Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-27/2024 10.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Rufullayev Natiq Fərman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Cəlilabad Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, məhkum olunmamış, Cəlilabad rayonunun Moranlı kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 16 iyun 2023-cü il tarixdə saat 23:30 radələrində Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində idarə etdiyi «Kamaz» yük markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs idarə etdiyi «KİA RİO» markalı, ** EF *** dövlət nömrə nişanlı avtomobillə arxadan eyni istiqamətə hərəkətdə olarkən siqnal verib ötmə əməliyyatı apararaq bir qədər qarşıya gedib həmin kənd ərazisində yolun kənarındakı mağazanın qarşısında dayanmış, sonra Təqsirləndirilən şəxs gedib avtomobilini onun avtomobilinin yanında saxlayaraq avtomobildən düşüb ötmə əməliyyatı aparıb keçərkən siqnal verdiyinə görə Zərərçəkmiş şəxs irad bildirərək mübahisə edib əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qəzəzli hərəkətlər edərək, onu nalayiq söyüşlərlə söyüb sonra idarə etdiyi avtomobildən götürdüyü istintaqa məlum olmayan baltanın arxası ilə ona zərbələr vurub ona sol əlin ovuc səthində və sol mil-bilək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhtudluğu, sol bazu, sol said və hər iki kürək nahiyəsində qançırlar, sol bazu və sol said nahiyəsində sıyrıqlar əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bundan sonra isə idarə etdiyi «Kamaz» markalı avtomobilə əyləşərək avtomobili hərəkətə gətirib avtomobillə qəsdən Zərərçəkmiş şəxs dayanmış vəziyyətdə olan avtomobilinin sol yan hissəsini əzib zədələyərək ona 608 manat maddi ziyan vurmaqla şəxslər üzərində zor tətbiq olunması, silah qismində istifadə edilən əşya tətbiq edilməsi, özgənin əmlakını zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Moranlı kəndində qeydiyyatda olsa da hazırda ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. X5 məxsus «Kamaz» yük markalı ** BT *** dövlət nömrə nişanlı avtomobili vardır. O, həmin avtomobili etibarnamə əsasında idarə edərək daş karxanasından və qum karyerindən mişar daşları və qum alıb gətirib sataraq çörək pulu qazanır. 16 iyun 2023-cü il tarixdə axşam idarə etdiyi «Kamaz» markalı avtomobillə Cəlilabad şəhərindən Cəlilabad rayonu Moranlı kəndinə gedərkən saat təxminən 23:30 radələrində rayonun Gülməmmədli kəndi ərazisində asfalt yolda hərəkətdə olarkən arxadan gələn avtomobil uzaq vuran işıqlarını yandırıb söndürərək ötmə əməliyyatı aparmaq istədiyini başa düşmüşdür. Asfalt yolda çala-cuxurlar olduğu üçün o, idarə etdiyi avtomobillə yolun sol hərəkət hissəsinə çıxaraq çala-çuxuru keçəndən sonra yolun sağına, yəni öz hərəkət yoluna qayıtmışdır. Yolun sağına qayıdandan sonra arxadan ötmə əməliyyatı aparmaq istəyən «KİA» markalı avtomobilin sürücüsü ötmə əməliyyatına başlayaraq onun avtomobilinin yan hissəsinə çataraq avtomobilinin sağ yan şüşəsini aşağı endirərək siqnal verərək əl-qol işarəsi ilə danışdığını və sürücünün işarələrindən onun ünvanına söyüş söydüyünü hiss etmişdir. «KİA» markalı avtomobil ötmə əməliyyatını aparıb hərəkətdə olarkən o arxadan avtomobilinin işıqlarını yandırıbsöndürərək sürücü avtomobilini saxlamasına işarə vermişdir. Lakin «KİA» markalı avtomobilin sürücüsü avtomobili saxlamayaraq yoluna davam etmişdir. O bir qədər qarşıya gedəndən sonra həmin «KİA» markalı avtomobili Gülməmmədli kəndi ərazisində yolun sağ kənarında yerləşən mağazanın yaxınlığında dayandığını görmüşdür. O, sürücünün mağazaya döndüyünü başa düşmüş, avtomobilini həmin avtomobilin yanında saxlayaraq avtomobilindən yerə düşmüşdür. Yerə düşəndən sonra «KİA» markalı avtomobilin sürücüsünün avtomobildə olmadığını görmüş, uca səslə «KİA» markalı avtomobilin sahibi kim olduğunu demişdir. O bu sözü deyəndən sonra bir nəfər mağaza tərəfdən avtomobilə tərəf gələrək onun səsini eşidib cavab verərək avtomobilin sahibi olduğunu demişdir. Sürücü ona çatmağa təxminən 10 metr qalmış sürücü əvvəllər tanıdığı Cəlilabad rayonu Qarakazımlı kənd sakini Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Mahir onun yanına çatandan sonra nəyə görə siqnal verdiyini və əl-qol işarələri ilə də nə demək istədiyini soruşmuşdur. O bu sözü Mahirə deyəndən sonra Mahir ona sürücülük bilmədiyini və ona sürücülük vəsiqəsi verənlərin ünvanına nəlayiq sözlər işlədərək ona yaxınlaşıb yumruqla bir dəfə onun sinə nahiyəsindən vurmuşdur. Mahir onu vurandan sonra da ona müharibə vetranı olmağına arxayın olmamasını və onun medallarını da əlindən aldıra biləcəyini demişdir. Mahirin sözlərinə əsəbləşərək özünü idarə edə bilmədiyini və ona gücü çatmayacağını görüb heç bir söz demədən qayıdıb avtomobilinin sükan arxasına əyləşərək çıxıb getmək istəmiş, avtomobilini işə salarkən Mahir onun ünvanına yenə də söyüş söydüyünü eşitmişdir. Ona görə də avtomobilinin kabinasında olan dəmir lomu götürüb yerə düşmüş, əlindəki dəmir lomu avtomobilinin qarşı buferinə bir-iki dəfə yüngül zərbə ilə vurub Mahirə ondan uzaq olmasını demişdir. Mahirin çıxıb getmək istəmədiyini görüb əlində lom onun üstünə getməyə başlamışdır. Mahir üstünə getdiyini görüb qaçıb getmək istəmiş, Mahir qaçmaq istəyərkən ayaqı ilişərək yerə yıxılmış, o, Mahirin yerə yıxıldığını görəndən sonra ona yaxınlaşmayaraq qayıdıb avtomobilinə əyləşərək avtomobilini işə salıb çıxıb getmişdir. Həmin günün səhəri də Mahir onun atası Habilə zəng edərək ona axşam oğlu Zahid onun avtomobilini əzdiyini demişdir. Mahir bu sözü onun atası Habilə deyərkən o evlərində olmamışdır. Atası Habil ona zəng edib bu barədə maraqlanarkən axşam Mahirlə aralarında mübahisələri olduğunu, lakin onun avtomobilinin əzilməsini bilmədiyini demişdir. Atası Habil ona zəng edən günün səhəri də Cəlilabad rayon polis şöbəsinin əməkdaşı ona zəng edərək onu polis şöbəsinə dəvət etmiş, səhəri günü polis şöbəsinə gələrək Mahir onun barəsində polis şöbəsinə şikayət etdiyini bilmişdir. X8 Əliyevi vurmadığını və onun avtomobilinə zərər vermədiyini bildirib, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Qarakazımlı kəndində yaşayaraq həmin kənddə tam orta məktəbdə uşaq birliyi təşkilatı rəhbəri vəzifəsində işləyir. «KİA RİO» markalı, ** EF *** dövlət nömrə nişanlı avtomobili vardır. 16 iyun 2023-cü il tarixdə axşam vaxtı idarə etdiyi avtomobillə Cəlilabad şəhərindən yaşadığı kəndə getməyə başlamış, yolda hərəkətdə olarkən onun idarə etdiyi avtomobildən qarşıda eyni istiqamətə «Kamaz» markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobil hərəkət etmişdir. «Kamaz» markalı avtomobil yolun mərkəzi hissəsi ilə hərəkət etmiş, o, həmin avtomobili ötmə əməliyyatı aparıb keçmək üçün avtomobilinin uzaq vuran işıqlarını yandırıbsöndürərək sonra da siqnal verərək «Kamaz» markalı avtomobilin sürücüsünə yolun sağ hərəkət hissəsinə çıxmasını və ötmə əməliyyatı apara bilməsi üçün işarə vermişdir. Avtomobilinin işığını yandırıb söndürərək siqnal verəndən sonra «Kamaz» markalı avtomobil sağa çıxmış, sonra o, ötmə əməliyyatı apararaq keçib getmişdir. Təxminən 300 metr qarşıya gedəndən sonra saat 23:30 radələrində Cəlilabad rayonu Gülməmmədli kəndi ərazisində yoldan təxminən 10-15 metr aralıda yerləşən mağazanın qarşısına dönüb dayanaraq mağazadan evləri üçün ərzaq malları almaq istəmişdir. O,avtomobilinin qapısını açıb yerə düşəndən sonra həmin «Kamaz» markalı avtomobil də gəlib onun yanında dayanmışdır. Sonra avtomobilin sürücüsü əvvəllər tanıdığı rayonun Moranlı kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zahid avtomobildən yerə düşüb ona arxadan gələrək niyə görə avtomobilinin işığını yandırıb-söndürdüyünü və sonra da ona siqnal verib keçdiyini xəbər almışdır. O da Zahidə avtomobili yolun orta hissəsi ilə idarə etdiyini və ötmə əməliyyatı apara bilməyəcəyi üçün avtomobilinin uzaq vuran işığını yandırıb-söndürərək siqnal verdiyini və ona yolun sağ hərəkət hissəsinə çıxmasına işarə etdiyini demişdir. Onun bu sözündən sonra Zahid ona qarşı ucadan nəlayiq söyüşlər söymüş, o isə Zahidi sakitləşdirmək istəmiş, sonra Zahid avtomobilinə tərəf getmiş, o isə Zahidin gedib avtomobilinə minib çıxıb gedəcəyini düşünmüşdür. Lakin Zahid gedib avtomobilinin sol qapısını açaraq kabinadan balta götürüb qayıtdığını görmüş, Zahid əlində balta onun yanına gəlib çatan kimi balta ilə onu vurmaq istəyərkən o geri çəkilmiş, geri çəkilsə də Zahid onun üstünə gələrək baltanın arxa hissəsi ilə onu vurmaq istəyərkən sol qolunu qarşıya verərək müdafiə olunmaq istəmişdir. Həmin vaxt Zahid baltanın arxa hissəsi ilə onun sol qolundan və əlindən zərbələr vurmuş, Zahid ona zərbə vurarkən o çevrilib qaçmaq istəmiş, həmin vaxt Zahid baltanın arxa hissəsi ilə onun kürəyinə də bir neçə dəfə vurmuşdur. Bundan sonra bir qədər kənara qaçıb Zahiddən uzaqlaşmış, sonra Zahid qayıdıb avtomobilinə əyləşərək avtomobilini hərəkətə gətirib avtomobilinin qabaq sağ bufer hissəsi ilə onun avtomobilinin sol arxa hissəsini qəsdən vurub əzərək çıxıb getmişdir. Həmin vaxt səsə oraya digər şəxslərində yığışdığını görümüş, lakin kim olduqlarını bilməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək onun hərəkətləri barədə məlumat vermiş, 17 iyun 2023-cü il tarixdə də Cəlilabad RPŞ-nə gəlib şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Gülməmmədli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin kənd ərazisində yolun kənarında mağazası olmaqla həmin mağazası yaşadığı evindən təxminən 70 metr arxada yerləşir. Cəlilabad rayonu Qarakazımlı kəndində yaşayan Zərərçəkmiş şəxs təxminən 7-8 ay əvvəldən tanımış, Mahir bəzi vaxtlarda gəlib onun mağazasından alver etmişdir. 16 iyun 2023-cü il tarixdə saat təxminən 23:30 radələrində o, mağazasında olarkən Mahir idarə etdiyi «KİA RİO» markalı avtomobili ilə gəlib avtomobilini onun mağazasının qarşısında saxlayaraq avtomobildən düşüb ondan mağazasında un olub-olmadığını soruşmuş, o da mağazasında un olmadığını Mahirə demişdir. Bundan sonra Mahir onun mağazasından çıxıb avtomobilinə tərəf gedərkən “Kamaz” markalı avtomobil gəlib onun avtomobilinin yanında dayandığını görmüşdür. Sonra Mahirlə həmin Kamaz markalı avtomobilinin sürücüsü arasında mübahisə yarandığını eşitmiş, lakin onlar niyə görə mübahisə etdiyini bilməmiş və onların yanına getməmişdir. Sonra gec olduğu üçün mağazasını bağlayıb yaşadığı evə getmiş, gedərkən Mahirlə Kamaz markalı avtomobilin sürücüsü orada qalmışdır. Həmin vaxt səsə oraya digər şəxslərində yığışdığını görümüş, lakin kim olduqlarını bilməmişdir. Bundan 2-3 gün sonra isə həmin günü onun mağazasının qarşısında həmin Kamaz markalı avtomobilin sürücüsünün Mahiri döydüyünü, idarə etdiyi avtomobillə də Mahirin avtomobilini vuraraq əzdiyini eşitmiş, lakin onların nəyə görə mübahisə etdiklərini, Kamaz markalı avtomobilin sürücüsü də Mahirin avtomobilini nəyə görə əzdiyini bilməmiş, Kamaz markalı avtomobilin sürücüsünün adı da Zahid olduğu və Cəlilabad rayonunun Moranlı kəndindən olduğu ona sonradan məlum olmuşdur. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Cəlilabad rayonu Gülməmmədli kəndi ərazisində yolun kənarında yerləşən mağazanın qarşısında baş vermişdir. İş materiallarında olan 17 iyun 2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs oğlnun avtomobilinin sol yan hissəsini əzilmişdir. İş materiallarında olan mütəxəssis aktından görünür ki, Zərərçəkmiş şəxs «KİA RİO» markalı ** EF *** dövlət nömrə nişanlı avtomobilinin hissələri əzilməsi nəticəsində ona 608 manat maddi ziyan dəymişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 iyun 2023-cü il tarixli 506 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol əlin ovuc səthində və sol mil-bilək oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhtudluğu, sol bazu, sol said və hər iki kürək nahiyəsində qançırlar, sol bazu və sol said nahiyəsində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 16 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Qarakazımlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş, arayış və xasiyyətnamədən görünür ki, Qarakazımlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi- arvadı X2, xx.xx.2016-cı il təvəllüdlü oğlu X3, xx.xx.2017-ci il təvəllüdlü oğlu X4 və xx.xx.2019-cu il təvəllüdlü qızı X1 ibarət olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İşdə olan “Cəbrayılın azad olunması”, “Qubadlının azad olunması” və “Cəsur döyüşçü” vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə bütün bu qeyd edilənləri araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması ilə bağlı göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadəsi və iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi biri-digərinə uyğun gəlir, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 3 az yaşlı uşağının olması, müharibə iştirakçısı olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CMnin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzanın təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, barəsində olan yüngülləşdirici hallar onun islah yoluna qədəm qoymasına dəlalət edir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə probasiya idarəsinə (şöbəsinə) məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə mülki icraat qaydasında müraciət etmək hüququ izah olunsun. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-27/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-27/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver