilə qəsdən vuraraq ona sol əlin 1-ci barmağında və sağ əlin ovuc səthində kəsilmiş yara, sağ əlin 3-cü barmağında və döş qəfəsinin sol yan səthində kəsilmiş səthi yara əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə edilən əşya tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Kövüzbulaq kəndində yaşayır. Əvvəllər ailəli olmuş, lakin sonradan boşanmışdır və hazırda himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı var. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla kəndlərindəki 1 nömrəli tam orta məktəbdə direktor işləyir. O, 2019-cu ildən həmin məktəbdə xadimə kimi işləyərək hər ay 150 manat əmək haqqı almışdır. 08 may 2023-cü il tarixdə işdə olan zaman məktəbin təsərrüfat müdiri Şahgəldi müəllim ona direktorun əmri ilə işdən azad edildiyini demişdir. Bundan sonra o, Cəlilabad şəhərinə gələrək təhsil şöbəsinə müraciət edərək qanunsuz olaraq işdən çıxarıldığını bildirmişdir. Lakin təhsil şöbəsinin əməkdaşı şöbədə onun barəsində araşdırma aparıldığını və onlara guya o, məktəbə açıq-saçıq paltarda gəldiyini və kənd ərazisində əxlaqsız kimi tanındığını, bu şəbədən onun işdən çıxarılmasının əsaslı sayıldığını demişlər. 15 may 2023-cü il tarixdə saat 14 radələrində evlərindən çıxıb kənd tam orta məktəbin qarşısı ilə əmisi oğlu Maisin evinə gedərkən, məktəbin girəcəyində həyətdə direktor Zərərçəkmiş şəxs telefonla danışdığını görmüş, o, Cahangirin istiqamətindən keçərkən Cahangirin telefonla onun oradan keçdiyini videoçəkiliş etdiyini bilmişdir. Lakin Cahangirə heç nə deməyib evlərinə qayıdaraq evdən mətbəx bıçağı götürərək məktəbin həyətinə Cahangirin yanına qayıtmışdır. Ora çatarkən Cahangir kiminləsə telefonla danışdığını və danışarkən «gəlir» sözü dediyini eşitmişdir. Həmin vaxt Cahangir, yanında olan İsrafil müəllim və Nurdəddin adlı şəxslər ayaqüstü çörək yemişlər. O, Nurəddinə çörək gətiribsən çayda gətirərdin demişdir. Onun bu sözünə Nurəddin gülmüş, sonra İsrafil bıçağı onun cibində görərək onda bıçaq olduğunu demişdir. O, Cahangirə əxlaqsızlığını sübut etməsini deyərək bıçağı cibindən çıxartmış, Cahangir bıçağı görüb qaçmağa başlamış, həmin günü hava yağışlı olduğu üçün yer sürüşkən və palçıq olmuşdur. Ona görə də Cahangirin ayağı sürüşərək yerə yıxılmışdır. Cahangiri bıçaqla vurmaq istəyərkən Cahangir əlini qarşıya vermiş və bıçaqla onun əllərinə xəsarət yetirmişdir. Sonra isə bıçaqla vuraraq Cahangirin böyür hissəsinə xəsarət yetirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs yerdən qalxıb küçəyə qaçaraq Gülmalının həyətinə girərək qapının arxasını bağlamış, bundan sonra o da çıxıb öz evinə getmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı var, ailəsinin yeganə qazanc gətirənidir. Ona görə də bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından əlavə işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Beləki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Kövüzbulaq kəndində yaşayır və 2006-cı ildən həmin kənddə 1 nömrəli tam orta məktəbdə müəllim işləmişdir. 2018-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs da həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs 2019-cu ildən onun işlədiyi məktəbdə xadimə işləmişdir. Aidə çox vaxt məktəbə işə gəlməyərək iş vaxtı gedib başqa şəxslərin təsərrüfat işlərində işləmişdir. Ona görə də dəfələrlə Aidəyə işə vaxtı-vaxtında gəlib getməsini xəbərdarlıq etmiş, lakin Aidə onun sözünə məhəl qoymayaraq onu heç kimin işə çağıra bilməyəcəyini, özü istədiyi vaxtı işə gəlib-gedəcəyini demişdir. Aidənin işə gəlməməsinə görə şagirdlərin valideyinləri də narazılıq etmişlər. Son vaxtlarda da Təqsirləndirilən şəxs ümumiyyətlə işə gəlməmiş, ona görə də 12 may 2023-cü il tarixdə məktəb kollektivinin qərarına və həmkarlar təşkilatının rəyinə əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsinə xitam vermişdir. O, həmin günü Təqsirləndirilən şəxs özünü də məktəbə iclasa dəvət etmiş, lakin Aidə məktəbə gəlməmişdir. 15 may 2023-cü il tarixdə saat 14 radələrində məktəbdə dərs keçirilən zaman o, təlim-tərbiyə işləri üzrə direktor müavini Şahid2 və məktəbin xidmətçisi Şahid1 məktəbin həyətində dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs küçədən məktəbin həyətinə gələrək yaxınlaşıb onlara «çayınız və şokalatınız» hardadır demiş, lakin onlar Aidənin bu sözünə əhəmiyyət verməmişlər. Sonra Aidə əynindəki jaketinin yaxasını açaraq bir bıçaq çıxardıb onu nəlayiq söyüşlərlə söyərək üstünə gəlib bıçaqla onu vurmaq istəyərkən, o, sol əlini qarşıya vermiş və bıçaq onun barmağından dəyərək xəsarət almışdır. Təqsirləndirilən şəxs yenə ona bıçaq zərbəsi vurmaq istədiyini görüb qaçaraq ondan uzaqlaşmışdır. Həmin günü hava yağışlı, yer palçıq və sürüşkən olduğu üçün qaçarkən ayağı sürüşərək yerə yıxılmışdır. O, yerdə yıxılı vəziyyətdə Təqsirləndirilən şəxs bıçaqla onu vurarkən sağ əlini qarşıya vermiş, ona görə də sağ əlindən də xəsarət almışdır. Sonra isə Təqsirləndirilən şəxs bıçaqla onun sol böyür hissəsindən də bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra isə o, yerdən qalxıb məktəblə qonşuluqda yaşayan uzaq qohumu Gülmalı Əliyevin həyətinə keçib onun küçə qapısının arxasını içəridən bağlayaraq onların evinə keçmişdir. Təqsirləndirilən şəxs da onun ardınca gələrək həyətə keçmək istəmiş, lakin küçə qapısının arxası bağlı olduğu üçün həyətə keçə bilməmişdir. Sonra Təqsirləndirilən şəxs küçədə də ucadan onun ünvanına nəlayiq söyüşlərini davam etdirmiş, həyətə keçə bilmədiyi üçün də oradan çıxıb getmişdir. Hal-hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barışmalarını və Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Kövüzbulaq kəndində ailə üzvüləri ilə birlikdə atası Gülmalının evində yaşayır və həmin kənddə yerləşən 1 nömrəli tam orta məktəbdə fəhlə işləyir. Həmkəndlisi Təqsirləndirilən şəxs əvvəllər məktəbdə xadimə işləmiş, sonradan isə Aidə işdən çıxarılmışdır. 15 may 2023-cü il tarixdə saat 14 radələrində o, məktəbin həyətində Cahangir müəllimlə və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Şahid2lə dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs məktəbin həyətinə gələrək ona “bunlara çay gətir qoy içsinlər” demiş, o isə Təqsirləndirilən şəxs zarafat olaraq çay gətirdiklərini və çay içdiklərini demişdir. Sonra Aidə əynindəki gödəkçəsinin yaxasını açıb böyük bıçaq çxardaraq həmin bıçaqla məktəbin direktoru Zərərçəkmiş şəxs vurmaq istəyərkən Cahangir müəllim əlini qarşıya vermiş və bıçaq onun əlinə dəyərək xəsarət almışdır. Sonra Cahangir müəllim qaçıb Təqsirləndirilən şəxs uzaqlaşmaq istəyərkən yer palçıq olduğu üçün ayağı sürüşərək yerə yıxılmışdır. Təqsirləndirilən şəxs da Cahangir müəllimə yaxınlaşıb onu yenə də bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra isə Cahangir müəllim yerdən qalxıb qaçaraq onların həyətinə gedərək evlərinə girmişdir. Təqsirləndirilən şəxs da Cahangir müəllimin arxasınca gələrək onların küçə qapılarının qarşısında Cahangir müəllimin ünvanına nəlayiq söyüşlərini davam etdirmişdir. Təqsirləndirilən şəxs Cahangir müəllimin onların evindən çölə çıxmadığını görərək çıxıb getmişdir. Şahid – Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Kövüzbulaq kəndində yaşayır və həmin kənddə 1 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. Həmkəndlisi Təqsirləndirilən şəxs əvvəllər məktəbdə xadimə işləmiş, sonradan Təqsirləndirilən şəxs işə gəlmədiyi üçün işdən çıxarılmışdır. 15 may 2023-cü il tarixdə saat 14 radələrində işlədiyi məktəbin həyətində o, məktəbin direktoru Zərərçəkmiş şəxs və məktəbin xidmətiçisi Şahid1 dayanıb söhbət edərkən Təqsirləndirilən şəxs onların yanına gələrək üzünü Nurəddinə tutub “bunlara çay gətir qoy içsinlər” demişdir. Sonra isə X7 müəllimi nəlayiq söyüşlərlə söyərək əynindəki gödəkçəsinin yaxasını açıb cibindən bıçaq çıxardaraq Zərərçəkmiş şəxs bıçaqla vurmaq istəyərkən, Cahangir müəllim əlini qarşıya verərkən bıçaq onun əlinə dəyərək xəsarət yetirmişdir. Sonra Cahangir müəllim qaçaraq Təqsirləndirilən şəxs uzaqlaşmaq istəmiş, həmin günü hava yağışlı və yer palçıq olduğu üçün Cahangir müəllimin ayağı sürüşərək yerə yıxılmışdır. Cahangir müəllim yerdən qalxmaq istəyərkən Aidə qaçaraq ona çatıb yenidən bıçaqla onu vurmuşdur. Sonra Cahangir müəllim yerdən qalxıb qaçaraq qonşuluqda yaşayan Nurəddingilin həyətinə daxil olmuşdur. Sonra o və Nurəddin Cahangir müəllimin arxasınca getmişlər. Təqsirləndirilən şəxs isə küçədə Cahangir müəllimin ünvanına nəlayiq söyüşlər söyərək çıxıb getmişdir. Şahid – Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Kövüzbulaq kəndində yaşayır və fərdi əməklə məşğul olur. 15 may 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evin həyətində olmuşdur. Həmin vaxt qonşusu Gülamlı Əliyevin həyətində səs-küy gəldiyini eşitmiş, ona görə də ora gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs onların küçəsində əlində bıçaq məktəbin direktoru Zərərçəkmiş şəxs ünvanına nəlayiq söyüşlər söydüyünü eşitmişdir. Gülmalının həyətinə gedəndən sonra Gülmalının oğlu Nurəddin, onun anası Roza, kənd məktəbinin təlim tərbiyə işləri üzrə direktor müavini Şahid2 orada olduğunu görmüşdür. Sonradan məktəbin həyətində Təqsirləndirilən şəxs Cahangir müəllimlə mübahisə edərək onu bıçaqla vurub xəsarət yetirdiyini, Cahangir müəllimin də gələrək Gülmalının evinə girdiyini bilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6-Təcrübi və X3 rayon şöbəsinin 18 may 2023-cü il tarixli 334 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol əlin 1-ci barmağında və sağ əlin ovuc səthində kəsilmiş yara, sağ əlin 3-cü barmağında və döş qəfəsin sol yan səthində kəsilmiş səthi yara müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər kəsici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti 15 may 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə yüngül zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş, məhkəmə-soyuq silah ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-3/1413 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsuli ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Kövüzbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Kövüzbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli, 5-41/2-15- 361/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş X8 və 05 oktyabr 2010-cu il tarixdə doğulmuş X5 adlı bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı vardır. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(073)-983/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 06 aprel 2023-cü il tarixdən başlayaraq 20 iyun 2008-ci il tarixdə doğulmuş X4 və 05 oktyabr 2010cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X1 hər ay hər uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Təqsirləndirilən şəxs verilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın real olaraq icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Bu zaman məhkəmə, onun zərərçəkmişlə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əvvəllər hər hansı bir cinayət əməli törətməməsini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması, törətdiyi cinayəti etiraf etməsi, əməlindən səmimi peşiman olması onun islah yoluna qədəm qoymasına dəlalət edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən islah oluna bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar