Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-27/2023 26.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Füzuli küçəsi ev 86-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -0,742 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşımaqla üzərində saxlamış, 05 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad şəhəri Füzuli küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana yerləşdirilməklə kağız parçasına bükülmüş bir ədəd bükümdə həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 3 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. 05 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Füzuli küçəsi ilə piyada hərəkətdə olan zaman yerdə şəffaf sellofana bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülünü götürüb içərisinə baxdıqda onun içərisində ağ kağız parçasına bükülmüş halda narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin heroini gələcəkdə istifadə etməkdən ötrü üzərində saxlamışdır. Daha sonra 05 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Cəlilabad şəhəri Füzuli küçəsi ilə piyada hərəkətdə olan zaman ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, bununla bağlı onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah edildikdən sonra vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin şəffaf sellofana bükülmüş halda olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. O, üzərindən aşkar edilmiş heroindən istifadə etməmiş, nə də ki, hər hansı şəxsə verməmişdir. Həmin heroinin üzərində olması barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Lənkəran şəhərində və Bakı şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, ilk dəfədir cinayət törədir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 05 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən o və Cəlilabad RPŞ-nin PPXB-nm polis nəfəri Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər müəyyən edilmişdir. Həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, Cəlilabad şəhəri Füzuli küçəsində əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə Təqsirləndirilən şəxs müşahidə etdikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş narkotik maddə olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onların dəvətinə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etməsi məqsədi ilə ona müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana yerləşdirilməklə ağ kağız parçasına bükülmüş bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini həmin gün yaşadığı M.Füzuli küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin zərfin üzərinə və protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana yerləşdirilməklə ağ kağız parçasına bükülmüş bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini həmin gün yaşadığı M.Füzuli küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 19/1063 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir bükümdə kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,742 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,692 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2022-ci il tarixli 1181 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 05 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə saat 19:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 07 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 oktyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,692 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri M.Füzuli küçəsi ev 86nı tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,692 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-27/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-27/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver